525.Az

Hidayət Orucov: “Son 20 ildə məni göydə Allah, yerdə ulu öndər Heydər Əliyevlə prezident İlham Əliyev xilas etdilər, qorudular”


 

Hidayət Orucov: “Son 20 ildə məni göydə Allah, yerdə ulu öndər Heydər Əliyevlə prezident İlham Əliyev xilas etdilər, qorudular”<b style="color:red"></b>

– Hidayət müəllim, Siz 14 il dövlət müşaviri vəzifəsində çalışmısınız, bu, şərəfli olduğu qədər də çətin bir vəzifədir, başqa sözlə, bu yolun əzabları da çox olub...

– Siz bir ifadə işlətdiniz, “’əzabları da çox olub”. O uzun dövrü, xüsusilə də 1990-cı illəri əzablı və xatalı yollar kimi xatırlayıram. Mənə o illərdə nə gecə, nə də gündüz vardı. Gün ərzində ya kabinetdə, ya da müxtəlif səfərlərdə 16-17 saat konkret olaraq işləyirdim. Səfərlərdə də gecə saat 2-3-dək işləyirdim, Bakıda olanda da. O illərdə sözün əsl mənasında əzablı, xatalı yollar keçdim. O yolların, o zəhmətin çox müsbət nəticələri oldu, ona görə də o illər xoş hisslərlə xatırlanır.

“Əzab” deyəndə ümumi səslənir, o illərdə mən çoxsaylı təhlükəli səfərlərin və tədbirlərin, görüşlərin ifadəsi, nümunəsi olaraq yalnız bir epizodu danışmaq istəyirəm. 1997-ci ildə Çeçenistanın Vedeno şəhərində Şeyx Şamilin doğumunun 200 illiyi münasibəti ilə böyük tədbir keçirilməli idi və Azərbaycan da oraya dəvət edilmişdi. Bilirsiniz ki, Vedeno Şeyx Şamilin İmamatının paytaxtı olub, Şeyx 22 il oradan fərmanlar verib və nəhəng bir imperiyaya qarşı meydan oxuyub.

O da məlumdur ki, 1997-ci ildə Çeçenistan prezidenti Aslan Mashadov başda olmaqla hökumət o ərazilərə nəzarət edə bilmirdi, Şamil Basayev Mashadov hökumətinə müxalifətdə idi və Vedenonun administrasiyasının başçısı da Basayevin qardaşı olduğunu nəzərə alsaq vəziyyətin nə qədər mürəkkəb və təhlükəli olduğu aydın təsəvvür olunar. Bəli, bu çox təhlükəli səfər idi...

...Əvvəl Dərbəndə dayandım, ağsaqqal Seyid Camaloğlu, onun oğlu Maqomed (indi Dağıstanın Azərbaycandakı nümayəndəsidir), digər oğlu Qurban (hazırda Dərbənd Rayonu Administrasiyasının başçısıdır) həmişə olduğu kimi, məni çox əziz qonaq kimi qarşıladılar, qonaq evinə düşməyə qoymadılar, təkidlə Qurbanın yan-yana bir neçə mənzildən ibarət evinə gətirdilər.

O vaxt Prezident statusunda olan Dağıstan Dövlət Şurasının sədri Maqomedəli Maqomedov da gəlişimdən xəbərdar idi və Dərbənddə də, Mahaçqalada da mənim bu səfərə getməyim üçün çox narahat idilər, arqumentləri də bu idi ki, Sizin təhlükəsizliyinizə zəmanət yoxdur və həqiqətən də təhlükəsizliyə zəmanət yox idi. Hətta həmin gün gecə saat 11-də Maqomedəli Maqomedov mənə zəng etdi, məsləhət gördü ki, Vedenoya getməyim, Dağıstandan da o tədbirə gedən yox idi (yeri gəlmişkən, xeyli irəliyə gedib deyim ki, Dağıstanın və Gürcüstanın bu tədbirə qatılmaması ordakı çıxışlarda dönə-dönə xatırlandı, çox mənfi qiymətləndirildi, yalnız çıxışçıların deyil, iştirakçıların da bu həqiqəti həm təəssüf, həm də qəzəb hissilə qarşıladıqları qabarıq nəzərə çarpırdı). O vaxtlar Çeçenistanda şiddətli müharibə formal şəkildə olsa da, susmuşdu, amma ölkə idarəolunmaz vəziyyətdə idi. Maqomedəli Maqomedoğlu onu da çox ehtiyatla mənə dedi: “Əgər Sizə ora getməmək barədə qərar qəbul etmək çətindirsə, Heydər Əlirza oğlu ilə mən danışım”. Mən qəti etiraz etdim. Axı, prezident mənə tapşırıq verməmişdi, Vedenoya mütləq getməliydim. Prezidentlə danışmaq məsələsini iki saat ondan öncə Seyid Camaloğlu da mənə demişdi. Əlbəttə, ona da etiraz etmişdim.

Oxucu düşünə bilər: belə təhlükəli şəraitdə Vedenoya getmək nə üçün vacib idi, gedilməsəydi nə olacaqdı? Əvvəla, mənəvi ehtiyaca görə: söhbət Qafqazın böyük oğlu Şeyx Şamildən gedirdisə, onun yubileyində Azərbaycan iştirak etməli idi. Axı, Azərbaycan Şeyx Şamili sovet rejiminin ən repressiv vaxtlarında qorumuşdu. Bu yolda böyük filosof Heydər Hüseynov demək olar, qətlə yetirilmişdi. Mehdi Hüseynin Şeyxdən bəhs edən pyesinə qadağa qoyulmuşdu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə... dilbər guşələrimizdən olan Zaqatalada Şeyxə heykəl qoyulmuşdu (yeri gəlmişkən, bu heykəl dünyada Şamilə qoyulan ilk və yeganə heykəldir).  İkincisi – digər və daha əsas səbəbləri açmadan deməliyəm ki, Azərbaycanın bu tədbirə qatılmasının o dövrdə bölgədə sabitliyin bərqərar  olması üçün böyük siyasi-ictimai əhəmiyyəti vardı.

Bəs Dərbənddən sonra yola kimlə çıxmalı? Ancaq cəsarətli adamlar vardı, Dərbənd rayonunun polis rəisi Məmməd, Dağıstan Parlamentinin deputatı Aydın da mənə qoşuldu və yola çıxdıq. Bizim heç birimizdə silah yox idi və bizi Çeçenistanla sərhəddə qarşıladılar. Əzab da bundan sonra başladı. Viran edilmiş Qudermesin, dağıdılmış digər yaşayış məntəqələrinin içi ilə, hələ tankların tırtıllarının izləri – şırımları qalan kələ-kötür yollarla gedirdik, yollarda çoxlu silahlılar vardı, mənə dəyirdilər ki, erməni təxribatçı qruplaşmaları orada çox fəaldırlar, diversantlar bizə qarşı təxribat, hətta sui-qəsd törədə bilərdilər, buna baxmayaraq o hər addımı təhlükəli tozlu-torpaqlı yollarla Vedenoya gedib çatdıq.

Dağıdılmış binaların arasında dağıdılmış stadiona oxşar bir yerdə keçirilirdi yubiley. Oraya təxminən 20 min adam toplaşmışdı, hamısı da silahlı, əksəriyyətinin iki avtomatı vardı, birinin lüləsi yuxarı, digərininki aşağı tutulmuşdu, mənə dedilər ki, burada azı otuz min silah var.

– Bəs Sizi orada tanıyanlar vardımı?

– Məni həm Dağıstanda, həm də Çeçenistanda yaxşı tanıyırdılar, o vaxtacan Çeçenistana bir neçə dəfə gedib-gəlmişdim, televiziyalarda çıxışlarım olmuşdu. Bizə təklif etdilər ki, prezident Aslan Mashadov gələnəcən qonaq evində olaq, guya orda bir az dincələk.

Fikirləşdim ki, belə yaxşıdır, bu qədər silahların, idarəolunmaz adamların içində durmaqdansa, dörd divar arasında olmaq məsləhətdir. Razılaşdım. Elə onda, qonaq evinə tərəf tərpənəndə fikir verdim: məni azı 10-15 nəfər silahlı qoruyurdu, ancaq onlar o silah “dəryasında” damla kimi görünürdülər. Onlardan qəti imtina etdim.

Qonaq evinə gedəndə yolda Çeçenistanın davakar səhra komandiri Salman Radoyevlə qarşılaşdıq, o məni tanıyırmış, mən həyatda birinci dəfə idi görürdüm onu. O, mənə təqdim olunan kimi üzünə salıb, bizə qoşuldu, bizlə birlikdə qonaq evinə gəldi, orada Radoyevin necə emosional, fantastik düşüncəli dağıdıcı adam olduğunu gördüm. Qonaq evində Salmandan başqa da yerli adamlar vardı, amma heç biri qorxudanmı, ya başqa səbəbdənmi səslərini çıxarmırdı. Yalnız o, “dil-dil ötürdü”... Deyirdi ki, yazda Rusiyanın çox böyük ərazisində müharibə başlayacaq, biz Kremləcən gedib çıxacağıq.

Ulu öndər haqqında danışarkən sərsəm mülahizələr söyləməyə başladı, bildirdi ki, o kommunistdir, Siyasi Büronun üzvü olub və s. Mən elə təhlükəli yerdə də onun fikirlərinə münasibət bildirdim, dedim ki, Heydər Əliyev kommunist rejimi dövründə də Azərbaycan, Dağıstan, Çeçenistan, bütün Qafqaz, ümumən müsəlman və türk dünyası üçün çox iş görüb.

Siyasi Büronun üzvü olanda türk dünyası, islam aləmi onunla öyünürdü, fəxr edirdi. Bildirdim ki, Siz o vaxt uşaq olmusunuz, gənclik çağlarında isə – yeni tarixi oxumalı vaxtlarınızda başınız müharibəyə qarışıb, ona görə bunları bilmirsiniz, mən isə vaxtın darlığından Sizə hələ çox az dedim.

O nə qədər emosional, davakar adam olsa da, mənim dediklərimi sonacan sakitcə dinlədi və heç bir mənfi münasibət bildirmədi, susdu. Dağıstandan mənlə gələn deputat da, polis rəisi də, yerli adamlar da təəccübləndilər və sonra mənə dedilər: “Siz bu fikirləri ona necə dediniz və o nə əcəb belə susdu?” Onu da söyləyim ki, Radoyevin sifəti çox qorxunc idi, gözlərindən biri süni idi və o süni gözü qara eynəyinin altından rəngi dəyişməyən qırmızı işıqfor kimi yanırdı. Ümumiyyətlə, onun görkəmi vahiməli idi və elə bil ayrı kontinentdən qaçıb gəlmişdi, ya qovulmuşdu... Sonralar o, Moskvada həbsxanada öldü (Kremləcən belə “gedib çıxdı”...).

Prezident Mashadov gəldi, mənlə köhnə dostlar kimi çox səmimi görüşdü. Dedi ki, Sizi Qroznıda gözləyirdik. İştirakçıların arasında eks-prezident Zəlimxan Yandarbiyev də vardı. Oraya toplaşanların arasında Yandarbiyevin də tərəfdarları az deyildi. O vaxtlar Çeçenistanın müftisi, Mashadovdan sonrakı prezidenti Axmat Kadırov da orada idi. Şeyx Şamil onları birləşdirmişdi, ancaq hərə öz komandası ilə dayanmışdı, istənilən an onların arasında atışma başlaya bilərdi.

Aslan Mashadov və Zəlimxan Yandarbiyev danışdıqdan sonra söz Azərbaycana verildi. Mərasim başlayandan çıxışlar gedə-gedə mitinqçilərin arxa tərəfində çeçenlərin bizim cəngiyə oxşar milli rəqsi çox ehtirasla, fasiləsiz oynanılırdı, mən çıxışa başlayandan sonra onlar rəqsi dayandırdılar və diqqətlə qulaq asmağa başladılar. Deyirlər, mən orada həm milli ruhda, həm də səmimi çıxış elədim. Çıxışımı belə başladım: “İndi bu çeçen dağlarında, çeçen zirvələrində, çeçen səmasında Şeyx Şamilin ruhu dolaşır...” Çıxışımın əsas tezislərdən biri də indiyəcən yadımdadır: “Şamil yalnız avar deyil, çeçendir, qumuqdur, dargindir, noqaydır, inquşdur, ləzgidir, tabasaranlıdır... Şamil bütün Şimali Qafqaz xalqlarının böyük oğludur. Cənubi Qafqazda isə... Şamil Azərbaycan xalqının böyük oğludur!”

Çıxışımdan 15-20 dəqiqə sonra Aslan Mashadova yaxınlaşıb getmək istədiyimi bildirdim, o çox təsirləndi, məni təkidlə Qroznıya dəvət etdi, ona təşəkkür etdim (ertəsi günü məni başqa təxirəsalınmaz vacib işlər gözləyirdi) və yola çıxdıq. Yollar yenə çox qorxulu idi, buraları işıq gözü keçməyə tələsirdim. Bizi qarşıda və arxada yol polisi müşayiət edirdi, təsəvvür edin, toz-torpaqdan bizi müşayiət edən yol polisi maşınları da görünmürdü bəzən yolda. Yolda çoxlu qəzaya uğrayan, çaya düşmüş maşınlar gördük.

Axşama yaxın gəlib sərhədə çatdıq, məlum oldu ki, Seyid Camaloğlu, onun oğulları, Maqomedovun köməkçisi də sərhədçilərə zəng edib mənlə maraqlanıblar.

Dərbəndə çatdıq. Artıq qaranlıq düşmüşdü. Seyid Camaloğlu yolumuzu davam etdirməyə qoymadı, axı, o yollarda da əmin-amanlıq deyildi (xüsusilə gecələr). Yenə də Qurbanın evində qaldım. Oradanca Qusar rayonunun İcra Hakimiyyətinin başçısı İkram Əmirova telefon açdım: “Səhər saat 10-da məni sərhəddə qarşılayın”. Qusara getməliydim, orda bir günlük işim vardı.

Səhər saat 10-da Samuru keçdik. İkram Əmirovla rayon mərkəzinə dönmədən birbaşa Zuxul tərəfə üz tutduq, digər sərhəd məntəqəsinəcən getdik, kəndlərdə olduq, insanlarla görüşdük, məktəblərə baş çəkdik, sərhədçilərlə söhbət etdik, hər şeyi öz gözlərimlə gördüm, çox məsələlər öyrənildi, müzakirə olundu. Nahar da etmədik, Zuxulda çay içməklə kifayətləndik. Qaş qaralanda Qusara yaxınlaşırdıq. “Axır ki, bir tikə çörək kəsərik, bir az istirahət edəsiniz, gecə qalıb sabah Bakıya çıxarsınız” –  dedi İkram Əmirov (o illərdə səfərlərdə olanda heç bir restorana girməzdim, ölkə daxilində yalnız qonaq evində çörək kəsərdim, xaricdə olanda – ya qaldığım oteldə, ya da tədbirlər keçirilən yerlərdə). Ancaq İkram onu bilmirdi ki, sabah da bu gün kimi sıx qrafikli olacaq: Xaçmazda, Qubada, Dəvəçidə, Siyəzəndə müşavirələr aparacaqdım, çox görüşlər keçirəcəkdim, axşamdan xeyli keçəndən sonra Bakıya qayıda biləcəkdim. Sabahkı proqram ardıcıllıqla xəyalımdan keçirdi; saatları hesablayırdım, bölürdüm... Lakin... Elə bu vaxt İkramın köməkçisinin telefon zəngi gəldi. Üç-dörd saatdır Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev məni axtarırlarmış, dağların arasında olduğumuz üçün mobil telefonlarımız tutmayıb. Ramiz müəllimə zəng çaldım. Məlum oldu ki, sabah Moskvaya uçan prezidentə çox ciddi bir mövzuda əlavə arayış lazımdır.

Daha Qonaq Evinə də dönmədim (yolda bu gecənin, səhərin iş qrafikini xəyalən təzələdim – gecə 3-4 saat yatmaqla arayışı neçə saata hazırlayıb qurtaracağımı hesabladım, indicə adlarını çəkdiyim rayonların icra hakimiyyəti başçılarına avtomobildəncə telefon açıb müşavirələrin hər birinin vaxtını 3 saat geri çəkdim, amma belə olanda Bakıya gecə yarıda qayıda biləcəyim barədə heç düşünmədim də), birbaşa Bakıya, Prezident Aparatına gəldim, kabinetdə gecələdim, istirahət otağında hər şərait olsa da, cəmisi üç saat yatdım (gecə saat 3-əcən işlədim, hər ehtimal üçün Prezident Aparatının növbətçisindən xahiş etdim ki, saat 6-da zəng çalıb, məni oyatsın. Ancaq saat altıya on beş dəqiqə qalmış özüm oyandım yuxudan) çünki sənədi işləyib çatdırmalıydım və çatdırdım. Evə də demədim, elə bildilər – Qusardayam. Desəydim, narahat olardılar – axı, doxsanıncı illərin ortalarınacan davam edən dövlət çevrilişi cəhdlərinin vahiməsi hələ bizim ailədən çıxmamışdı.

Qarşıda indicə dediyim qrafiki əhatə edən yeni gün başlayırdı. Yenə evə heç nə demədən Xaçmaza yola düşdüm.

Vedenodan ayrılmayaq, bu, Çeçenistana ilk gediş deyildi, beşinci təhlükəli səfər idi, iki dəfə də İnquşetiyada olmuşdum (hətta prezident Heydər Əliyevin adından prezident Ruslan Auşovun andiçmə mərasiminin iştirakçısı və çıxışçısı idim).

Çeçenistana səfərlərin birində Şeyxülislam Allahşükür Paşazadə ilə məni o vaxtlar Çeçenstanın Azərbaycandakı nümayəndəsi Əli Asayev müşayiət edirdi. O təhlükəli yollarda deyirdi ki, siz qorxmayın, maşının arxasında qranatamyot var, bizə atəş atanın atasını yandıraram. Mənsə, əlbəttə, gülüşümü saxlaya bilməyib, deyirdim: “Bizə atəş açılandan sonra sənin qranatamyotun necə işə yaraya bilər axı, ay Əli...”

Bununla belə mən bu əzablı, qorxulu yollarla hər ay, bəzən hər həftə gedirdim və təsəvvür edin – 1990-cı illərdə 31 dəfə Dağıstanda olmuşam və regiondakı separatçıların, Azərbaycana qarşı olan qüvvələrin diqqət mərkəzindəydim. O vaxtlar o regionun demək olar, bəzi məsələləri bu qüvvələrin əlində idi.

Dağıstanın rəhbəri, çox hörmət etdiyim Maqomedəli Maqomedovla uzun illər səmimi münasibətlərimiz olub. Dağıstan parlamentinin sədri, sonra ilk prezidenti Muxu Əliyevlə, Baş nazir Xızri Şıxsəidovla, Dövlət Şurası sədrinin müavini Taqibat Mahmudovayla, Baş nazirinin müavini Nizami Qaziyevlə, o illərdə Dağıstan parlamentinin deputatı, hazırda Rusiyanın Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla, Milli siyasət, mətbuat və xarici əlaqələr naziri Maqomedsaleh Qusayevlə, bir çox digər nazirlərlə, Qurbanovlar ailəsi ilə, başqa vəzifəli şəxslərlə sıx əməkdaşlıq edirdim, soydaşlarımızın çoxsaylı təmsilçiləri ilə yaxın əlaqələrim vardı. Bizim Bakı, Quba, Xaçmaz, Qusar, Dərbənd, Mahaçqala və digər şəhərlərdə çox görüşlərimiz olmuşdu, çox mürəkkəb tədbirlərdə iştirak etmişdik. Maqomedsaleh mənə deyirdi: “Siz Dağıstana gələndə deyirlər ki, Hidayət Orucov gəlib, görəsən nə var, nə baş verib?” O, Azərbaycan mədəniyyətinə bələd idi, filmlərimizə baxmışdı: “Sizi “Uzaq sahillərdə” filmindəki Mixaylo obrazına bənzədirlər”, zarafatla: “Mixaylo şəhərdədir...” – deyirdi. Buna oxşar fikirləri mənə gürcüstanlı iki həmkarım da söyləmişdi. (Təəssüf – iki dəfə sui-qəsddən, bir dəfə girovluqdan sağ çıxan Maqomedsaleh üçüncü sui-qəsddə qətlə yetirildi).

Demək olar, hər həftə təhlükəli epizodlar olurdu, Azərbaycanın şimal və cənub rayonlarında da sakitlik deyildi. Əlikram Hümbətov “respublika” qurmuşdu, mən ona “yay hökuməti” deyirdim. Mən bu vəzifəyə təyin edilənə qədər Şimal rayonlarında “sadval”çılar “tüğyan” edirdilər. Gecəmiz-gündüzümüz mübarizədə, mücadilədə keçirdi. Çox rəqiblər, bədxahlar, hətta düşmənlər peyda olmuşdu, istər ölkənin daxilində, istər xaricində. “Sadval”ın Samurun qırağında keçirdiyi mitinqlərdə səslənən, bəzi bədnam dairələr üçün “bəyanat”, “qərar” kimi qəbul edilən 5 iddiasından biri Hidayət Orucovun istefası tələbi idi.

Prezident Heydər Əliyev Dağıstanın rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edərkən bu tələbləri nəzərdən keçirdi, mənim adım olan bəndə çatanda çox kəskin tonla “Bu, nə cəfəngiyatdır yazırlar?” söylədi. Bu, yerində deyilən, həmin qüvvələrə ünvanlanan sərt, qəti mesaj idi: Prezident, Hidayət Orucovu yerindən tərpətməyəcək! Düşünülmüş şəkildə deyilirdi ki, “sadval” çılara çatdırılsın. Dağıstanlı qonaqlar da, sağ olsunlar, çatdırmışdılar. Prezidentin sözünü iki-üç gün sonra Dağıstanda hamı eşitmişdi. Ölkəmizin daxilində əlləri xaricilərin ciblərində olan mənfur qruplar da ayağımın altını qazırdılar. O illərdə və sonralar məni göydə Allah, yerdə ulu öndər Heydər Əliyevlə, prezident İlham Əliyev xilas etdilər, saxladılar, qorudular.

– Siz o illərdə demək olar ki, bütün səfərlərə bilavasitə Heydər Əliyevin tapşırığı ilə gedirdiniz?

– Bəli, başqa cür ola da bilməzdi və qayıdandan sonrada bu və digər məsələlərlə, proqnozlarla əlaqədar ona məruzə edirdim. Ulu öndər o qədər dərin, bənzərsiz adam idi, mənə tapşırıqlar verəndə ən mürəkkəb məsələləri belə 3-4 cümlə ilə təqdim edirdi. Onun cümlələri elə sadə, həmdə elə sanballı və ətraflı olurdu ki, əlavə sual verməyə ehtiyac qalmırdı. Yadıma gəlmir ki, ondan tapşırıq alanda nəysə, hansı məqamsa mənə aydın olmasın, sual verim, nəyisə soruşum, nəyisə dəqiqləşdirim.

1997-ci ildə Şeyx Şamilin anadan olmasının 200 illiyi ilə əlaqədar Mahaçqalada keçirilən tədbirə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi getmişdim. Mən orada ulu öndərin təbrik məktubunu oxudum və çıxış etdim. Təbrik hərarətlə qarşılandı, çıxışım bəzən hər cümlədən sonra alqışlanırdı. Sonra yubiley Bakıda keçirildi. Ulu öndər tədbirdə iştirak edirdi. Dağıstandan parlamentin sədri Muxu Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti də tədbirə qatılmışdı. Muxu Qimbatoviç mənim Mahaçqaladakı çıxışımı unutmamışdı və bu barədə Heydər Əlirzaoğluna həvəslə danışırdı.

– Siz o dövrdə Gürcüstanda da çox olmusunuz.

– Eduard Şevardnadzenin prezidentliyi dövründə mən 14 dəfə Gürcüstanda səfərdə olmuşam, bir dəfə ulu öndəri müşayiət etmişəm. Bir dəfə Milli Məclisin sədri Murtuz Ələsgərovla getmişəm. 12 dəfə öz səfərim olub və  bu 12 səfərdə 10 dəfə E.Şevardnadze ilə təkbətək görüşmüşəm. O görüşlərdə çox problemlər, ancaq hər dəfə Gürcüstanda yaşayan azərbaycanlıların və vətənə qayıtmaq həsrətli Ahıska türklərinin problemləri müzakirə olunub. Eduard Amvrosiyeviç hər iki məsələrdə mənim dönməzliyimi görüb bir dəfə dedi: “Əziz Hidayət, əmin ol, bu problemləri həll etməyincə, mən prezident kreslosundan getməyəcəyəm”.

1994-cü ilin noyabr ayının son günləri idi, dövlət müşaviri olaraq Gürcüstana ilk dəfə gedirdim və Marneuli rayonunun prefekti (icra hakimiyyəti başçısı) Levan gəlib məni Qazaxda qarşıladı. Qırmızı körpüdə isə Gürcüstanın Millətlərarası Münasibətlər üzrə Dövlət Komitəsinin sədri Aleksandr Kafsadze, digər rəsmilər, mühafizə və yüksək rütbəli yol polis zabitlərinin müşayiəti ilə gözləyirdilər. Oradan birbaşa rayonun Qaçağan kəndinə getdik, kənd mədəniyyət evində soydaşlarımızla görüş keçirdik. Mədəniyyət evi soyuq olduğundan hamı palto və papaqla oturmuşdu, onların çoxu ayaq üstə idi. Biz üç saatdan çox ən müxtəlif problemləri çözələdik, soydaşlarımızın ən müxtəlif suallarına cavab verdik. O vaxtadək qısa bir zamanda Gürcüstanı 80 min azərbaycanlı tərk etmişdi, qalanları da yır-yığış etmişdilər, evlərindən çıxmağa hazırlaşmışdılar. Belə bir vaxtda biz çox iş görə bildik, hakimiyyət orqanlarının nümayəndələri ilə müxtəlif səviyyəli danışıqlar apardıq. Bir neçə gün ərzində Marneuli, Bolnisi, Dumanisi, Msxeti, Qardabani rayonlarının mərkəzlərində, kəndlərində, Rustavi, Tbilisi şəhərlərində rəhbərlərlə, əhali ilə görüşlər keçirdik, soydaşlarımıza dayaq olduq, vəziyyəti izah etdik, çox problemlər həll olundu.

Dekabrın 2-də Eduard Şevardnadze ilə görüşə gedəndə, düşündüm: ölkə başçısı ilə üzbəüz oturacağam, protokol bir yana, sadəcə yaxşı deyil, isti sviteri çıxardım, köynək-qalstukla qaldım, otağa daxil olanda gördüm ki, bura çox soyuqdur. Bir neçə dəqiqədən sonra E.Şevardnadze otağa daxil oldu və gördüm ki, qırmızı sviter geyinib, qırmızı qalstuk taxıb (o, qırmızı qalstuk taxmağı sevirdi), özü də üşüyür (prezidentin kabinetini də qızdıra bilmirdilər). O vaxt prezidentlə çox uğurlu görüşümüz oldu.

Ancaq görüşün sonu... Bir saatdan çox idi danışıqlarımız gedirdi, prezidentin köməkçisi otağa daxil oldu və onun qarşısına bir kağız qoydu. Prezident kağızı oxuyub çox fikrə getdi, ancaq pörtmədi, qızarmadı, sifətində heç bir ifadə dəyişmədi.

Onun çox bəd xəbər aldığını dərhal hiss etdim. Elə məqam idi – bütün problemlər müzakirə olunmuşdu, görüşü beş-altı dəqiqə uzatmaq da olardı, dərhal qurtarmaq da...

Əlbəttə, vəziyyəti nəzərə alıb söhbətimizi dərhal yekunlaşdırdım. Mən və məni müşayiət edənlər prezidentlə vidalaşıb ayrıldıq. Görüşdə iştirak edən Aleksandr Kafsadze, Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze içəridə qaldılar. Qəbul otağında məni müşayiət edənlərə dedim: “Prezident çox ağır bir xəbər aldı”. Təəccübləndilər:

– Haradan bildiniz ?

–  Ona gələn kağızı oxumağından.

– Axı, halı dəyişmədi...

– Şevardnadze o kateqoriyalı siyasətçilərdən deyil ki, qonaqların yanında halı dəyişə. Kağızı oxuyandan sonra çox dərin fikrə getdi...

Biz hələ qəbul otağında paltolarımızı geyərkən A.Kafsadze ilə L.Mamaladze prezidentin yanından çıxdılar, ilk sözləri: “Ağır xəbər var, Giya Çanturiyanı evinin qabağındaca qətlə yetiriblər”. G.Çanturiya o illərdə Gürcüstanın əsas partiyalarından birinin rəhbəri idi.

Ölkədə vəziyyət ağır idi – həm iqtisadi, həm kriminogen, həm ictimai-siyasi... Mən prezidentin iqamətgahının əsas korpusunda qalırdım. Oranı qızdırmaq üçün də çox əziyyət çəkirdilər.

Elə o səfərdə azərbaycanlılar yaşayan Dmanisi rayonuna getdik, möhkəm qar yağmışdı. Bolnisi-Dmanisi magistralında İrəvana yol ayrılan yerdən o yana bizim maşınlarla (“Çayka”, müşayiət edən yüngül avtomobillərlə) getmək mümkün deyildi. Rayonun prefekti də “hər işi əvvəlcədən görmüşdü” ki, mənim ora getməyim baş tutmasın. Özü guya piyada ora gəlmişdi. Soruşdum: “Sizdə “Villis”, “Niva” yoxmu?” Dedi: “Yox”.

Gözümə deyən, kimin olduğunu bilmədiyim “Niva” markalı maşına yaxınlaşdım: “Onda mən bu maşınla gedirəm”. Maşına əyləşdim. Kafsadze də gəlib yanımda oturdu, tərpəndik. Prefekt gördü-hiyləsi baş tutmadı, dərhal “Villis”lər, “Niva”lar “tapıldı”, məni müşayiət edənlər arxamızca gəldilər. Belə bir vaxtda, belə çətinliklərlə gedib soydaşlarımızla görüşdük, işığın, qazın olmamasından, digər onlarca problemdən şikayətlənirdilər. Səfər zamanı bir dəfə azərbaycanlı evində, ikinci dəfə gürcü evində çörək kəsirdik. Həmin gün naharda məlum oldu ki, bu, prefektin evi imiş və nahardan sonra bildim, prefekt milliyyətcə ermənidir. Sonra mənə dedilər: “Bu adam azərbaycanlılara “qan uddurur”.

Eduard Şevardnadze ilə görüşəndə bu faktı ona dedim. “Mən onun evində erməni olduğunu bilmədən olsa da, çörək kəsmişəm, duz-çörəyi ayaqlamaq fikrim də yoxdur, amma o, Sizə yaxın adamdırsa, qoy Cavaxetiyada ermənilərin prefekti olsun”. Şevardnadze on günün içində həmin ermənini oradan götürdü. Sonralar mənə məlumat verildi ki, Bolnisinin icra başçısı da xalis ermənidir, Laqodexinin icra başçısının isə anası ermənidir. Onlar da soydaşlarımıza qarşı ayrı-seçkilik edirlər: torpağı azərbaycanlılardan alıb başqa xalqların nümayəndələrinə mülkiyyət kimi veriblər, azərbaycanlılar isə öz torpaqlarında icarəçi kimi, muzdla işləyirlər və addımbaşı problemlə qarşılaşırlar. Torpaq haqqında qanunda belə ayrı-seçkiliyə imkan yaradırdı. Şevarnadze özü də açıqca etiraf etdi: “Da, gto bıl diskriminaüionnıy podxod”. Bundan sonra Bolnisi və Laqodexi rayonlarının prefektlərinin dəyişdirilməsinə də nail oldum.

Mən dövlət müşaviri kimi fəaliyyətə başlayanda həm Qafqaz regionunda, həm də ümumiyyətlə, MDB məkanında milli-dini sahədə vəziyyət çox mürəkkəb idi. MDB-dən olan həmkarlarımla müntəzəm olaraq görüşür, milli siyasət məsələlərini müzakirə edirdik. Onların arasında məndən yaşlı adamlar da vardı, amma məni ağsaqqal sayır, mənə xüsusi münasibət bəsləyirdilər.

Eduard Şevadnadze Aleksey Gerasimovu özünə millətlərarası münasibətlər üzrə köməkçi təyin edəndə ona tapşırmışdı ki, Hidayət Orucovla görüşüb ondan məsləhət al. O mənə zəng etdi, mən onu təbrik etdim, Bakıya səfərini təşkil etməyə vaxtım yox idi, ona görə bir günlüyə Qazaxda görüşdük, Qonaq Evində neçə saat söhbət etdik, sonra Damcılıya getdik. Süfrə ətrafında da milli məsələlər, Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə əlaqədar geniş fikir mübadiləsi oldu, ona bir sıra məsləhətlər verdim.

Prezident Heydər Əliyev Şimali Osetiyanın mərkəzi Vladiqafqazın əsasının qoyulmasının 200 illiyi və Osetiyanın Rusiyanın tərkibinə daxil olmasının 250   illiyi münasibəti ilə keçirilən mərasimə dəvət edilmişdi.

Ulu öndər məni yanına çağırıb dedi: “Qalazov (Şimali Osetiyanın prezidenti) təkidlə xahiş edir, amma mən, əlbəttə, oraya getməyəcəyəm, gedin, mənim təbrikimi oxuyun, çıxış edin... Qalazov deyir orada yaxşı Azərbaycan diasporu var, onlarla da görüşün”.

Osetinlərlə inquşlar arasında dəhşətli müharibə getdiyi üçün hava yolları da bağlı idi. Prezidentin tapşırığı ilə mənə xüsusi təyyarə ayrıldı, təhlükəsizlik orqanları Bakıdan yalnız saat 10-dan sonra uçmağa icazə verdi.

Məni Vladiqafqaz hava limanında yüksək səviyyədə qarşıladılar. Qarşılayanların başçısı Konstitusiya Məhkəməsinin sədri Kazbek Yanonoviç dedi ki, “Dəyirmi masa” başlayıb, amma bununla belə, hava limanının VİP salonunda zəngin süfrə açıb mənim başımı qatmaq istəyirdilər, mənsə təkid elədim və birbaşa Prezident sarayına yollandıq. Biz oraya çatanda “Dəyirmi masa” yekunlaşmaq üzrə idi. Qəbul olunacaq bəyanata baxdım, orada nələr yox idi. Milli, dini separatizmə, ekstremizmə açıqca dəstək sənədi idi. Sən demə, burada qondarma Dağlıq Qarabağ və Abxaziya, Şimali Osetiya “respublikalarının” parlamentlərinin sədrləri də iştirak edirmiş. Ermənistanı isə bu ölkənin Rusiyadakı səfiri təmsil edirdi. Aydınca görünürdü: müzakirəyə guya regionda etnik azlıqlar, millətlərarası münasibətlərin tənzimlənməsi, sabitliyin bərpa olunması ilə əlaqədar bir sənəd çıxarılıb. Əslində bu,  həqiqətləri, ədalətli əks etdirməyən, Azərbaycanın və Gürcüstanın maraqlarına uyğun olmayan, milli azlıqlarla bağlı beynəlxalq hüquq normaları ilə bir araya sığmayan, təxribat xarakterli bir sənəd layihəsi idi. Tədbirin əvvəlindən iştirak edən Gürcüstan baş nazirinin müavini İrakli Menaqaraşvili (o, sonralar uzun müddət öz ölkəsinin xarici işlər naziri vəzifəsini tutdu) isə nədənsə susmuşdu və susurdu, ya problemlərdən başı çıxmırdı, ya da risk eləmirdi. Mən dərhal söz alıb bildirdim ki, qeydlərim var və ilk iradımı söylədim. Dəyirmi masaya sədrlik edən Şimali Osetiyanın prezidenti Askarbek Qalazov laqeyd şəkildə dedi ki, ekspertlər baxsınlar, nəzərə alınar. Sonra mən ikinci, üçüncü, dördüncü... on birinci dəfə qeydimin olduğunu bildirəndə və iradlarımı deyəndə çaşqınlıq yarandı, diqqətlər mənə yönəldi, Dəyirmi masa çox uzandı... Orada iştirak edən Rusiyanın Federasiya işləri və millətlər naziri Vyaçeslav Mixaylov dili ilə deyil, başı ilə də olsa, mütəxəssis kimi mənim qeydlərimi təsdiq etmək məcburiyyətində qaldı (hər halda onun başı bu məsələlərdən az-çox çıxırdı). Bu, separatizm mövqeyində olan, yalnız xalqların öz müqəddəratını təyin etmək hüququnu qabardan və müdafiə edən bir sənəd layihəsi idi və mən söz alanda qəbul olunmağına, necə deyərlər, beş saniyə qalırdı. Layihədə qeyd edilirdi ki, Dağlıq Qarabağın, Abxaziyanın, Cənubi Osetiyanın öz müqəddəratlarını təyin etmək hüququ əsasdır. Ona görə də mən bu sənədin qəbul olunmasına imkan vermədim. Sonra keçirilən mətbuat konfransında ermənilərin, Cənubi və Şimali Osetiyadan, Abxaziyadan olanların diqtəsi ilə əsas suallar mənə yönəldi və mən yenə də öz mövqeyimi ortaya qoydum, sənədi alt-üst etdim.

Axşam tədbirlərin zirvə mərasimində ulu öndərin məktubunu oxudum və çıxış etdim, həm təbrik, həm də çıxış yaxşı qarşılandı. Tədbirin rəsmi hissəsindən sonrakı fasilədə Vladiqafqazdakı soydaşlarımızın fəallarından bir qrup gözlənilməz halda hökumət otağına daxil oldular, sevincləri yerə-göyə sığmışdı, yalnız təntənəli iclasdakı çıxışım üçün yox, “Dəyirmi masa”dakı mövqeyim, iradlarım sən demə, şəhərə yayılıbmış... Dedilər: “Şəhərdə danışırlar ki, Azərbaycan nümayəndəsi milli-məsələlər haqda sənədi alt-üst etdi, qəbul olmağa qoymadı”.

Mixaylov bizə 20 Yanvar müsibətindən bəlli olan şəxsdir. Sonralar Mixaylovla müxtəlif ölkələrdə çox tədbirlərdə görüşdük, sıxıla-sıxıla dedi: “Çoxdandır Bakını görməmişəm, istərdim gələm Azərbaycana”,  xahiş etdi: “Məni dəvət edin”.

Dedim: “Sizi Bakıya dəvət edə bilmərəm”.

Soruşdu: “Bakıya gəlsəm, məni qəbul etməzsinizmi?”

Cavab verdim: “Bakı mənim evimdir, azərbaycanlı qonağı qapıdan qaytarmaz, amma sizin kimi qonağı dəvət də etməz. 1990-cı il, yanvarın 18-də Azərbaycan televiziyasındakı çıxışınızda qəti bildirdiniz ki, qoşun Bakıya girməyəcək və komendant saatı elan edilməyəcək. Sonra məlum oldu ki, siz televiziyada bütöv bir xalqa yalan satıb onu arxayın salanda başkəsənlər ordusu artıq şəhərə daxil olurmuş... Fəqətqoşunlar vəhşi kimi Bakıya soxuldu və bu nəhəng şəhəri viran etdi, 150-yə yaxın adam güllələndi, bu, kimin adına yazılmalıdı? Mən sizi öz evimə necə dəvət edə bilərəm?”

Sonralar bəzi həmkarlarım onu Bakıya dəvət etməyi məndən təkidlə xahiş etdilər. Sözümdən dönmədim, dönə bilməzdim.

–Ulu öndər Heydər Əliyevlə 10 il işləmisiniz. Onunla işləmək həm asan, həm də çətin idi...

– 1980-ci illərin ikinci yarısından başlayaraq Heydər Əliyev haqqında mətbuatda çıxış etmişəm. Bilirsiniz, o vaxtlar mən Heydər Əliyev haqqında mətbuatda müsbət fikirlər deyəndə hətta bəzi yaxın qohum və dostlarım da məni bu yoldan çəkindirməyə çalışırdılar. Əvvəllər mənə hərdənbir zəng edənlər, 20 Yanvar müsibəti ərəfəsi və sonralar uzun müddət gündə səhər və axşamlar zəng vurmağa başlamışdılar. Mən bunun səbəblərini anlamağa çalışırdım. Sonralar onlar etiraf etdilər: “Sənin üçün çox qorxurduq, zəng edirdik görək sağ-salamatsan, ya yox...”

Bir axşam bir ən yaxın qohumum-doğmam xanımı ilə gəldi bizə, elə uşaqların yanındaca mənə dedi: “Çəkil bu yoldan, yazma Heydər Əliyev haqqında, çıxışlarında, söhbətlərində onun adını çəkmə, bir gün səni ya tutacaqlar, ya da vuracaqlar, tutmağa bəhanə tapmayacaqlar, çox güman ki, vuracaqlar, mən sənin uşaqlarına baxmayacam, bax, indidən deyirəm...” Deyilənlər həqiqət olsa da, bu sözləri gülə-gülə qarşıladım. Və çəkilmədim o yoldan.

Əlbəttə, ölkəmizin o vaxtkı rəhbərləri mənim bu istiqamətdəki dönməzliyimi unutmadılar, çox yerdə qabağımı kəsdilər, çox yerdən adımı pozdular, 1990-cı ilin parlament seçkilərində isə mənə qarşı görünməmiş irticalar törətdilər ki, parlamentə keçməyim. O vaxtın yetkililərindən biri demişdi: “Heydər Əliyev özü azdır, hələ onun müdafiəçisi də Ali Sovetə keçsin?”

Bəli, mən çəkilmədim bu yoldan, heç nə məni qorxutmadı, çünki mən ulu öndərin böyüklüyü ilə fəxr edirdim, ideyalarına inanırdım.  Hətta səksəninci illərin sonlarından istəyirdim ki, Xalq Cəbhəsi Heydər Əliyevə müraciət etsin, onunla birləşsin. Birinin romantikası, o illərdəki kütləviliyi, birinin müdrikliyi, zəkası, dövlətçilik təcrübəsi...

Sonralar jurnalist Andrey Karaulov bir ifadə işlətdi: “Master vlasti”, doğrudan da o, “Hakimiyyət ustadı” idi. Mən hər yerdə açıq deyirdim ki, Xalq Cəbhəsi Hakimiyyət Ustadına müraciət edərək onunla birləşməlidir. Mən bu məsələ ilə əlaqədar Əbülfəz Elçibəylə üç dəfə danışmışdım, onun Heydər Əliyevə münasibəti çox yaxşı idi, ancaq ətrafında elə adamlar vardı, qəti şəkildə buna qarşı idilər. Bu ideya o illərdə gerçəkləşsəydi, bu gün də əminəm,  ağır itkilərimiz olmayacaqdı, lap başlıcası,  Qarabağ və ətrafı düşmən tapdağına düşməyəcəkdi. O ki, qaldı Heydər Əliyevlə işləməyə, ulu öndərlə çalışmaq şərəfli və məsuliyyətli idi. İşə can yandıranda, məsuliyyətli olanda onunla işləmək asan idi. Əgər məmur tənbəldirsə, saxtakardırsa, xəyanət edirsə , o belələri ilə işləyə bilmirdi.

Amma ulu öndərin bilavasitə rəhbərliyi ilə işlədiyim illəri xatırlayanda onun qeyri-adi iş qabiliyyətini, yorulmazlığını qeyd etməmək olmur. Çox məqamlarda məni heyrətləndirirdi. Elə hallar olurdu gecə saat 1-dən, 2-dən sonra müraciət etməli olurdum. Belə vaxtlardakı ilk zəngim bu gün olduğu kimi yadımdadır: bazar ertəsinə keçən gecəydi, 6-7 saat sonra xaricə səfərə getməli idim, yeni problem çıxdı, gecə saat 2-də bağdan hökumət telefonu ilə Prezidentin iqamətgahındakı bir nömrəni yığdım. Dəstəyi general Bəylər Eyyubov qaldırdı. İstəyimi bildirdim, nömrə verdi, dedi – zəng edin. Soruşdum: “Bəlkə istirahət edir?” Dedi: “Xeyr, zəng edin”. Arxayınca nömrəni yığa-yığa, fikirləşdim, mühafizədən kimsə dəstəyi qaldıracaq, prezidentlə danışmaq istədiyimi bildirəcəyəm. Nömrəni yığdım və... birinci zummerdən sonraca prezidentin səsini eşitdim. İlk saniyələrdə özümü itirən kimi oldum, ancaq dərhal məruzəmi etdim, məsləhətlərini aldım. Səsində, danışığında yorğunluq qəti hiss olunmurdu.

Sonralar hərdən belə vaxtsız telefon zəngləri etməyə məcbur idim, ancaq bilirdim: telefonu özü qaldıracaq, birinci, ikinci zummerdəncə sonra. Belə də olurdu. Heyrətamiz iş qabiliyyəti vardı.

Mən səhər saat 9-da artıq işdə olurdum və gecə saat 2-3-ə qədər işləyirdim. Bir dəfə gecə saat 2-də hiss etdim ki, daha o gecəlik işim yoxdur və yorulmuşam, prezidentin köməkçisi Tariyel Ağayevdən soruşdum: “Yəqin, bundan sonra cənab prezident məni dəvət etməz, evə gedə bilərəm?” Dedi: “Gedin, yəqin ki, dəvət etməz”.

Növbətçi maşınla Aparatdan çıxdım, evə çatanda gördüm oğlanların ikisi də məni həyətdə gözləyir. Saat üçün yarısı idi, mən narahat oldum: görəsən evdə nə olub, nə üçün uşaqlar məni küçədə gözləyirlər? Onlar məni gülə-gülə qarşıladılar, dedilər: “Tariyel müəllim zəng etdi və dedi ki, elə həmin maşınla da geri qayıtsın”. Mən qayıtdım, prezident məni qəbul etdi, sualları oldu, tapşırıqlarını verdi və evə getdim.

O vaxt hələ mobil telefonlar yox idi. Sonra bir dəfə də belə epizod oldu və hər iki epizod yeni dərs idi mənə. Sonra çalışdım ki, daha təkrarlanmasın. Prezident evə gedəndən sonra kabinetdən çıxırdım. Bu da adətən gecə saat 1-dən 2-dən tez olmurdu. Gecə ha vaxt getsəm də, dediyim kimi, səhər saat 9-da işdə idim. O vaxt biz belə işləyirdik və yenə deyirəm, mən o illəri xoş təəssüratla xatırlayıram. Ulu öndərin iş prinsipləri, idarəetmə ustadlığı ilə bağlı hər epizod böyük bir mövzudur və bir müsahibədə danışmaqla qurtarmaz.

– Siz Heydər Əliyevi müdafiə edəndə düşmənləriniz də artmışdı...

– Bəli, mən ulu öndəri açıq-aydın müdafiə edəndə, onu əsassız tənqid edənlər, ona böhtan atanlar təbi ki, mənim düşmənimə çevrilmişdilər. Məsələn, hamının tanıdığı bir nəfər Moskvada çap edilən erməni profilli jurnallardan birində ulu öndər haqqında hədyanlar yazmış, hətta onu millətçilikdə ittiham etmişdi. O adam mənə qarşı çıxışlar etdi, şair olmaya-olmaya mənə qarşı həcv də “qoşmuşdu”. Redaksiyalara ayaq döyməkdən yorulmadan çap etdirmək istəmişdi o “həcvi”, heç kim yaxına buraxmamışdı. “Ədəbiyyat və incəsənət” qəzetində ona demişdilər ki, Hidayət haqqında yazılan hədyanı Azərbaycanda heç bir qəzet verməz. Ondan sonra sakitləşdi. Mən dövlət müşaviri olandan sonra belələrinin sayı daha da artmışdı.

Heydər Əliyev hakimiyyətə qayıdandan sonra elə adamlar ona yarınmağa,  ətrafında cəmləşməyə can atdılar. Onlar öz səhvlərini səmimi etiraf etsəydilər, mən bunu normal qarşılayardım. Amma təəssüf ki, o adamlar öz şəxsi maraqları naminə ulu öndərə yaxınlaşır və məni məhv etmək üçün bütün imkanlardan istifadə edir, onun gözündən salmağa çalışırdılar. Heydər Əliyev Azərbaycan Prezidenti seçiləndən sonra ictimaiyyətin bəzi nümayəndələri ilə keçirdiyi ilk görüşdə həmin şəxs prezidentə müraciət etdi: “Niyə Siz Hidayət Orucovun işdən çıxarılması haqqında fərmanı dünən verməmisiniz, bu günə saxlamısınız?”

Ulu öndər çox təmkinlə bildirmişdi: “Filankəs Filankəsoğlu (haqq dünyasında olduğu üçün adını yazmıram- H.O.), o işləyir!”

Həmin görüşdə təkcə o şəxs deyil, onun kimi iki-üç adamın da kefi pozulmuşdu, hətta törətmək istədikləri baş tutmadığından o şəxsin yanında oturan bir xanımın halı guya pisləşmişdi və həmin şəxs onun qoluna girərək bayıra çıxmışdılar, pərtliklərini gizlədə bilməmişdilər, qəbul otağında kresloda oturub təzə təxribatları barədə “dərdləşmişdilər”.

Bir dəfə mən özüm bu barədə cənab prezident İlham Əliyevə dedim, təəccübümü gizlətmədim: “Haqqımda ulu öndərə o qədər dedilər, heç bir reaksiya vermədi. Bilirəm, Sizə də həmişə haqqımda xoş sözlər söyləmirlər...” Cavab cümləsini olduğu kimi deyirəm: “Mən elə sözlərə inanmıram!”

Heydər Əliyev nəinki məni işdən uzaqlaşdırmadı, mənim normal fəaliyyətim üçün şərait yaratdı, on il bilavasitə mənim rəhbərim oldu, bir dəfə demədi, hətta hiss etdirmədi ki, səndən mənə bunları deyirlər. Allah ona rəhmət eləsin, O, böyüklük mücəssəməsi idi.

O illər mən gecə-gündüz işlədim, çalışdım, əsəb gərginliyi və çoxlu düşmən qazandım...

– Hidayət müəllim, Azərbaycan-Qırğızıstan əlaqələri hansı səviyyədədir, nədən başlamısınız, hansı işləri görmək fikrindəsiniz?

– Azərbaycan və Qırğızıstan qardaş ölkələrdir. Ulu öndər deyirdi: “Manas” dastanı bizim ümumi dilimizdə yazılıb. Onu da deyirdi ki, bizim kökümüz və tariximiz birdir. Məlum olduğu kimi, Heydər Əliyev “Manas”ın Qırğızıstanda keçirilən minilliyi yubileyində dərin məzmunlu çıxış etmişdi. Çıxışında deyirdi ki, “Manas” qırğız xalqının iradəsini, qəhrəmanlığını, varlığını və bütün türk dünyasının bu keyfiyyətlərini özündə əks etdirən dastandır. “Manas” eyni zamanda Azərbaycan xalqının əzmini, qətiyyətini, mənəviyyatını əks etdirən bir əsərdir, “Manas” bizim hamımızın ulu əcdadıdır. Ulu öndər onu da deyirdi ki, türkdilli xalqların dillərində müəyyən fərqlər var, amma biz bir-birimizi ürəyimizlə başa düşürük.

Mən bu ölkədə Azərbaycana doğmalıq və qardaşlıq münasibəti görürəm. Əslində biz tarixi köklərimizə qayıdış prosesindəyik və elə bilirəm ki, bu proses ritmik gedir.

Azərbaycanla Qırğızıstan arasında siyasi, iqtisadi, sosial, humanitar sahələrdə əməkdaşlıq qardaşlığımızın səviyyəsini və ölkələrimizin iqtisadi potensialını əks etdirmir. Son vaxtlar bu sahədə canlanma var, həm Azərbaycanda, həm də Qırğızıstanda. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Almazbek Atambayev bu sahədə məqsədyönlü, perspektivli siyasət aparırlar.

Çox tədbirlər planlaşdırılır, ancaq gəlin əvvəlcədən danışmayaq, gözləyək və şahidləri olaq. Çoxdandır belə bir qənaət formalaşıb məndə: “Əgər Allahı özünə güldürmək istəyirsənsə, ona öz planlarından danış”.

– Böyük qırğız yazıçısı Çingiz Aytmatovla dostluq əlaqələriniz olub...

– Çingiz Aytmatov mənim uşaqlıq və gənclik dövrümün yazıçısıdır, ən çox sevdiyim qələm sahiblərindən biridir. Mən onu yalnız sevməmişəm, həm də onunla fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, qardaş qırğız xalqının və türk dünyasının belə bir fikir sahibi var. Mən demək olar ki, onun bütün əsərlərini oxumuşam. Onu da deyim ki, Qırğızıstandan və Rusiyadan sonra Çingiz Aytmatovun əsərləri (“Cəmilə”dən tutmuş “Edam kötüyü”nə və ondan sonrakı əsərlərinəcən) ən çox Azərbaycanda çap edilib.

Tale elə gətirdi ki, mən onunla 1982 və ya 1983-cü ildə İrəvanda tanış oldum, xeyli söhbət etdik. Yazıçılar İttifaqının akt zalında ictimaiyyətlə keçirilən görüşündə də iştirak etmişəm. Yazıçılar İttifaqının İrəvan yaxınlığında səfalı bir yerdə yaradıcılıq evi vardı, sonra Ç.Aytmatovu ora apardılar. Adını ermənicəyə dəyişib “Caxkacor” qoysalar da, çoxu qədim, əsl adını – elə “Dərəçiçək” deyirdi.

Çingiz Dərəçiçəkdə dincələndə elə oldu ki, mən təcili olaraq SSRİ Mədəniyyət Nazirliyinin kollegiya iclasına dəvət aldım, Moskvaya getdim və o müddətdə onunla yenə görüşə bilmədim. İrəvandakı söhbətlərimdə mən erməni millətçiliyindən danışdım və bu məlumatlar ona yeni idi, dediklərimi diqqətlə, səbirlə dinləyirdi. İllər keçəndən sonra biz Moskvada Yazıçılar Evində görüşdük. Dedi: “Səni tez-tez xatırlayıram”, onda artıq Bakıda “Gənclik” nəşriyyatının baş redaktoru işləyirdim.

Bakıya köçdükdən sonra onun povestlərindən ibarət iri həcmli kitabınıbizim nəşrlər evində çap etdirdim. Moskvaya telefon açdım, danışdıq, müqavilə ona göndərildi, imzalayıb Bakıya qaytardı.  Sonra o mənə zəng etdi.

Keçmiş SSRİ-nin dağılması ərəfəsində yenidən Moskvada görüşdük. Artıq Dağlıq Qarabağ problemi başlamışdı, biz erməni məsələlərindən danışdıq. O mənə dedi ki, neçə illər əvvəl İrəvanda görüşəndə mənə bu haqda danışmışdınız və çox dərin bir fikrə getdi.

Mən çox təəssüf edirəm ki, Çingiz Aytmatov sonuncu dəfə Bakıya gələndə mən xaricdə idim, əlbəttə, o məni soruşmuşdu. Bişkekdə işə başlayandan bir az sonra Qırğızıstanın bir qrup görkəmli yazıçısı ilə “Ata Beyit”ə gedib Çingiz Aytmatovun məzarını ziyarət etdim.

Biz tez-tez görüşməsək də münasibətlərimiz səmimi idi. Yaşda məndən on altı il böyük olsa da ona sadəcə “Çingiz” deyə müraciət edirdim. İlk öncə nə üçün belə müraciət etdiyimin izahını da vermişdim: “Sizə Çingiz ağa, Çingiz mırza, ya Çingiz Terequloğlu – deyə müraciət etsəm nəhəngliyinizi, “statusunuzu” kiçiltmiş olaram. O Çingiz tarixin fəthlər Çingiziydi, Siz onun tarixdəki obrazını ədəbiyyatda yaradırsınız, beləliklə, dünya ədəbiyyatının Çingizisiniz”.

Gülə-gülə deyirdi: “Mənə elə belə də müraciət et, belə xoşuma gəlir”.

Prezident İlham Əliyevin göstərişinə əsasən, bu il yazıçının 85 illiyi Azərbaycanda dövlət səviyyəsində geniş qeyd olunacaq.

– Bu müsahibəyə “əzablı yollar”dan başladıq, çox mətləblər açdınız. Ancaq Sizi sevənlər çoxdur...

– Çünki dünyada ədalətli insanlar ədalətsizlərdən, haqlılar haqsızlardan çoxdur.

– Siz Azərbaycanda da, ölkəmizdən kənarda da çox tanınan, nüfuzlu adamsınız. Qarşıdan prezident seçkiləri gəlir. Siz isə Azərbaycanda deyilsiniz.

– Müstəqilliyimiz illərində ilk seçkidir ki, mən Azərbaycanda olmayacağam. Ancaq harda olsam da, Azərbaycandayam, xüsusilə seçkilərdə! Bir daha vurğulayıram: məni son 20 ildə göydə Allah, yerdə ulu öndər Heydər Əliyevlə prezident İlham Əliyev xilas etdilər, qorudular. Özü də yalnız məni deyil, başqalarını da. Onlar olmasaydı, çox haqsızlıqlar baş verəcəkdi. Tale elə gətirib ki, dünyada çox dövlət başçısı ilə görüşmüşəm, bəziləri ilə dönə-dönə ünsiyyətdə olmuşam. Dövlət başçılarını bir-birinə yaxınlaşdıran protokol qaydaları, öz ölkəsinin milli maraqlarını qorumaq prinsipləri ilə yanaşı hər birinin öz təbiəti, təhkiyyəsi, dünyagörünüşü, iş üslubu... Hamısı yadımdadır. Onların arasında prezident İlham Əliyev mükəmməl professional təhsili, yetkin dövlətçilik təcrübəsi, qlobal dünyagörüşü, səmimi mədəniyyəti, yüksək intellekti, təbiiliyi, mənəvi paklığı ilə diqqəti çəkir. Elə bu müsahibədən istifadə edərək məni sevənlərə, mənə inananlara üz tuturam: hamını yaxınlaşan seçkilərdə prezident İlham Əliyevə səs verməyə çağırıram. O, Azərbaycanın yalnız bu gününə deyil, gələcəyinə də çox lazımdır.

Söhbəti apardı: Qulu KƏNGƏRLİ

 





01.10.2013    çap et  çap et