525.Az

"Müharibənin qanlı kölgəsi" işıq üzü görüb


 

"Müharibənin qanlı kölgəsi" işıq üzü görüb<b style="color:red"></b>

Bugünlərdə yazıçı-publisist Vahid Məhərrəmovun "Müharibənin qanlı kölgəsi" romanı kitab halında çapdan çıxıb.

Əsər müəllifin xidmət illərinin, müharibə dəhşətlərinin, erməni qəsbkarlarının xalqımıza yaşatdığı ağrı-acıların, qan-qadanın, həmçinin, torpaq və yurd qeyrəti çəkən cəsur oğulların qəhrəmanlıqlarla dolu olan döyüş yollarının toplusudur.  Kitabda Qarabağ müharibəsinin gedişatından, gərgin döyüşlərdən və onların acı nəticələrindən geniş söhbət açılır. Torpaq uğrunda aparılan qanlı savaş real səhnələrlə təsvir edilir, həmçinin, əməliyyatlar zamanı buraxılan səhvlər də göstərilir.

Romanda erməni xislətindən, hikkəsindən, yalanlarından, saxtakarlığından, qaniçənliyindən ətraflı söz açılır. Əsərdə həmçinin, daşnakların azərbaycanlıları öz doğma yurd-yuvaları olan indiki Ermənistandan ərazilərindən, Qarabağdan necə zülmlə, işgəncə və silah gücünə qovmaları da öz əksini tapıb.

İki hissədən ibarət roman müəllif Vahid Məhərrəmovun uzun illər boyunca müşahidələrinin, gərgin zəhmətinin bəhrəsidir. Romanın əsas özəlliyi reallığı olduğu kimi, pafosdan və saxtakarlıqdan uzaq əks etdirməsidir.

Kitabın redaktoru Səfər Mahmudzadə, naşir Akif Dənzizadədir. Ön sözü tənqidçi Nərgiz Cabbarlı yazıb. N.Cabbarlı "Müharibəyə bir addım yaxın" adlı məqaləsində qeyd edir ki, roman oxucunu gerçək müharibəyə yaxınlaşdırır: "Onu daha yaxından görməsi, müşahidə etməsi, insanların yaşadıqlarını dərk etməsi, bəzən xatırlaması üçün real şərait yaradır".

Romanın məziyyətlərindən danışan tənqidçi qeyd edir: "Əlbəttə, "Müharibənin qanlı kölgəsi" romanı da müsir romançılığın mövcud qəhrəmansızlıq (xarakter anlamında) problemindən xali deyil. Digər tərəfdən, romanda süjet nəqlçilik üzərində qurulduğundan  hansısa xüsusi ədəbi texnika müşahidə edilmir".

ŞAHANƏ

 





24.04.2019    çap et  çap et