525.Az

Moskva danışıqları: Ümid, yoxsa ümidsizlik?


 

AZƏRBAYCAN ÖZ QƏTİYYƏTLİ ADDIMLARI İLƏ ERMƏNİSTANI ƏVVƏLKİ MÖVQEYİNDƏN GERİ ÇƏKİLMƏYƏ MƏCBUR ETDİ

Moskva danışıqları: <b style="color:red">Ümid, yoxsa ümidsizlik?</b>

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in həmsədr ölkələrinin nümayəndələrinin iştirakı ilə Moskvada keçirilən görüşü müəyyən məqamlarla irəliyə atılmış addım olsa da, ancaq məsələnin həllinə hərtərəfli zəmin yaratmır. Çünki keçirilən bu kimi görüşlərdən sonra Ermənistanın rəhbərləri, yüksək rütbəli hərbçiləri, müəyyən siyasi dairələri bir-birinə zidd olan fərqli fikirlər səsləndirir və münaqişənin gərginləşdirilməsinə səbəb ola biləcək bəyanatlar verirlər. Bu mülahizələr Ermənistanın ayrı-ayrı dairələr tərəfindən idarə olunduğunu göstərir və onun acınacaqlı vəziyyətindən xəbər verir".

Bunu "525"ə açıqlamasında millət vəkili Tahir Rzayev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada baş tutan görüşünə və bu görüşdən sonra verilən bəyanatların, ilkin razılaşmaların Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamasına münasibətini bildirərkən deyib.
 
O qeyd edib ki, əlbəttə, Qarabağ münaqişəsi zəminində hakimiyyətə gələn və bu fonda hakimiyyətini qoruyub saxlamağa cəhd edənlər ölkənin çıxılmaz vəziyyətə düşməsinin, kimlərinsə quluna çevrilməsinin fərqində deyillər: "Onlar populist çıxışlarla, millətçi bəyanatlarla xalqı ələ alamağa, sakitləşdirməyə, ümidləndirməyə çalışırlar. Ermənistanın baş naziri Paşinyanın, eləcə də müdafiə nazirinin, ayrı-ayrı millətçi şəxslərin çıxışları da məhz bu məqsədə xidmət edir. Ancaq reallıqlar başqa nəticələri göstərir, yəni Ermənistanın iqtisadi, siyasi, mənəvi böhran içərisində yaşamasından, xalqın keçmiş və indiki ölkə rəhbərlərinə nifrətindən, etimadsızlığından xəbər verir. Azərbaycanın iqtisadi inkişafından və hərbi qüdrətindən xəbərdar olan erməni xalqı müharibə başlayarsa, hansı bəlalara düçar olacağını yaxşı anlayır. Bu səbəbdən də onların çoxu müharibə istəmir, orduya övlad verməkdən imtina edir, ölkənin acınacaqlı vəziyyəti haqqında acıq-aşkar bəyanatlar səsləndirirlər. Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır və bu səbəbdən ATƏT-in, beynəlxalq təşkilatların vasitəçiliyindən, hər hansı görüşlərdən imtina etmir. Ancaq bu görüşlər səmərəli olmalı, münaqişənin gələcək həlli üçün imkanlar yaratmalıdır. Əks təqdirdə, hərbi yolun seçilməsi qaçılmazdır. Bunu erməni xalqı və rəhbərləri yaxşı anlamalıdırlar".

Millət vəkili, politoloq Aydın Mirzəzadə isə öncə qeyd edib ki, Azərbaycan öz qətiyyətli mövqeyi və addımları ilə Ermənistanı əvvəlki mövqeyindən geri çəkilməyə məcbur etdi. "Ermənistan təkid edirdi və hər vəchlə çalışırdı ki, danışıqlar Azərbaycanla onun işğal etdiyi zona arasında keçirilsin. Ancaq Azərbaycan qətiyyəti Ermənistanı sonda məcbur etdi ki, yenidən danışıqlar stolu arxasında əyləşsin.

İkincisi, yeni hakimiyyət sosial məsələlər dalğasında hakimiyyətə gəldiyinə görə əhalinin sosial durumunu yaxşılaşdırmalıdır. Amma artıq yeni hökumət onu da yaxşı dərk edir ki, Dağlıq Qarabağ problemini həll etmədən bu, mümkün deyil. Ona görə də Dağlıq Qarabağ problemini istənilən formada həll etməlidir.

Üçüncüsü, Moskva danışıqlarının hələlik elan edilən nəticəsi bundan ibarətdir ki, müəyyən humanitar əlaqələr bərpa ediləcək. Bu, əsirlikdə və həbsdə olan Azərbaycan və Ermənistan vətəndaşlarının yaxınlarının qarşılıqlı surətdə onları ziyarət etməsidir. Bu, hər iki ölkə rəsmilərinin, ziyalılarının, jurnalistlərinin müəyyən məhdud sayda qarşılıqlı şəkildə səfər etməsidir. Mən ehtiyat edirəm ki, Ermənistan müəyyən müddətdən sonra bu öhdəliyindən də imtina edə. Ona görə ki, Azərbaycandan fərqli olaraq, Ermənistanın Azərbaycan nümayəndələrinə göstərməyə heç nəyi yoxdur. Ermənistan jurnalistləri və yaxud övladları ölkəmizdə həbsdə olan erməni valideynləri Azərbaycana gələrkən burada inkişaf etmiş ölkə, stabillik, abad şəhərlər, müasir tələblərə cavab verən kommunikasiya, gələcəyə ümid, Azərbaycan xalqının qətiyyətini görəcəklər. Hansı ki, bunların heç biri Ermənistanda yoxdur. Bunlar o ruhu Ermənistan cəmiyyətinə aparacaqlar, gördüklərini danışacaqlar. Rəsmi erməni mətbuatı təbii ki, bunları verməyəcək, amma istər-istəməz mətbəx söhbətləri, siyasi söhbətlər, qonşu söhbətləri Azərbaycan həqiqətlərini Ermənistana cəmiyyətinə çatdıracaq.

Mümkündür ki, müəyyən dövrdən sonra Ermənistan bunun qarşısını almaq üçün bu əlaqələrdən imtina etsin. Eyni zamanda, vacib bir məqam odur ki, Azərbaycan rəsmiləri danışıqlar barədə vaxtaşırı Azərbaycan cəmiyyətini məlumatlandırır. Cənab prezident Azərbaycanın mövqeyi və danışıqların gedişatı barədə vaxtaşırı ictimaiyyəti məlumatlandırır. Digər tərəfdən yaxşıdır ki, Azərbaycan ictimaiyyəti hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayır. Bu onu göstərir ki, Dağlıq Qarabağ məsələsi bir qrupu narahat edən məsələ deyil, bu, on milyonu narahat edən bir məsələdir. Bu qətiyyətimizlə, bu birliyimizlə də problemi həll etməyimiz mütləq mümkün olacaq" - deyə A. Mirzəzadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





20.04.2019    çap et  çap et