525.Az

Darıxmaq nədir, bilirsənmi? - Leyla Camal


 

Darıxmaq nədir, bilirsənmi? - <b style="color:red">Leyla Camal </b>

Darıxmaq nədir, bilirsənmi?

Nəfəssiz qalıb boğulmaq kimidir. O, heç yoxkən belə hər kəsdən daha çox olması deməkdir. Gecənin kor qaranlığında xatirələrilə aydınlanmaqdır. Sol tərəfinə batırılan xəncərin təkrar-təkrar qanatmasıdır. İçin yana-yana tükənməkdir. Milyonlarla insan arasında tənhalıqdan sıxılmaqdır. Darıxmaq apatiyanın eşiyində növbə gözləməkdir. Bir uçurumun kənarında cılız bir budağa tutunmaqdır. Yaralı quş tək çırpınmaqdır.

Günəşə həsrət, gecəyə düşmən olmaqdır. Ürəyinlə qanlı bıçaqlı, yarım yamalaq yaşamaqdır.

Darıxmaq xatirələrə sarılıb yuxuna gələr ümidiylə xəyallarda qeyb olmaqdır. Gördüyün yerdə kölgəsinə sarılmaqdır. Bir dəfə görmək üçün kilometrləri heç saymaqdır. Gecədən səhərə yağmurda islanıb pəncərəyə düşən kölgəsini seyr etməkdir.

Darıxıram deyə bilməzsən bəzən. Amma onu xatırladan mahnını səhərə qədər dinləyərsən. Burnunun dirəyi sızlayıncaya qədər darıxsan da özünü aldatmaqdır. Qarşılaşarkən göz-gözə gəlməmək üçün özünlə savaşmaqdır.

Bəzən hər şeyi unudub möhkəmcə sarılmaq istəyərsən. Qabırğaları sınarcasına buraxmamaq. Fəqət bir şey səni dayandırar. Qürur. Dünyadakı ən acı ağrının qəlb ağrısı olduğu sanırsan, yanılırsan. Birdə ruh ağrısı var. Canlıykən ruh bədənini tərk edirmiş kimi. Canından can sökülərcəsinə.

Darıxmaq hər yağmurda küçəyə qaçmaq, avazın çıxana qədər ağlamaqdır. Yanağındakı damcıları hər kəs yağış zənn edərkən içini yandıran göz yaşları olduğunu bir tək sən bilməkdir.

İzlədiyin hər filmdə özünə pay çıxarmaqdır. Hər şeyi buraxıb qaçaraq qoynuna sığınmaq istəməkdir. Kimsəyə məhəl qoymadan, ona belə rəğmən hər şeyə göz yummaqdır.

Darıxmaq usanmadan, bezmədən təkrar-təkrar şans verməkdir. Puça çıxan ümidlərini görməzdən gəlməkdir. Onun açdığı yaraları ondan belə gizlətməkdir. Darıxmaq hər hüceyrənin ona hicranıdır. Vüsal ümidiylə həyata bağlanmaqdır.

Və sən, ey sevgili! Bəhanələr axtararsan. Səsimi eşitmək üçün. Sudan səbəblərlə bir "alo"ma həsrət gözün telefona zillənər. Sonra üsyanlar baş qaldırar ürəyində. İçində fırtınalar qopar. "Heçmi yadına düşmürəm?" deyə. Sən məndən bixəbər, mən səndən nigaran tükənər ömrümüz. Ayrı salar yollar bizi. Sən gələrsən mən gedərəm.

Gecənin qoynuna doğru soxulduqca külqabındakı siqaret kötüklərinin artdığını görərsən. Saat irəlilədikcə gözlərinə bir ağırlıq çökər, yatmaq istəyib yata bilməzsən. Qəflətən əlində telefon, nömrəmi yığarkən görərsən özünü. Zəng etmək üçün özündə dəfələrlə bəhanə uydursan da, cəsarətin çatmaz.

Bilirsən sonra nə olacaqsan? Heç nə olmayacaq. Bir əlində çaxmaq digərində siqaret. Sonra mümkünsüz xəyallar qurmağa davam edəcəksən.

Sonra bir səsləniş. Bir ad. Titrədəcək varlığını. Kiminsə dilindən adımı eşitmək kövrəldəcək qəlbini. Nəmli gözlərlə açılacaq sabahların. Tam unutdum dediyin yerdə qəfil əsən bir meh ciyərlərini qoxumla dolduracaq. Sən ağlını itirdiyini sansan da, həsrətin dinmək üçün o qoxuya diz çökəcək.

İnsanların arasıyla gedərkən ağlına düşəcək sözlərim, zarafatlarım. İxtiyarsız gələn təbəssüm hər kəsin diqqətini çəksə də, içində uçuşan kəpənəklərə qanad taxacaqsan.

Sadəcə var olanı sevməz insan. Yanında olsa da, olmasa da, nəfəs alışını sevər, anlayacaqsan. Mənimlə ilklərini xatırlayıb xatirələrə yalvaracaqsan.

Qürur divarlarını bir aşa bilsəm. Səssizcə pıçıldayaram. "Darıxmışam!!!"

Yoxluğun o qədər mənasızdır ki. Ürəyimdən zincirə vurulmuşam. Çarpaz sorğuda taqətim kəsilib. Məni əsir alan şübhələr. Beynimdəki "niyə?"lər. Bu bəlirsizlik öldürür məni. Qulağımı deşən səssizlik. Yox oluram bu boşluqda. Dibsiz quyudayam sanki. Hər hecasında ürəyimi titrədən isim. Hər səslənişində köksümdə çırpınan qəlbin ritmini dəyişən varlıq. Varlığın da, yoxluğun da o qədər kifayətsizdir ki.

Sonsuz bir yolda yalnız başına yeriyirəm sanki. Halbuki tutsan əlimdən, söndürsən kipriklərimdəki odu. Dizlərimin taqəti, qollarımın qüvvəti sənin mənə çox gördüyün baxışlarında gizlənib. Xurmayi baxışlarında itdiyim adam. Gözyaşlarımda yuyulan ruhuna təslim olmuş biçarə məşuqun səssiz çırpınışlarıdır bu. "Gəl" deməkdə aciz olan. Kainatın sonsuzluğunu sevgimlə məğlub etdim. Okeanlarda boğulmazkən mən sənin bir damla göz yaşına qərq oldum.

Darıxıram. Hər zamankından daha çox. Hər zamankından daha yanğılı. Çaxsa şimşək, guruldasa göy üzü, boşalsa buludlar. Sabaha qədər dinməsə aramsız yağışlar. Söndürərmi həsrətimin yanğınını.

Alova doğru addımlayıram. Yanıram, amma ağrını hiss etmirəm. Cəhənnəm atəşində yanmaqmıdır eşq, yoxsa iliyinə kimi donmaqmı?

Darıxıram, küçəyə çıxmaq avazım çıxana qədər hayqırmaq istəyirəm. İnləsin yer-göy, tutuşsun aləm. Deşilsin qulaqlar, oyansın vicdanın. Sussun qürurum, utansın əməlindən. Səhərə qədər süzülən göz yaşlarım dinsin artıq.

Darıxıram. Ürəyim köksümdən çıxacaq qədər. İlk gördüyüm yerdə sorğusuz sualsız boynuna atılacaq qədər. Qoxunu içimə çəkib hönkürəcək qədər. Yox, bu dəfə həsrətdən deyil, bu dəfə çarəsizlikdən deyil. Qovuşmaq sevincindən.

"Kaş ki"lərə məğlub olan qəlbim həsrətinlə çarəsizlikdən tutuşur. Sənə qırıq, sənə küskün. "Qal" demədiyin üçün sənə qənim könlüm. Yaralarına məlhəm axtarmaqdansa, yaralayana "yar" deyə fəryad edir.

Bəzən bir qığılcım kifayət edər alovlanmağa deyə qorxuram. Ya qığılcımdan qorxuram, ya da yanıb kül olmaqdan. Bəlkə də yanmamaqdan qorxmalıyam. Çünki EŞQ - yaşamağa dəyər bir duyğudur. Əks halda onu yaşamamağın peşmanlığından qovrularsan. Qorxma, uzat əlini. Barmağının ürkəkcə toxunduğu alov qoy bütün bədənini bürüsün. Eşqdə kül olmaqdan qorxma, mənsiz donmaqdan qorx.

Çətin olan səni bağışlamaq deyil, sevgilim. Yalanları unutmaq, xəyanətini yox saymaq. Ürəyim sökülə-sökülə gələrəm öhdəsindən. Çətin olan səni bağışladığım üçün özümlə düşmən olmaqdır. Güvən göz yaşı kimidir, gözdən düşdüsə, bir daha geri qayıtmaz. Sən mənə səni bir daha sara bilməyəcək qollar verdin. Bir daha sənin üçün titrəməyəcək ürək. Səni görməmək üçün sağa sola çarpışan baxışlar.

Orucluyam artıq. Heç vaxt pozmayacağım eşq orucu. Sonsuz və zamansız. Bir ay deyil, bir ömür sürəcək.

İftar vaxtına yaxın susayar ha insan. Həsrətin o cür yandırır məni. Söyləsənə, nə vaxt oxunar burda azan?!

 





15.05.2019    çap et  çap et