525.Az

Mərhəmət - Fidan Malikqızı yazır


 

Mərhəmət - <b style="color:red">Fidan Malikqızı yazır </b>

Avtobusda gənc bir xanımla yol gedirdik. Xanım avtobusdan məcburən yarıyolda düşməli oldu. Səbəbsə, həmin gənc xanımın biixtiyar etdiyi tiklər (əzələlərin, başın, çiyinlərin və s. qeyri-ixtiyari olaraq atması) şəklində hərəkətləri idi.

Çox güman, bu əlamətlər "Turetta" sindromuna aid idi. Bu hadisənin təsirindən həmin gün bir neçə saat bu xəstəlik haqqında ətraflı məlumat aldığım üçün belə təxmin etmişdim. Vəziyyətdən sarsıldığımdan onu anlamağa çalışmışdım. Bəlkə də həmin anda o xanımı xəstəliyindən çox,  ətrafdakıların diqqəti darıxdırmışdı.

Turetta - adətən uşaq yaşlarından başlayan nevroloji xəstəlikdir. Sindrom fransız həkim-nevroloqu Jilya de la Turettanın adı ilə adlandırılıb. Bu xəstəlikdən əziyyət çəkən insanlar tənzimləyə bilmədikləri səslər çıxardır və tiklər şəklində hərəkətlər edirlər. Tiklər gün ərzində bir neçə dəfə yarana və adətən tutmalar şəklində davam edə bilər. Bu sindromdan əziyyət çəkənlər heç bir səbəb olmadan söyüş söyə, oxuduğu, eşitdiyi hansısa sözü təkrarlaya və ya həmsöhbətinə əl-qol ata bilər. Bu, xəstəliyin nisbətən ağır formasıdır. Daha sadə formasında isə tez-tez göz qırpma, başını bir tərəfdən o biri tərəfə hərəkət etdirmə, ağzını açma və ya boğazını dartma kimi sadə tiklər olur və müəyyən zamandan sonra keçib gedir. Lakin ilk fürsətdə bu tiklərin yenidən təkrarlanması mümkündür.



Bu mövzuya dünya kinematoqrafları dəfələrlə müraciət ediblər. Amerika kinematoqraflarının çəkdiyi "Phoebe in Wonderland" ("Fibi möcüzələr aləmində") filminin baş qəhrəmanı balaca Fibi və ingilis kinematoqraflarının "Dirty Filthy Love" ("Çirkli sevgi") filminin baş qəhramanı Markın yaşadıqlarına diqqətsiz qalmaq qeyri-mümkündür. Hər iki film qəhrəmanı tələffüz etdiyi sözləri və hərəkətləri heç cür tənzimləyə bilmir. Balaca Fibi özündən asılı olmayaraq böyükləri söyür, sinif yoldaşları ilə kobud rəftar edir və nəticədə uşağın həyatı xeyli çətinləşir, hamı tərəfindən "tərbiyəsiz" uşaq kimi qəbul olunur. Oxşar davranış Markda da müşahidə olunur və zamanla Mark həyat yoldaşını, işini, evini və həyatı boyu cəmiyyətdə qazandığı mövqeyini itirir.

Bir çox başqa filmlərdə də, romanlarda da, ən əsası, real həyatımızda bəzən insanı güldürən, bəzən ağladan bu cür həyat hekayələrinə rast gəlmək olar. Əlbəttə, bu cür insanlarla ünsiyyət müəyyən qədər, bəlkə də, çox çətindir. Onlar cəmiyyət üçün narahatlıq da yarada bilərlər. Lakin bu xəstəlikdən əziyyət çəkənlər kənar baxışlardan, bəzən hətta cəmiyyətdən təcrid edilmələrindən, kim bilir, nə qədər narahat olurlar...



Məsələ tək bu xəstəlikdə deyil. Bəlkə də, avtobusdakı xanımda tam başqa bir xəstəliyin əlamətləri idi. Önəmli olan adını belə duymadığımız, rast gəlmədiyimiz bu və ya başqa xəstəlikdən əziyyət çəkən və ya qəza nəticəsində  barmağını, qulağını itirmiş insanlar üçün həyatın yetərincə çətin olmasıdır. Bu cür insanları görəndə kömək etməsək də, ən azından onlara aşağılayıcı baxmayaq ki, onlar da həmin qız kimi avtobusdan məcburən, ətrafdakıların baxışlarından qurtulmaq üçün yarımçıq düşməsin! İnsan olaq, mərhəmətli olaq ki, bizə də mərhəmət olunsun. Unutmayaq ki, heç kəs heç nədən sığortalanmayıb. Tanrı hər birimizə özümüzə və ətrafdakılara zərər verməyəcək sağlıqlı ömür nəsib etsin!

 





26.04.2019    çap et  çap et