525.Az

Sən yalnız mənimsən... - Leyla Camal yazır


 

Sən yalnız mənimsən... - <b style="color:red">Leyla Camal yazır </b>

Bəzən olur ha, göy üzündə heç ulduz yoxkən, ay qorxaqcasına buludların arxasından boylanınca, balaca bir ulduz "mən daha sönmədim" deyib işıldamağa başlayar. Bax, o ulduzumsan mənim...

Susuzluqdan çatlamış torpaqlara düşən bir damcı yağışı torpaq necə də aclıqla özünə çəkir. Bax, o yağış damcımsan mənim...

Tutqun havadan sonra buludların arxasından utanaraq gülümsəyən günəşimsən mənim... Payız gəlincə bütün yarpaqlar xəzəl olub ayaqlar altında xışıldayarkən, budaqdakı son yarpaq israrla qopmaq istəməz. Küləyə qarşı dirəşər, möhkəmcə tutunar budağa. Bax, o yarpağımsan mənim...

Qışın ayazına baxmayaraq, uşaqlar hər səhər oyanır oyanmaz pəncərəyə qaçar, qarın nə vaxt yağacağını böyük bir maraqla gözləyər. Bax, o həsrətlə gözlənən qarımsan mənim... Ən xoşbəxt anlarımda gözlərimdən süzülən sevinc göz yaşlarımsan...

Yaşanmış ən gözəl xatirəm, baxmağa doymadığım mənzərəmsən mənim...

Qışda baharım, yayda qarımsan. Dörd fəsli eyni anda yaşadan yeni ayımsan mənim...

Ən dadlı şərbətdən daha dadlımsan mənim. Qaranlığımın günəşi, gündüzümün ayısan...

Bu dünyada cənnətim, çəkdiyim ən böyük həsrətim, yaratdığım ən möhtəşəm şah əsərimsən mənim... Xoşbəxtliyimin memarı həyatımın baharısan... Gizlətdiyim ən dərin sirrim, aşikar etdiyim ən mükəmməl gerçəyimsən mənim... Bəlkə də çox arzuladım səni Allahdan. Bilmirəm, bu, təsadüfdür, yoxsa zərurət, artıq həyatımdasan. Bəlkə də bu şirin bir yuxudur. Elə isə oyatmasın kimsə məni. Çünki, sən - insanın ömründə bircə dəfə görə biləcəyi, oyanınca "bəlkə davamını gördüm" ümidilə təkrar yatmağa çalışdığı, təkrarlanmaz, möhtəşəm bir röyasan.

Sən - fırtınalı dənizimin sakit limanısan. Qoynuna sığınmışam dalğaların qorxusundan. Sən - çılğın dəniz ləpələrinin qayaya çırpdığı qızıl balığımsan. Həyatıma, ruhuma sakitlik gətirdin. Artıq, səhərlər daha xoşbəxt oyanıram. Daha az ağlayıram gecələr. Sən - yaralarımı sarmaq üçün Tanrımın göndərdiyi məlhəmsən.

Hər gecə gözlərinlə toqquşmaq, qoxunla yuxuya getmək, hər sabah qoynundan "günaydın" pıçıltınla oyanmaq həyatıma əvəzolunmaz bir dad gətirib. Qaranlıq mağarama sızan günəş şüası kimisən. Çox ehtiyacım olan bu şüa məni zülmətdən qoruyur. Sən- ölmüş ümidlərimin, dəfn olunmuş arzularımın, itirilmiş keçmişimin gələcək hədiyyəsisən.  Səni düşündükcə sadəcə gözəlliklər gəlir ağlıma. Haqqında düşündükcə üzümdə yaranan utancaq təbəssümümsən. Tanrının mənə ən böyük ərmağanısan. Sən üzümü güldürən, qəlbimi sevindirən səbəbsən. Bu, çox qəribə bir hissdir. Daha çox etibar, daha çox inam, daha çox hörmətdir. Sən varkən, sanki dünyanın heç bir pisliyi bulaşa bilməz mənə. Sən varkən heç bir təhlükə qorxuda bilməz məni. Amma qorxularım da böyükdür. Ya bir gün bu yuxudan oyanırsam deyə. Ya bir gün mənə "həyatında sadəcə bir qonaq idim, indi isə getməliyəm" deyərsən deyə. Sənə hisslərim artdıqca itirmək qorxum da çoxalır. Bu, bir oddur. Bilə-bilə alova doğru addımlayıram. Yanıram, amma ağrını hiss etmirəm. Çünki səninləyəm. Səninləykən həyat daha gözəldir. Yaxşı ki varsan. Yaxşıki varımsan. Sən mənsən... Mənim özünsən... Qədərim, alın yazımsan... Sən yalnız mənimsən...

 





22.05.2019    çap et  çap et