525.Az

Molla Nəsrəddin və mollanəsrəddinçilik


 

TARİXİLİK, ƏNƏNƏVİLİK, VARİSLİK MÜSTƏVİSİNDƏ

Molla Nəsrəddin və mollanəsrəddinçilik<b style="color:red"></b>

Son dövrlərdə Azərbaycan ədəbiyyatının "düşünə-düşünə güldürən" və "güldürə-güldürə düşündürən" yaradıcılıq ustası Cəlil Məmmədquluzadənin haqqında geniş polemika - mübahisə və müzakirə aparılması, əlbəttə, özünə görə müəyyən məntiqə malikdir.

Yüz il də bundan sonra bu müzakirələr gedəcək, "Şərqin qoca Molla Nəsrəddini"nə müxtəlif tərəflərdən baxılacaq, haqq qazandıran da olacaq, haqsız çıxaran da. Bu, əlbəttə, Molla Nəsrəddinin və mollanəsrəddinçiliyin özündən doğan və onun taleyinə çevrilən məsələdir. Bu cəhətdən mollanəsrəddinçiliyin tarixiliyi, ənənəviliyi və varisliyi məsələsi də "Mollanəsrəddinçiliyə qayıtmaq zərurəti"ndən (akademik İ.Həbibbəyli) doğan məsələdir.

Fikrimizcə, böyük ustad Cəlil Məmmədquluzadənin rus ədəbiyyatının Qoqol kimi görkəmli nümayəndəsini rəhmətlə xatırlaması epiqrafını və bu kimi başqa məqamları nəzərə alaraq, Azərbaycan Molla Nəsrəddinini - Mirzə Cəlili daha çox Rusiya ədəbi ənənələri və yumoristik publisistikasının davamçısı görmək heç də haqlı yanaşma deyil. Doğrudur, "Molla Nəsrəddin" kimi bir satirik jurnalın yaranmasının ilk səbəbləri sırasında əcnəbi mətbuatından olan "Kukureku", "Petuşok" kimi mətbuat orqanlarının təsiri olduğu artıq qeyd edilmişdir. Lakin bu heç də "Molla Nəsrəddin" jurnalının həmin mətbuat orqanlarının davamçısı olması fikrini doğurmaz. Belə ki, "Azərbaycan Molla Nəsrəddini" (istər ədib, istər jurnal) adından tutmuş məzmunu və yaradıcılıq ənənələrinə qədər  xalq lətifələrinin adını daşıyan Molla Nəsrəddinin varisi və xələfi idi. Fikrimizcə, Molla Nəsrəddin lətifələri milli tənqidi realist düşüncə sistemi və rasional baxış-düşüncə-münasibət formasının nüvəsini, əsasını təşkil edir. XX əsrdə meydana gələn "Molla Nəsrəddin" jurnalı və tənqidi realist cərəyan məhz həmin düşüncə sisteminin məntiqi nəticəsi, davamı və onun varisi-xələfi idi.

Çoxsaylı nümunələr, faktlar sübut edir ki, müasir Molla Nəsrəddin və tənqidi realist üslub tarixi Molla Nəsrəddinin və xalq yumorunun tam mənasilə davamı və inkişafı faktıdır. Bunu hətta ayrı-ayrı konkret nümunələr tam mənası ilə sübut və təsdiq edir. Əslində, bir çox zəruri səbəblərdən "Molla Nəsrəddin" jurnalı və tənqidi realist cərəyan xalq düşüncəsi, dili, yaracılıq ənənələrinə müraciət etməklə öz ideya-platformalarını gerçəkləşdirmə yolunu müəyyən etmişdilər. Qısaca demək olar ki, Xalq "Molla Nəsrəddin" üçün həm mübarizə qaynağı, həm də məqsəd və ali ideya idi. Bu, həm də o dövr üçün hüquqi məsuliyyətdən yaxa qurtarmağın bir yolu, gerçəkləri qadasız-bəlasız ifadə etmənin bir çarəsi idi. Məsələn; "Əncir nübarı" adlı lətifə bizi həm "Molla Nəsrəddin" jurnalının, həm də Cəlil Məmmədquluzadənin yaradıcılıq xəttinə götürür. Xüsusilə "Əhvalatlar" əsərindəki Məhəmmədhəsən əmi - Divanxana süjeti və ümumən "Poçt qutusu" əsəri ilə daha çox yaxınlaşdırır.

Belə ki, "Əncir nübarı" lətifəsində əsas məsələ budur ki, xana bar gətirən əncir ağacından sovqat aparmaq istəyən Mollanı Teymur şahın fərraşları zindana salırlar. Zindanda qalan Mollanı necə olursa, bir gün Teymur görür və onu azad edir. Mollanın məqsədinin ona əncir nübarından sovqat gətirmək olduğunu bilən Teymur buna görə də Mollaya bəxşiş vermək istəyir və nə istədiyini soruşur. Molla balta istəyir. Bu istəkdən heyrətlənən Teymur bunun səbəbini soruşur. Molla əncir ağacını dibindən kəsəcəyini söyləyir ki, bundan sonra xana sovqat gətirmək kimi fikrə düşüb də, daha zindanlarda qalmalı olmasın. İtqapan kəndinin sakini Novruzəlinin xanına sovqat aparmağı, xanın tapşırığı ilə onun məktubunu poçta salmaq istəməsi və poçtalyonun məktubu götürməsini görüb onunla dalaşması nəticəsində zindana düşməsi bu lətifə ilə yaxından səsləşir. Təxminən eyni xarakter, süjet və hadisə bu iki bədii parçanı bir-birinə bağlayır. Lakin lətifədə problem xalq müdrikliyi ilə həll olunur və özünün ideal, konkret həll yolunu tapır: "Şahın ədaləti ilə" zindandan çıxan Molla şahdan balta xahiş edib əncir ağacını kəsməklə şaha bir daha sovqat gətirmək və bunun da nəticəsində zindana düşmək dərdindən qurtulmaq istəyir. Lakin Cəlil Məmmədquluzadə bu hadisədən can qurtarmağın yolunu novella tələblərinə (eləcə də xalq müdrikliyi və Sokrat metodu adlanan bədii məntiq-əqli mühakimə formuluna) uyğun olaraq oxucuların öz daxili məntiqinin, əqli mühakiməsinin ixtiyarına buraxır. Lakin sanki bu "qoca müəllif də" öz məntiqində Novruzəlini (və Novruzəlililəri) canlarını bəladan qurtarmağın yolunu "qoca Molla Nəsrəddin" - C.Məmmədquluzadə özünün "Rişə" əsərində dediyi kimi, baltanı dibindən vurmaqla aradan götürmək yolunu nəzərdə tutduğu açıq-aydın görünür.

Digər çoxsaylı faktlar vardır ki, XX əsrin Molla Nəsrəddini ilə xalq müdrikliyinin daşıyıcısı olan Molla Nəsrəddin arasında ədəbi bağlılığı bütün təfərrüatı və tamlığı ilə təqdim edəsən. Xüsusilə, bir az əvvəl deyilən kimi, obrazlar sistemi və xarakterlər aləmi, süjet, hadisə və kompozisiya, dil və bədii konfiqurasiyalar hər iki Molla Nəsrəddini və mollanəsrəddinçiliyi - şifahi və yazılı bədii realist tənqidi varisləşdirir və bir-birilə qırılmaz bağlılıqda olduğunu, biri digərinin davamçısı olduğunu açıq şəkildə göstərir, həm də ideya-problem cəhətdən tam bir məntiqlə birləşdirir. "Gör bədsuyum kimdi?" xalq lətifəsindəki hadisə və əhvalat bizi dərhal görkəmli ədibin məşhur "Xatiratım" əsərindəki xanın ziyarətə gedərkən tək səbir eşidib geri dönməsi əhvalatına götürür. Mövhumata və avamlığa düşmən kəsilən hər iki aqil ağıl və məntiqdə birləşirlər. "Molla Nəsrəddin" lətifələri tam aydınlığı ilə göstərir ki, avamlıq və mənəvi əsarətin mənbəyi olan mövhumatçılıq və fanatizm hələ orta əsrlər dövründən üzü bəri xalq müdrikləri tərəfindən həmişə ciddi tənqid və ifşa edilmişdir.

Mövhumatçılığı ciddi tənbeh və təshih edən Şərqin böyük aqili qoca Molla Nəsrəddin və onun lətifələri özünün XX əsrdəki xələfi olan "Molla Nəsrəddin"lə yaxından birləşir və uzun tarixi bir mərhələyə malik olan bədii realist düşüncəni və tənqidi yaradıcılıq metodunu əks etdirmiş olur. "Duanın gücü" adlı xalq lətifəsində Mollanın evinə gəlmiş oğrunun kal ağlını oğurlayan Molla Nəsrəddin yalan-dolan söhbətilə onu inandırır ki, ayın işığından yapışıb içəri düşmək olar və axmaq oğru bunu edərkən damdan yıxılıb xurd-xəşil olur. Cəlil Məmmədquluzadənin də belə bir fikirləri vardır ki, "xalqlar bir-birilə müharibə edir, amma sən bir dua ilə bəladan xilas olassan" və bu fikirlə də insanlardakı mövhumi yalanlara inamı ciddi tənbeh edirdi. Göründüyü kimi, bu kimi motivlər bu iki aqili bir-birinə doğmalaşdırır və varisləşdirir. 

XX əsr tənqidi realizmi üçün səciyyəvi olan və onu fərqləndirən və xüsusiləşdirən varlığın, xüsusilə insan surətlərinin xarakterini yaratmaq, təsvirini çəkmək və portretini çizmək şifahi ədəbiyyatın müdrik nümunəsi olan xalq lətifələrindən və onun baş qəhrəmanı Molla Nəsrəddindən qalıb desək, yanılmarıq. Bu bədii yaradıcılıq tərzi hər iki Molla Nəsrəddini səciyyələndirir və sərhədləndirir. Xalq lətifələrində hadisə və ya obraz, xarakter çox yığcam, eləcə də dəqiq, səlis və təsirli şəkildə öz əksini tapır. Ümumiyyətlə, Azərbaycan tənqidi realizminin portret yaratmaq, tənqid və ifşa etmək üsulunun mənbəyində şifahi söz sənətindən gələn ənənələrin, xüsusilə Molla Nəsrəddin lətifələrindən gələn ənənələrin xüsusi rol oynadığını qətiyyətlə deyə bilərik. Molla Nəsrəddin lətifələri içərisində "Fərzəli bəy" lətifəsi bunun ən yaxşı nümunəsi və deyilənlər üçün sanballı nişanəsidir. Eləcə də "Deyəsən padşahı istəyir" lətifəsi və görkəmli tənqidi realist ədib C.Məmmədquluzadənin "Xudayar bəy" obrazının portreti yaradılış etibarilə bir-birini tamamlayır (Elə C.Məmmədquluzadənin Xudayar, Qurbanəli bəy və başqa portretləri xalq lətifələrindəki "Fərzəli bəy" və "Kəndxuda" obrazları silsiləsinə daxildir - R.Q.).
 
Yuxarıda adları çəkilən lətifələrin hər birində, eləcə də "Bir də bir ağıllı padşah", "Qorxulu dilənçi", "Teymur Ləngsən ki, varsan" və başqa lətifələrdə ağaları, ağalığı ciddi tənqid edən Molla Nəsrəddin müdrikliyi özünü açıq göstərir. Eləcə də "Kəndxuda" lətifəsində kəndxudaların qanmazlığı tənqid olunduğu kimi, qanmazlıqlarla özünə el arasında xüsusi bir təəssürat yaradan kəndxudalıq da ifşa edilmişdir. Eşşəyi oğurlanmış Mollaya "lotular" deyəndə ki, "eşşəyin filan kənddə kəndxuda olub", Şərqin qocaman və müdrik siması Molla Nəsrəddin böyük ustalıqla əslində, kəndxudanın heç də onun eşşəyindən geri qalmadığına işarə vuraraq cavab verir ki: "İnanıram, qardaş! Çünki mən həmişə kəndxuda adı çəkəndə çər dəymiş qulaqlarını şəkləyirdi. Görünür ki, elə o vaxtdan kəndxudalıqda gözü var imiş". Ümumiyyətlə, bir az əvvəldə də qeyd edildiyi kimi, hakimlərin, xalqa rəhbərlik edən idarəçilərin heysiyyətsizliyi, bivecliyi və qəddarlığını tənqid və ifşa etmək bədii məqsədilə xalqın dilində ümumiləşmiş "eşşək" metaforasından geniş istifadə olunur. Çünki ümumiyyətlə, Şərq xalqlarının ictimai-mənəvi düşüncəsində "Eşşək" surəti daha çox iki mənada və məqsədlə bağlı ümumiləşmişdir: 1. Qanmazlıq mənasında; 2. Müdriklik simvolu kimi. Molla Nəsrəddin lətifələrində də "Eşşək" məhz bu iki məqsədlə bağlı olaraq geniş istifadə olunur. Şərq aqili Molla Nəsrəddinin köməkçisi kimi Eşşək müdriklik simvolu olaraq çıxış edir. Hətta bəzi yerlərdə Molla Nəsrəddinə də qahmar çıxıb ona kömək də edə bilir və bununla da özünü bəzi qanmaz insanlardan fərqləndirməklə onlara qarşı bədii surət kimi dayanmış olur. İkinci isə, qanmazlıq, biveclik mənasında lətifələrdə işlənməklə, ümumiyyətlə, qanmazlığı, mənəviyyatsızlığı, bivecliyi, heysiyyətsizliyi ümumiləşdirmiş və ifşa etmişdir. Bütün bu deyilənlər isə bizi eyni zamanda, XX əsrin Molla Nəsrəddini kimi məşhurlaşmış görkəmli ədib Cəlil Məmmədquluzadənin əsərlərinə, xüsusilə "Danabaş kəndinin əhvalatları"na, başqa adla isə "Eşşəyin itməkliyi"nə götürür. Bu baxımdan əsərdə Xudayarın kəndxudalıq marağından tutmuş kəndxuda olması və kəndxudalığına qədər "Kəndxuda" lətifəsi və digərlərilə birləşib, bu cür insani keyfiyyətlərdən məhrum, qəddar, heysiyyətsiz adamların kəndxudalığa "eşşəklik gətirdiyini" ümumiləşdirdiyini demək olar.

"Molla Nəsrəddin" jurnalı ilə Molla Nəsrəddin lətifələrində xalqın arzu və istəklərinin başlıca ideya seçilməsi hər ikisini xalqın dostu kimi təqdim etməyə yetərlidir. Bu, həmçinin, jurnalın ideya-məfkurə platformasında xalq ideallarının tutduğu əhəmiyyətli mövqe ilə bağlıdır. "Molla Nəsrəddin" jurnalındakı xalqa sədaqət və məhəbbət ideyası azərbaycançılıq olan məfkurənin mahiyyətindən doğur. Hər zaman xalqın yanında olmaq və onu ölçüsünün meyarını götürmək mollanəsrəddinçiliyin tarixən amalı və məqsədi olmuşdur. Bu mənada xalqçılıq nə yerdən, nə göydən gələndir, bu, elə tarixən mövcud olan xalqa məhəbbət motivlərinin ənənəyə çevrilməsinin nəticəsidir.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





08.05.2019    çap et  çap et