525.Az

Nigar Rəfibəylinin çiçək ətirli poetik dünyası - Mina Rəşid


 

Nigar Rəfibəylinin çiçək ətirli poetik dünyası - <b style="color:red">Mina Rəşid </b>

Ömrümü güllərə məftun yaşadım,
Gülü, bənövşəni, nərgizi sevdim...
Gecə qaranlıqda üşüdü qəlbim,
Səhəri, işığı, gündüzü sevdim.

Bu yazımın qəhrəmanı unudulmaz şairimiz, əsərlərinin içərisindən bahar təravəti ilə boylanan, şeirləri çiçək ətrinə bürünən Nigar Rəfibəylidir. Söz vaxtına çəkər, deyirlər, indi də bahar fəslidi, çiçəyin, gülün könül taxtına çıxan vaxtıdı...

Pəncərəmin önündə bir ağac
    puçurladı, yarpaq açdı
        aram-aram...
Üzərinə qar kimi töküldü
    ağ çiçəklər
    səhər-axşam... ("Bahar lövhəsi")

Nigar xanımın şeirlərindəki rəngarəng çiçəklərin hərəsi öz dilində nəğmə deyir və oxucusuyla doğmalaşır...

Güllər çiçək kimidir,
Saçı ipək kimidir,
Gül də onun yanında
Bir az qəşəng kimidir.

Bu şeirə bəstəkar Emin Sabitoğlunun bəstələdiyi "Güllər" mahnısını kim dinləməyib ki... Kövrək səsli, unudulmaz müğənnimiz Şövkət Ələkbərovanın ifasında bu mahnı uşaqlıqdan yaddaşımıza hopub və hələ də ana laylası kimi könlümüzü oxşayır...

Nigar xanımın çiçəkləri sanki insan kimi gülümsəyir, onlar da kövrəlir və qəribsəyir. Ona görə də müəllif söyləyir ki:

Gəldim çiçəklərlə vidalaşmağa
Gördüm ki, yaşlıdır gözü güllərin.
Bəlkə, gileylidir, şikayəti var,
Bəlkə vardı mənə sözü güllərin.

Adətən, əksər müəlliflər təbiət gözəlliyini ürək genişliyi ilə vəsf edir, ancaq insanlara gələndə od püskürürlər. Sanki ömür boyu heç bir yaxşı adama rast gəlməyibər. Axı güllər arasında da tikanlar az deyil. Amma Nigar xanım gülü tikandan seçməyi bacarıb. Çünki o, insanları təmənnasız məhəbbətlə sevirdi...

O, güllər içində ağ çiçəklərə könül vermişdi. Ağ rəng təmizliyin, saflığın nişanəsidir. Bu da Vətəni, insanı, təbiəti təmiz bir ürəklə sevmək deməkdi...

Ömrümün-günümün yar-yaraşığı,
Al-əlvan geyimli dağ çiçəkləri.
Niyə əziz tutdu könlüm, bilmirəm,
Çiçəklər içində ağ çiçəkləri.
 

Nigar xanım düşünürdü ki,

...Ürək geniş olarsa,
   xəyal dərin olarsa,
Nə arzular ölər,
nə fikir sönər,
Könüldə bir işıq,
   bir atəş varsa-
Balaca bir mətbəxdən də
  böyük bir dünya görünər...

Yəni baxmaqla görmək ayrıdı... Elə ona görə də:

Ömrün uzunluğu bəs deyil, ömrün
Mənalı keçməsi bir səadətdir.
deyir...

Mən
  yuxuda durna oluram gecələr,
   çırpıb qanadlarımı
     yerdən üzülürəm... ("Durna")

Deyirlər, əsl şair göyadamıdı... O, xırda hisslərin əsiri olan adamların arasından hərdən qanadlanıb uçmasa, yaşaya bilməz yəqin ki...

Məni hər görəndə
  özündən dedin...
Özündən danışdın
  baharda, qışda,
İnsanı ucaltmır
  özünü öymək,
Ucalmır inan ki,
  bircə qarış da...


O isə xöşbəxt insan və işıqlı bir şairdi. Və bu xöşbəxtlik insanın həm də öz əlindədir axı. Tikanlar arasında könlünü çiçəklərə vermək kimi...

Göy çəməni, axar suyu,
İlk baharı sevməsəydim,
Xoşbəxt ola bilərdimmi
İnsanları sevməsəydim?!

... Nigar xanımla bağlı yazı yazmağa, düzü, onun uşaq şeirlərinə görə qərar vermişdim. Amma yaradıcılığı ilə daha geniş tanış olduqdan sonra gördüm ki, bu şeirlərdə bir uşaq saflığı var və çiçək ətri oxucunu sanki müşayiət edir... Elə uşaq şeirlərindən də çiçəklər boylanır...

N.Rəfibəylinin 35 kitabı arasında "Balaca qəhrəman", "Günəşin cavabı", "Məstanın balaları" və "Bizə bahar yaraşır" adlı uşaq kitabları da var. Bu da çox təbiidi. Əslində, onun şeirlərinin içərisində olan uşaq şeirləri bəlkə bu kitablardakından da artıqdır. Bu da onun şair ruhundan irəli gəlir. Yəni sözü incəliklə demək bacarığından... Yəqin elə bundandır ki, tanınmış italyan bəstəkarı Franko Manino "Məhəbbət kantatası"nda onun lirikasından istifadə edib.

Akademik Bəkir Nəbiyev Nigar Rəfibəylinin seçilmiş əsərlərindən ibarət olan kitaba yazdığı "Sahilsiz dəniz" adlı ön sözündə belə deyir: "...Mətbəx pəncərəsi küçəyə, onun könül aləminin pəncərəsi isə dünyaya, canlı aləmə açıq idi... O qədim bir xalqın şair övladı, şair anası idi..."

Mən sənin torpağından
Boy atmışam, Vətənim...
Dirçəlmişəm, qalxmışam
Dənli sünbül olmuşam.

Qəlbi çiçək qədər təmiz, sahilsiz dəniz kimi geniş olan Nigar xanım Rəfibəyli çox sevdiyi çiçək dünyası ilə hər bahar yenidən doğulur...

Axı
Dünyanın hamıya çatar günəşi,
Suları, havası odu, atəşi...

Mina RƏŞİD

 





19.04.2019    çap et  çap et