525.Az

"Sənətimi heç nəyə dəyişmədim"


 

LƏNKƏRAN DÖVLƏT DRAM TEATRININ APARICI SƏHNƏ USTASI, XALQ ARTİSTİ QABİL QULİYEVİN 70 YAŞI TAMAM OLUR

"Sənətimi heç nəyə dəyişmədim"<b style="color:red"></b>

- Qabil müəllim, bilirik ki, aktyorluq sənətinə həvəsiniz orta məktəb illərindən baş qaldırıb. Bu barədə ətraflı məlumatı öz dilinizdən eşitmək daha maraqlı olardı.

- Mən 70 il öncə Cəlilabad rayonunun Tahirli kəndində doğulmuşam. Hələ Cəlilabad şəhər 1 saylı orta məktəbdə oxuduğum vaxtlardan Pionerlər evində fəaliyyət göstərən dram dərnəyinin məşğələlərinə getmişəm. Burada bədii qiraət gecələrində, eləcə də Cəfər Cabbarlının "1905-ci il" əsərində ilk dəfə səhnəyə çıxmışam. Orta məktəbi bitirərək sənədlərimi Neft Sənayesi Məktəbinə verib yüksək qiymətlərlə bu təhsil ocağına daxil oldum. Bir müddət istehsalatda çalışdıqdan sonra 1968-ci ildə ürəyimin istəyi ilə sənədlərimi Teatr İnstitutuna təqdim etdim.

İndiyə kimi yadımdadır, qabiliyyət imtahanında Əliheydər Ələkbərov, Rza Təhmasib, bəstəkar Şəfiqə Məmmədova kimi tanınmış sənət adamları əyləşmişdi. Məndən nə etüd istədilər, nə də ritmimi yoxladılar, soruşdular ki, nə hazırlamısan? Dedim, Mikayıl Müşfiqin bir şeirini, bir də Maksim Qorkinin "Fırtına quşu"ndan bir parça hazırlamışam. Mənə qulaq asandan sonra dedilər ki, daha bu abituriyentdən ayrı şey soruşmaq lazım deyil. Yeganə abituriyent idim ki, imtahanların hamısından beş almışdım. Beləcə mən instituta daxil olub Əliheydər Ələkbərovun kursunda oxudum.

Tələbəlik illərində Akademik Dram Teatrında yardımçı aktyor heyətində çalışmaqla bu böyük sənət ocağında əsl təcrübə keçdim. Ali məktəbi başa vurandan sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrına təyinat aldım. Lakin bu təyinat ürəyimdən olmadığından könüllü olaraq həqiqi hərbi xidmətə yollandım. Əsgərlik dövründə Moskvadakı hərbi kino bazasında kütləvi səhnələrin çəkilişlərinə qatıldım, kaskadyorluq sənətinin sirlərinə yiyələndim. Bir ildən sonra hərbi xidmətimi başa vurub vətənə döndüm. 1973-cü ilin dekabrında xüsusi sərəncamla Lənkəran Dövlət Dram Teatrında aktyor truppasına qəbul olundum. Fəxr edirəm ki, bütün uğurlarımı məhz bu sənət ocağında qazanmışam. Bir-birindən maraqlı obrazlar yaratmışam. İndiyəcən teatrda 200-dən çox dram əsəri tamaşaya qoyulub. Sevinirəm ki, illəri hədər yerə keçirməmişəm, 130-a yaxın tamaşada, eləcə də 10-dan çox bədii filmdə iştirak etmişəm. Bu gün iftixarla deyə bilərəm ki, C.Məmmədquluzadənin "Ölülər" və Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən" əsərlərində oynadığım Kefli İsgəndər və Mirzə rolları bütün Azərbaycan tamaşaçılarının rəğbətini qazanıb. Respublika televiziyası dəfələrlə bu klassik əsərlərin tamaşasını nümayiş etdirib və indi də bu tamaşalar "Qızıl fond"da saxlanılır.

- Yaxınlarınız, tanışlarınız sizi çox ciddi adam kimi tanıyırlar...

- Bəli, həqiqətən də  çox zaman mənə deyirlər ki, ciddiliyi, rəsmiliyi xoşlayıram. Guya, bu keyfiyyətlər aktyorluqla bir araya sığmır. Fikrimcə isə aktyor nə qədər xaraktercə ciddi olsa, bir o qədər yaxşıdır. Vallah, mən bu ciddilikdən, rəsmilikdən heç vaxt ziyan görməmişəm. Oqtayı ("Oqtay Eloğlu" C. Cabbarlı), Qacarı ("Vaqif" S. Vurğun), İsgəndəri ("Ölülər" C. Məmmədquluzadə) necə qeyri-ciddi qəbul edəsən? Axı, Mirzə Cəlilin yaratdığı Kefli İsgəndər təkcə gülüş hədəfi deyil, həm də ciddi insan obrazıdır. Cəmiyyətin  nadanlığı, avamlığı onu məcbur edib ki, özünü axmaq yerinə qoysun, kimlərisə başa salsın, anlatsın...

- Lənkəran teatrında klassik əsərlərə daha çox müraciət olunur. Hər il burada tamaşaya qoyulan belə səhnə əsərlərində baş rolu bir qayda olaraq sizə həvalə edirlər...

- Əgər hər hansı bir teatr sözün əsl mənasında aktyor yetişdirmək istəyirsə, ilk növbədə klassik ədəbiyyata müraciət etməlidir. Çünki klassik ədəbiyyatın hər bir nümunəsi sənətkar yetişdirən bir tərbiyə məktəbidir. Burada çox güclü tələblər, hər hansı dramaturgiyadan adi qaydada baş çıxaran adam üçün gözəl materiallar var. Teatrın inkişafında, aktyorun yetişməsində klassik əsərlərin rolu danılmazdır. Məhz bu səbəbdən yaradıcı kollektivimiz klassik əsərlərə daha çox üstünlük verir.

- Sizin qənaətinizcə, bugünün tamaşaçısı teatrdan nə umur?

- Bugünkü tamaşaçı hər şeydən öncə teatrdan həyat reallıqlarını özündə əks etdirən tamaşa arzusundadır. Tamaşaçı özünün ürək edib dilinə gətirə bilmədiyini səhnədə aktyorun dilindən eşitmək istəyir. Teatr tribunadır. Bir var, sözü çayxanada deyəsən, bir də var səhnədən. Səhnədən deyilən sözün gücü daha çoxdur. Tamaşaçı ürəyində fikirləşdiyi problemlərin səhnədən deyildiyini eşidincə, öz dərdinin dərmanını tapmaq üçün teatra gələcək və onu qəbul edəcək. Azərbaycanın incəsənət növlərini təqlid etsək, görərik ki, rok da, caz da, rep də var. Ancaq bütün bu sənət növləri hansı xalqa mənsub olursa-olsun, həmin xalqın mədəniyyəti əsasında formalaşır. Bu o demək deyil ki, mən başqa millətlərin mədəniyyətini qəbul etmirəm. Mənim müasir mədəniyyətim, incəsənətim qədim köklər üstə formalaşmalıdır. Müasirlik o deyil ki, mən keçmişimin üstündən xətt çəkim.

- Hazırda teatrınızda vəziyyət necədir? Nə kimi planlarınız var?

- Yaradıcılıq işlərimizi əvvəlki istək və həvəslə davam etdirməkdəyik. Baş rejissorumuz, əməkdar incəsənət xadimi Oruc Qurbanovun quruluşunda qırğız dramaturqu Mar Baciyevin "Şənbə axşamı" tragikomediyasının məşqlərini artıq başa çatdırmışıq. 70 illik yubileyimə həsr edilmiş bu tamaşanın mövzusu aktual olmaqla yanaşı, eyni zamanda, ruhumuza çox yaxındır. Buradakı mənəvi prinsiplər  hüquqi qanun-qaydalarla deyil, insan cəmiyyətinin əxlaqi xüsusiyyətləri ilə tənzimlənir. "Şənbə axşamı"nda mən Kuruçbəy rolunda çıxış edirəm. Yaxın vaxtlarda tamaşanın təqdimatını keçirəcəyik.  Bundan əlavə, gənc istedadlı rejissor Emil Əskərov teatrın repertuar planına uyğun olaraq hazırda serb dramaturqu Miodraq Bulatoviçin "Qodo gəldi" əsərinin məşqlərini aparır. İrandan dəvət olunmuş rejissor Qərib Mənuçehri isə B.Beyzayinin "Senemar" əsərini tamaşaya hazırlayır. Hər iki səhnə əsərində əsas rolların ifası mənə həvalə olunub. Cari ildə həmçinin, C.Cabbarlının "Vəfalı Səriyyə", V.Əlixanlının "Dənizə baxan pəncərə", Əli Əmirlinin "Ünvansız qatar" əsərlərini də tamaşaya qoymağı planlaşdırmışıq.

- Qabil müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında 11 mart 2019-cu il tarixli Sərəncamı kollektivinizdə necə qarşılandı?

- Prezidentimizə ürəkdən minnətdarıq, dövlətimizin başçısından Allah razı qalsın, çox təqdirəlayiq bir Sərəncam imzaladı. Bütün işçilərimizin əmək haqqı martın 1-dən 50 faiz artıb. Biz də öz növbəmizdə çalışacağıq ki, əməli işimizlə, yəni tamaşalarımızla göstərilən bu qayğının cavabını yüksək səviyyədə qaytaraq. Bundan öncə isə ölkə prezidentinin imzaladığı digər Sərəncamla bölgələrdə faəliyyət göstərən 6 teatra, o cümlədən, Lənkəran Dövlət Dram Teatrına 100 min manat dövlət büdcəsindən birdəfəlik yardım ayrılıb.

- Bu 70 illik yubiley günlərində özünüzə hansı sualı verərdiniz?

- Bütün ömrünü aktyor sənətinə həsr etməyə dəyərdimi?

- Sizcə, dəyərdimi?

- Mənim müxtəlif peşə sahələrinə, dünyanın hər hansı ölkəsinə getməyə  həmişə geniş imkanlarım olub. Amma mən sənətimi heç nəyə dəyişmədim.

Ağaddin BABAYEV
Lənkəran

 





19.04.2019    çap et  çap et