525.Az

İsmayıl Şıxlı haqqında kitab və elektron məlumat bazasının təqdimatı oldu - Fotolar


 

İsmayıl Şıxlı haqqında kitab və elektron məlumat bazasının təqdimatı oldu - <b style="color:red">Fotolar</b>

Aprel ayının 19-da Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir və Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının, “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru prof Kərim Tahirov açaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirildiyini söyləyib.

Ədibin həyat və yaradıcılığı haqqında geniş söhbət açan K.Tahirov İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən, Azərbaycanın milli mənəvi dəyərlərini ön plana çıxaran yazıçılardan olduğunu bildirib.

Professor çıxışında Milli Kitabxananın da öz növbəsində “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabını və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasını hazırlayaraq geniş ictimaiyyətə təqdim etdiyini qeyd edib.

O, ədəbiyyatşünaslar, gənc tədqiqatçılar, ümumiyyətlə geniş oxucu kütləsi üçün nəzərdə tutulan biblioqrafiyada ədibin həyat və yaradıcılığını əks etdirən bütün nəşrlər – kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, eyni zamanda İsmayıl Şıxlının dünya kitabxanalarında toplanan əsərləri, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin Fondunda mühafizə olunan arxiv materiallarının da əhatə olunduğunu, bununla yanaşı İsmayıl Şıxlının təkcə Azərbaycanda deyil, bütün dünyada yazıçının yaradıcılığı, onun ədəbi irsi ilə maraqlananlar üçün “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının hazırlandığını və Milli Kitabxananın saytı vasitəsi ilə bütün dünyaya yayımlandığını bildirib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxış edərək İsmayıl Şıxlının tələbəlik dövründən ilk hekayələrini yazdığını, onun yaradıcılığında nəsr əsərləri ilə yanaşı publisistikanın əhəmiyyətli yer tutduğunu, müasir publisistik təfəkkürümüzün formalaşması və inkişafında müəyyən rol oynadığını, obrazlı düşüncəsi və demokratik emosiyası ilə onun sərhədlərinin genişləndirdiyini bildirib.

Xalq şairi Nəriman Həsəndə çıxış edərək böyük yazıçının zəngin ədəbi fəaliyyəti ilə yanaşı, onun ictimai fəaliyəti haqqında da geniş söhbət açıb. N.Həsənzadə bildirib ki, İsmayıl Şıxlının yaratdığı bütün obrazlarda sanki öz şəklini çəkib, müxtəlif insani keyfiyyətlərini göstərib.

Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək Milli Kitabxananın kollektivinə və rəhbərliyinə İsmayıl Şıxlı haqqında belə fundamental biblioqrafiyanın hazırlanıb, ərsəyə gəlməsindəki xidmətlərinə görə dərin minnətdarlığını bildirib və bu kitabın onun ruhuna böyük ehtiram olduğunu söyləyib. T.Rzayev çıxışında böyük insan, böyük yazıçı, gözəl pedaqoq olan İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatında daim yaşayacaq və onun yaratdığı “Dəli Kür” romanı nəinki Azərbaycan ədəbiyyatında, hətta dünya ədəbiyyatındakı şah əsərlərdən biri olduğunu söyləyib.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya Fakultəsinin dekanı, professor Buludxan Xəlilov Azərbaycan ədəbiyyat mühitinin XX yüzillikdə yetirdiyi nəhəng şəxsiyyətlərindən biri İsmayıl Şıxlının zəngin ədəbi fəaliyyəti ilə yanaşı, yazıçının ictimai fəaliyyəti haqqında geniş söhbət açaraq yazıçının ilk dəfə ədəbiyyata “Quşlar” şeiri ilə gəldiyini, bundan sonra isə nəsrə keçərək bir-birindən maraqlı nəsr əsərləri yaratdığını qeyd edib. Professor İsmayıl Şıxlının pedaqoji fəalliyyətindən geniş danışaraq onun müəllim kimi qeyri-adi bir şəxsiyyət olduğunu vurğulayıb.       

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək İsmayıl Şıxlının görkəmli şəxsiyyət olduğunu, onun yazdığı əsərlərin bir tarixə çevrildiyini bildirib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, tənqidçilər Vaqif Yusifli, Məti Osmanoğlu, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, professor Əlizadə Əsgərli və digər tədbir iştirakçıları böyük yazıçı haqqında xoş xatirələrindən söhbət açıb və Milli Kitabxana tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas, publisist, yazıçı, tərcüməçi, pedaqoq, ssenarist İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyanın ədəbiyyatşünaslar, gənc alimlər, elmi tədqiqatçılar, oxucular üçün dəyərli mənbə olacağanı, onların stolüstü kitabına çevriləcəyini bildiriblər.

Ailə adından yazıçının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək Azərbaycan prezidentinə, Milli Kitabxananın kollektivinə və tədbir iştirakçılarına İsmayıl Şıxlı yaradıcılığına verilən dəyərə görə öz təşəkkürünü bildirib.

Sonda Milli Kitabxananın əməkdaşı tərəfindən “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının təqdimatı olub.

 





19.04.2019    çap et  çap et