Tarixin müxtəlif dövrlərində olduğu kimi, 1918-1920-ci illərdə də Naxçıvan əhalisi erməni quldur dəstələrinin hücumlarına məruz qalıb, amma məğlub olaraq fərar ediblər.
1999-cu ilin 4 fevralında, hələ o dövrdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd edilməsi haqqında verdiyi xüsusi fərmanında Naxçıvanın qədim və müasir tarixinin, mədəniyyətinin, onun qəhrəmanlıq ənənələrinin, böyük şəxsiyyətlərinin dərindən və ətraflı öyrənilməsini bir vəzifə olaraq qarşımıza qoymuşdur. Bu fərman sayəsində vaxtilə sovet dövründə, kommunist rejimində yazılmasına və deyilməsinə imkan verilməyən, daim xalqdan gizli saxlanılan sənədlərin, tarixi hadisələrin və xatirələrin yazılıb geniş xalq kütləsinə çatdırılmasına əlverişli imkan yaranıb.
Məlum bir həqiqətdir ki, "Böyük Ermənistan" yaratmaq ideyasını gerçəkləşdirmək üçün ermənilər 1918-1920-ci illərdə Azərbaycanın başqa bölgələrində olduğu kimi, Naxçıvanda da türk-müsəlman əhalisini qırıb yox etmək cəhdi ilə qanlı cinayətlər törətmişlər.
Naxçıvanda yaşayıb, boya-başa çatmış 1903-cü il doğumlu, bir çox hadisələri öz gözləri görmüş, şahidi və iştirakçısı olmuş Lətif Hüseynzadə 1930-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olmuş, uzun illər İrəvanda, Naxçıvanda, Bakıda müəllimlik etmiş, "Əməkdar müəllim", dosent adına layiq görülmüş, Türkiyə-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində türk ordusunun, Şərq cəbhə komandiri general Kazım Qarabəkir Paşanın qəhrəmanlıq şücaətlərinin təbliği sahəsində xidmətlərinə görə Türkiyənin "Türk Kara Küvvetleri Komutanlığı" ordeni ilə təltif olunmuş, 106 il mənalı həyat sürmüş, tariximiz, ədəbiyyatımız, mədəniyyətimizə dair dəyərli kitablar, memuarlar, xatirələr yazmışdı.
Ulu öndərimiz Heydər Əliyev Lətif Hüseynzadənin elm, maarif və pedaqoji fəaliyyət sahəsində göstərdiyi xidmətlərini yüksək qiymətləndirmiş, ilk dəfə olaraq müəllimə verilən Vətənin ən yüksək ordeni - "İstiqlal" ordeni ilə onu təltif etmiş və demişdi: "Lətif Hüseynzadə özü bir tarixdir"!
Lətif Hüseynzadənin "Araz şahiddir. Türk ordu generalı Kazım Qarabəkir Paşa Naxçıvanda" adlı kitabınn təkrar nəşri (2018, ADPU nəşriyyatı. Elmi redaktoru və ön sözün müəllifi akademik İsmayıl Hacıyev, rəyçi akademik İsa Həbibbəyli və redaktor prof. Rüfət Hüseynzadə) yaddaşımızı, keçmişi bir daha canlandırdı. Lətif Hüseyznadə kitabında gözləri ilə gördüyü, şahidi olduğu o dövrün acısını, qanlı hadisələrini bu kitabda qələmə alıb və özünü Kazım Qarabəkir Paşanın əsgəri olması ilə fəxr edərək, onun qəhrəmanlıq şücaətlərini, Naxçıvanın taleyində oynadığı rolu əks etdirib.
Lətif Hüseynzadə öz xatirələrində belə yazır: "1918-ci il mart ayının əvvələrində Naxçıvan camaatı əziz Novruz bayramını şən keçirmək həvəsi ilə hazırlaşdıqları bir zamanda ermənilər şəhərin Şahab, Əlixanlı, Zaviyə məhəllələrini top atəşinə tutdular. Yaşadığımız Sarvanlar məhəlləsini və bu məhəlləyə yaxın Gomayi, Dizə, Xoşulu məhəllələrinə od vurub yandırdılar... Əgər türk ordusu, Kazım Qarabəkir Paşanın ordusu Naxçıvana köməyə gəlməsəydi, bu vilayətdə bir nəfər türk-müsəlman qalmayacaqdı. Bütün bunlar mənim gözlərimin qarşısında olmuşdur".
Bu kitabda tarixi faktlar o qədər dəqiq və müfəssəl şərh edilib ki, hər bir tarixçi ondan xeyli faydalana bilər. Kazım Qara Bəkir Paşa ilə Hüseyn Cavidin dostluğu elə aydın və parlaq təsvir olunmuşdur ki və yeri gəldikcə şeir, bədii parça nümunələrindən məharətlə elə istifadə edilmişdir ki, hər bir ədəbiyyatçı üçün də çox maraqlı və dəyərli bir mənbə ola bilər. Həmiçinin, kitabda vuruşmalar, döyüş səhnələri, hərbi strategiyalar və siyasi anlaşmalar yerli-yerində tam dəqiqliklə verildiyindən, siyasət adamları üçün də, hərbi xadimlər üçün də çox maraqlı və qiymətli mənbə ola bilər. Lətif Hüseynzadə hadisələri, döyüş meydanlarını öz gözləri ilə görməsi və özünün də bir çoxunda iştirak etməsi, həmçinin, dahi şairimiz Hüseyn Cavidin şagirdi olması, Kazım Qara Bəkir Paşanın əsgəri olması, hadisələri daha yaxından izləməsi, özünün də jurnalist qələminə sahib olması xatirələrinin daha canlı və aydın, daha zəngin və məlumatlı olmasına yol açıb. Bu cəhətdən kitabı oxuduqca sanki özünü bu hadisələrin içində hiss edirsən, sanki hadisələrin iştirakçısına çevrilirsən. Elə bu səbəbdən də bu kitab əsasında, dəyərli bir mənbə kimi buna istinad edilərək profesor Adil Babayev pyes, yazıçı-müəllim, pedaqoq, məktəb direktoru Səadət İskəndər "Qarsa gedən yol" adlı roman, yazıçı Güllü Məmmədova "Qarabəkir əfsanəsi" adlı sənədli roman yazmışdır.
Azərbaycanda Demokratik Cümhuriyyət yarananda Kalbalı Xan Naxçıvaniski Kəngərli Naxçıvanda yenicə yaradılmış "Milli komitə"nin təşkil etdiyi orduya baş komandan təyin olunur. Lətif müəllim bu ordunun yaradılmasını təfsilatı ilə elə çox dəqiq təsvir edir və hətta ordu quruculuğunda çeçen zabiti Böyük Xanın bu orduya top, silah-sürsatla yardım etməsini nadir bir fakt kimi qeyd edir.
Ermənilərin daşnak birləşmələrindən yardım alaraq Naxçıvanı daim narahat etdiyini qeyd edən Lətif Hüseynzadə göstərir ki, Naxçıvan ordusu onlara güc gələn kimi, ermənilər tez aman diləyir, təslim olurdular. Amma yenidən qüvvə toplayan ermənilər öz quldurluqlarından əl çəkmirdilər.
Kitabdan oxuyuruq ki, 1918-ci ilin iyun ayının əvvəllərində Andranik 15 minlik quldur dəstəsi ilə qəflətən Naxçıvan ərazisinə soxulmuşdu. Onlar ilk addımlarında 700 evlik Culfanın Yaycı kəndinin əhalisini qılınc, xəncər və süngü ilə qətl edərək Araz çayına tökmüşdülər. Araz bu qanlı cinayətlərə şahiddir.
Andranikin qoşunu Nehrəm kəndini mühasirəyə alıb kəndi top atəşinə tutmuşdusa da, kəndə girə bilməmiş, amma kənd ətrafinda obalara hücum edərək oradakı qadın, uşaq və çobanlanı vəhşicəsinə öldürmüşdülər. Andranik Naxçıvanın türk-müsəlman əhalisini qırıb, şəhəri işğal etmək üçün ciddi hərəkətə keçmişdi. Əhali soyqırım qarşısında, vətən erməni işğalı təhlükəsində idi.
Bu zaman 1918-ci ilin iyul ayının 7-də şanlı Türk ordusu Naxçıvanı erməni işğalından xilas etmək üçün zəfər marşı ilə şəhərə daxil oldu. Naxçıvan əhalisi türk ordusunu böyük məhəbbətlə qarşıladı. Məlum olur ki, Mustafa Kamal Atatürk Naxçıvana xüsusi diqqət və qayğı göstərmiş, bu diyarı "Türk qapısı" adlandırmış, Kazım Qarabəkir Paşa isə buranı "Şərq qapısı" adlandırmışdır. Əsərdə Kazım Qarabəkir Paşanın təşəbbüsü ilə "Naxçıvan Araz-türk cümhuriyyəti"nin təşkilindən və o zaman Naxçıvanda yaşayan böyük şairimiz Hüseyn Cavidlə Kazım Qarabəkir Paşa arasındakı dostluq əlaqələrindən, Naxçıvanın gələcək taleyi üçün bu dostluq əlaqələrinin böyük əhəmiyyətindən bəhs olunur. Burada bir sıra maraqlı faktlar, hadisələr verilmişdir ki, bunlar tarixşünaslığımız, cavidşünaslıq və habelə Kazım Qarabəkir Paşanın həyat və döyüş fəaliyyətinin indiyə qədər öyrənilməmiş cəhətlərini öyrənmək baxımından həm Türkiyə oxucusu, həm də Azərbaycan oxucusu üçün oduqca əhəmiyyətlidir.
Lətif Hüseynzadə Hüseyn Cavid barədə məlumat verərkən öz müəlliminə olan dərin hörmət və məhəbbətini səmimi sözlərlə təsvir edir. Kazım Qarabəkir Paşanın özü də Cavid Əfəndiyə ustad kimi yanaşmışdır. Əsərdən bəlli olur ki, Türkiyənin Naxçıvana ordu göndərməsində Kazım Qarabəkir Paşanın cani-dildən çarpışmasında hadisələrin bizim xeyrimizə istiqamətlənməsində Hüseyn Cavidin xüsusən onun Paşa ilə dost olması böyük rol oynayıb.
Türk ordusunun Naxçıvandan getməsi ərəfəsində Rüşdiyyə məktəbində Kazım Qarabəkir Paşa ilə vida görüşü keçirilmişdi. Lətif Hüseynzadə xatirələrində qeyd edir ki, bu görüşdə Kazım Qarabəkir Paşa "Naxçıvan xatirələrini" nümayiş etdirərkən burada çəkdiyi rəsmləri göstərdi və "Çocuklara öyüdlərim" adlı əsərinin bir əlyazma nüsxəsini Cavid əfəndiyə hədiyyə olaraq verdi. Sonra üzərində Şərur, Naxçıvan, Culfa, Ordubad bölgələrində "Erməni məzalimi" adlı yazdığı kitabın əlyazmasını göstərərək dedi: "Bən bu xatirələrimdə bu bölgələrdə ermənilərin fənalıqlarını, öldürdükləri insanların sayını, yakdıqları köylərin miqdarını toplayıb yazmışam. Bunu Türkiyədə çap etdirib bütün dünyaya yayacağam". Sonralar Cavid əfəndi 1921-ci ildə "Çocuklara öyüdlərim" əsərini Bakıda nəşr etdirdi.
Məktəbdə vida görüşündən sonra şəhər camaatı, Kazım Qarabəkir Paşa, bir çox əsgər və zabitlər, Cavid əfəndi o zaman "Sultaniyyə" adlanan indiki "Böyük bağ"da döyüşlərdə həlak olmuş türk əskərlərinin məzarlarını ziyarətə-vida görüşünə getdilər. Müəllimimiz türk dünyasının böyük şairi Cavid əfəndi şəhidlərin ruhuna fatihə oxuduqdan sonra dedi: Şəhidlər tanrı aşiqləri ərlər-ərənlərdir, millət vətən fədailəri qəhrəmanlardır. Şəhidlər ölməz, onlar əbədiyyətə qovuşarlar. Sonra bir şeirini dedi:
"Vətən eşqinə can nişan edən ərlər
Əbədi bir həyat içində gülər"
Sonra Kazım Qarabəkir Paşa məzar önünə keçərək şəhidlərin ruhuna fatihə oxuduqdan sonra məzarın başdaşı yanında diz çökdü. Paşa gözləri yaşarmış halda ayağa qalxdı. Əskərlər vida xatirəsi olaraq 12 yaylım atəşi açdılar.
Kazım Qarabəkir Paşanın ordusu Naxçıvanı tərk edərək Təbrizi də xarici nüdaxiləçilərdən azad etməyə getdikdə daşnaq erməni birləşmələri xarici havadarları ilə birlikdə Naxçıvanı və hətta Şərqi Anadolunu bölmək və işğal etmək cəhdlərinə başladılar.
Belə bir vəziyyətdə Türkiyə Böyük Millət Məclisi öz nümayəndələrini Moskvaya göndərərək sülh yolu ilə həm Rusiya, həm də Ermənistanla münasibətləri tənzimləməyə çalışdı. Lakin Ermənistan imperialist dövlətlərin Türkiyəni parçalamaq siyasətini fürsət sayaraq Türkiyənin bir sıra bölgələrini işğal etməyə cəhd göstərdi. 1920-ci il sentyabrın 24-də türk ordusu əks hücuma keçərək Sariqamışı, Qarsı, Gümrünü (Aleksanropol) və bir sıra başqa əraziləri geri qaytardı. 1920-ci il noyabrın 18-də türk komandanlığı daşnakların xahişini nəzərə alaraq atəşi dayandırdı. Türk tərəfinin irəli sürdüyü şərtləri ermənilər qəbul etdikdən sonra noyabrın 25-də Gümrüdə türk və erməni nümayəndələri arasında danışıqlar başlandı. 18 maddədən ibarət bu müqavilənin 2-ci və 12-ci maddələrində Naxçıvanın Azərbaycanın tərkibində Muxtar Respublika olması göstərilir.
Xalqımızın böyük oğlu Heydər Əliyev Qars müqaviləsinin tarixi əhəmiyyəti haqqında danışarkən belə demişdir: "... Qarsda Azərbaycan xalqı üçün çox əhəmiyyətli olan Qars anlaşması, müqaviləsi imzalandı. Onu Türkiyə imzaladı, Rusiya imzaladı, Azərbaycan imzaladı, Ermənistan imzaladı. Bu imzalarla Naxçıvanın Azərbaycanın tərkibində olması təsdiq edildi. Burada da əsas rolu Türkiyə oynadı. Həmin o Qars müqaviləsinin altında bizim hörmətli Paşamız Kazım Qarabəkir Paşanın imzası vardır".
Bu müqavilədə və daha sonra 1921-ci ilin 16 martında Moskvada imzalanmış "Dostluq və qardaşlıq haqqında" RSFSR və Türkiyə müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində olması göstərilmiş, sərhədləri müəyyənləşdirilmiş, təhlükəsizliyinə Türkiyə höküməti təminat vermiş və hər hansı bir dövlətin Naxçıvana təcavüzü zamanı türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq təsbit edilmişdir.
Naxçıvanın statusunun beynəlxalq müqavilələrdə əks olunması istər o dövrdə və istərsə də indiki dövrdə böyük siyasi əhəmiyyət kəsb edir. Bu kitab keçmişimizin bir parçasını öyrənmək, günümüzün hadisələrini düzgün qiymətləndirmək baxımından həm Azərbaycan, həm də Türkiyə oxucusu üçün dəyərli bir vəsaitdir.