525.Az

"Notr-Dam" hüznü


 

"Notr-Dam" hüznü<b style="color:red"></b>

2019... Aprel... Paris... Başına iş gəlmiş Paris... "Notr-Dam"sız qalan Paris, tarixin bir parçasını itirmiş Fransa. Başın sağ olsun!..

Ağır xəbər çatdı... Ta Parisdən bizə... Qərbdən Şərqə... Doğrudan da ağır xəbər tez duyulur.

Ləkələnmiş tarix... İtirdin, tarix... Tarixdən tarix itirdin, tarix. Eşitdik... Biz də eşitdik bu xəbəri. Fransanın - Parisin ağır xəbərini mən Vətəndə, Azərbaycanda - Bakıda aldım. Qəhər boğdu məni o xəbəri eşidən kimi. Dedilər ki, "Notr-Dam yandı.

Kilsə yanır... "Notr-Dam" kilsəsi...

Həmin an yadıma fransız ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının əvəzsiz dahisi Viktor Hüqonun məşhur... Hə, bax, o əsər düşdü yadıma. Hüqonun məşhur "Paris Notr-Dam kilsəsi" romanı... Başqa nəyi xatırlaya bilərdim ki?! Axı, onun başına iş gəlmişdi. Bütün dünyanı çalxalayan, yerindən oynadan onunla bağlı olan ağır xəbər idi. Mən də onu xatırladım... PARİS "NOTR-DAM" KİLSƏSİni... Bunu eşidəndə, içimə, sanki, bir qəhər leysanı yağdı. Doldu ürəyim...

Kilsə yanır... "Notr-Dam" kilsəsi... Darıxıram... "Notr-Dam" deyəndə, ilk yadıma düşən Hüqo üçün... Kvazimoda üçün... Esmeraldo üçün... Qrenquar üçün... Kozetta üçün... Jan Valjan üçün... Qavroş üçün... Paris üçün... "Notr-Dam" üçün... Kilsə ilə bərabər yanan tarix üçün... Darıxıram.

İndi yalnız Hüqonun yüksək sənət əsəri olan əvəzsiz romanında yaşayan PARİS NOTR-DAM KİLSƏSİ... Təkcə daş bina yox, səkkiz əsrlik, daha dəqiq desək, 856 illik tarix odlandı... Hökmü 856 il sürən bir abidə bir göz qırpımında kül oldu... Bu, təkcə Fransa üçün yox, ümumilikdə tarix üçün ağır zərbədir...

Həmişə ondan ("Notr-Dam"dan) indi məhv olmuş kilsə zənglərinin səsi yayılırdı ətrafa. Zəng səsi ilə insanları yığırdı başına. Bu dəfə də hamını başına yığdı. Lakin zəng səsi yox, göyə ucalan alov dilləri parisliləri "Notr-Dam"ın ətrafına topladı. Amma deyəsən, zəng səsindən alov dillərinin hökmü, zəhmi güclü oldu bu dəfə. Alov dilləri zəng səsinə qalib gəldi. Çünki zəng səsləri təkcə parisliləri - Parisdəkiləri başına yığırdısa, alov dilləri bütün dünyanın fikrini, diqqətini Paris "Notr-Dam" kilsəsinə yönəltməyə son dərəcə müvəffəq oldu.

Roma-katolik kilsəsinin Paris arxiyeparxiyasına aid olan VII Lüdovikin sifarişi ilə memarlar Jan de Şell və Pyer de Montreyin memarlığı ilə 1163-1345-ci illərdə hündürlüyü 69, uzunluğu 128, eni isə 48 metr olan ikinci adı "Paris Məryəm ana" kilsəsi olan bu əsrlərin sınağından çıxmış binanın heç kimə və heç nəyə yazığı gəlmədi: Yandı. Nə sifarişçisinə, nə memarlarına, nə eni, nə uzunluğu, nə gözəlliyi, nə də əsrləri özündə daşıyan tarixinə... Yandı... Daşlar kimi, memarlıq ünsürləri kimi illəri, qərinələri, əsrləri də yandırıb kül etdi...

Axı niyə? Nə üçün?.. Axı, ora Kvazimodanın insanların tənəsindən, gileyindən qaçmaq üçün yeganə təsəlli yeri idi. Onu da yandırdılar. Kvazimodanı da səfil etdilər. Qavroş, Kozetta - "səfillər" indi öz acınacaqlı talelərini, yurdsuz-yuvasız tale paylarını sığınacağı, sığınacağı ilə birlikdə ümidləri - "Notr-Dam"ı yanmış Kvazimoda ilə bölüşəcəklər. Kvazimoda da Jan Valjanın, Kozettanın, Qavroşun səfil taleyini yaşayacaq bundan sonra... Bəlkə də, bu ona taleyin ağır, çətin sınağıdır... O, buna məhkumdur! Artıq Kvazimodanın "Notr-Damı" yoxdur! Yanıb! Kül olub!

Təkcə Hüqomu?.. Bəs, Molyer?.. Bomarşe?.. Jül Vern?.. Düma?.. Russo?.. Bize?.. J.P.Sartr?.. Axı, onların da izi, xatirəsi var idi "Notr-Dam"da... Lakin daha yoxdur. Göyə sovrulan kül tozları ilə bərabər, onların "Notr-Dam"dakı xatirələri də sovrulub gedir...

Sən uzaqgörənmiydin, Hüqo?.. Bəlkə, həqiqətən də belə idi. XIX əsrdə yaşasan da bu günü - XXI əsri görürdün, bəlkə də. Bəlkə, İlahidən sənə duyğu verilmişdi?!. Bəlkə də, sən bu günü - "Notr-Dam"ın külə çevriləcəyi günü görürdün... Hiss edirdin ki, "Paris Notr-Dam kilsəsi"ni yazdın...

Özüm Bakıdayam, fikrim, xəyalımsa sənin yanındadır, "Notr-Dam", sənin yanında. Xəyalım sənin dərdinə şərik olmağa gəlib... Geri qaytarma onu...

Yenidən inşa ediləcəksən. Bəlkə o görkəmin yenidən olduğu kimi sənə qayıdacaq. Lakin əvvəlki sehrin, tilsimin, əsrarəngizliyin duyulacaqmı?.. İncimə, ancaq nədənsə buna inanmıram. Yenidən özünə qayıdan görkəmin alovda külə dönmüş əsrləri də qaytara biləcəkmi?! Mümkünsüzdür!

... Təəssüflənirəm. Bilirsən, nəyə? Səni - əsrlərin tarixinin daşıyıcısını görə bilmədiyim üçün. Bəlkə də, görməliydim. Bu, mənim günahımdır... Bağışla məni, "Notr-Dam", bağışla məni... Bağışla məni, "Paris Notr-Dam kilsəsi!"

Bir təşəkkürüm qalıb... İndi onun əsl vaxtıdır... Məncə, bu təşəkkürü etmək üçün gecikməmişəm. Bu təşəkkür sənədir, sənə... Viktor Hüqo! Bu təşəkkür sözlərimi qəbul et məndən. Nə yaxşı ki, "Paris Notr-Dam kilsəsi"ni yazdın, Hüqo! Heç olmasa, "Notr-Dam"ın gerçək tarixi bundan sonra orada yaşayacaq! İndi - bugünkü gündə "Notr-Dam"ın yanmış hissələrini görəndə, bizim yeganə təsəllimiz odur. Yenə də sevinək! O "Notr-Dam"ımız yansa da, bu "Paris Notr-Dam kilsə"miz hələ də var, hələ də bizimlədir və həmişə də bizimlə olacaq! O "Notr-Dam"dan bu "Notr-Dam"a yadigardır!

 





23.04.2019    çap et  çap et