525.Az

Gənc ədiblərin Qulu Ağsəslə görüşü - Orxan Həsəni


 

Gənc ədiblərin Qulu Ağsəslə görüşü - <b style="color:red">Orxan Həsəni </b>

Sahil bağındayam. Fəvvarələrin səsi sakitlik boyu axa-axa bərkdən səslənirdi. Sahil bağının adamsız yaşıllığında siqaretimə güc verə-verə Gənc ədibləri gözləyirdim. Bu gün Qulu Ağsəslə görüş olacaqdı. Milli kitabxananın qabağında gənclərin sümürdüyü siqaretlərin göyümtül tüstüsü  burula-burula qalxıb "Qorkinin" daş bığlarına qonur, orada dincini alırdı. Gənclər mırt vururdular.

Şair demiş, "gözləməkdən gözüm çuxura düşdü". Gördüm fəvvarələrin səsini içimdə eşidirəm, yolu keçdim, "Xaqani" küçəsindən buruldum Yazıçılar Birliyinə. Pillələri iki-iki qalxdım. Və üçüncü mərtəbəyə çatmışdım ki, qulağıma səslər gəldi. Bu səslər məni dartıb-dartıb içəri saldı. Sən demə, Gənc ədiblər içəridəymiş. Adamlar masalarda əyləşib, hərənin başı bir şeyə qarışıb. Dayandığım yerdən Qulu müəllimi gəzdim. Yox, hələ gəlməyib. Deməli, hələ tədbir də başlamayıb. Gənc ədiblərin arasında bir əl qalxdı qəfil. Sonra ağ bayraq kimi yellənib özünü nişan verdi. Bu, Rəvan idi. Rəvanın özünü nişan verən əllərini tez gördüm və o əllərinin havasını içimdə öz yerinə qoyub yaxınlaşdım.

- Hardaydın? - deyir.

- Aşağıda. Sən hardan gəldin, görmədim?

- Mən şeirdən gəlmişəm, indi nəsrə yol gedirəm - Rəvan deyir və qımışır. Gülüşü sifətinə qırış yayır.

Gənc ədiblər dəyirmi masada əyləşib Rəşad Məcidə diqqət kəsiliblər. Elə indi saatımı yoxlayıb "Qulu müəllim gecikir" yazacaqdım, bir də gördüm külək kimi içəri girdi. Arxasınca da Orxan Saffari. Elə bil, Qulu müəllimin arxasınca gələn bu iri, yekəpər oğlan şair yox, cangüdəndir. Orta əsrlərdən gəlib, Səlib yürüşlərinə çıxacaqmış, yolu, təsadüfən, Yazıçılar Birliyinə düşüb.  Rəşad Məcid gözlərini qıyıb Gənc ədiblərin görüşlərində birinci dəfə iştirak edən gənclərə "köhnələri" təqdim edir. "Gənc klassiklər" deyir onlara. Və Ulucay Akifdən Orxan Saffariyəcən gənc müəllifləri təqdim edir, yazdıqlarından, yazacaqlarından danışır.

Gənclər özlərini təqdim edirlər.

Qazaxdan gələn bir xanım şeirlərini oxuyur. Xanım rayonda yaşasa da, imkan tapdıqca Gənc ədiblərin görüşlərində iştirak edir. İsa Hüseynovun təbirincə desək, zaman o zaman idi ki, indi həmin xanım imkan tapıb Gənc ədiblərin görüşündə iştirak edə bilmişdi və bundan olduqca xoşbəxt görünürdü. Gözləri qızıl kimi parıldayırdı. Şeirlərini də eyni məhəbbətlə oxudu, misralardakı vurğuların üstündən elə keçirdi ki, elə bil, şeiri incitmək istəmirdi.

Qulu müəllim şeirin sonunda fikirlərini bildirir:

- Şeirdə yük var. O yükü ora qoymaqla olmur e, qızım...

- Məndən asılı deyil. Ürəklə...

- Ürək də ağılla idarə olunmalıdır.

Bu dəfə "gənc klassik" Ulucay Akif söhbətə daxil olur və qollarını çirmələyib dili boğaza qoymur. Elə bil, Ulucayın çirmələnmiş qolları onun danışığını tərcümə eləmək istəyir. Ulucayın çirmələnmiş qolları deyir:

- Nə xanım ağlamadı, nə də şeir ağlatmadı, ona görə xoşuma gəldi. Eşq olsun!

Xanım deyir:

- Mən şeirlərimi video variantda da paylaşıram, amma çox baxış olmur.

Bu dəfə daha bir "gənc klassik" Rəvan Cavid müdaxilə edir. Rəvanın da dili zəifdir. Yüz dəfə demişəm, Mövlud Süleymanlı, Saday Budaqlı, Yusif Səmədoğlu, İsi Məlikzadə oxu. Amma nə xeyri var, Salman Rüşdinin təsirindən çıxa bilmir. Buna görə, reportajda Rəvanın cümlələrini tərcümə ilə verəcəm:

- Xanım,  meqabaytımız olmur e... Həm də gərək video keyfiyyətli olsun. Videodan da çox, şeir "keyfiyyətli" olmalıdır - Bu sözü deyərkən çevrilib Ulucaya baxır və sanki Ulucay da onun nə dediyini başa düşür. Başını təsdiq işarəsində qaldırıb yendirir. Rəvan söhbətini gülüş ilə bitirir.

Gənc ədiblərdən daha biri qalxıb özünü təqdim edir:

- Mən İdman Akademiyasında oxuyuram -  deyir.

Qulu Ağsəsin yaxşı yumoru olduğunu yazının əvvəlki hissələrində yazdığımı xatırlamıram. Ona görə demək istəyirəm ki, Qulu Ağsəsin yaxşı yumoru var. Təkrarlıq olacaqsa, oxuculardan səmimi qəlbdən üzr istəyirəm. Qulu müəllim deyir:

- Burdan baxanda güləşçiyə oxşayırsan elə!

Hamının sifəti gülüş formasında əyilir.

Şeirimi telefondan oxuyacam deyir.

- Şeiri telefondan oxuyanda şair yoxa çıxır - Rəşad Məcid deyir.

- "Adın  üşüyəcək dodaqlarımda" - şeirin bu hissəsində, elə bil, Qulu Ağsəsin cini hürkür. Deyir bu misraya görə bir neçə şair bir-biriylə küsülü gəzir. Bir deyir, mənimdir, o biri deyir, mənimdir. Hamı öz adına çıxarır. Ona görə yaxşı oxumalısan, özündən əvvəlki yazılanları içindən keçirməlisən ki, təkrarlıq etməyəsən. De görüm, kimləri oxuyursan gənclərdən?

Gənc ədib bir müddət duruxur. Söz boğazında tikə kimi qalır. Udqunmağa taqəti yoxdur.

- Elə sizi, Qulu müəllim! - dilindən bu ifadə çıxır. Adamlar qımışır. Rəvan Cavid və Ulucay Akif başqa bir dildə zarafatlaşıb gülüşürlər. Mənə elə gəlir, bu dili ancaq onlar ikisi bilir.

- Quludan götürmüsən o ifadəni? - Qulu müəllimin bu sözüylə hamı eyni dildə gülümsəyir. Hətta Rəvan və Ulucay da.

Tədbirin sonunda ədəbiyyatımızın cangüdəni, Səlib yürüşlərinin veteranı Orxan Saffari ilə küçəyə düşüb siqaret çəkdik. AYB-in önündə dostları gözləyə-gözləyə həyatdan, gələcək gözəl günlərdən, sevgidən danışdıq. Sonra uzun-uzun susduq. Sonra Milli Kitabxananın önündən keçəndə Maksim Qorkinin heykəlinə sataşdı gözüm. Göz vurdu mənə heykəl.

Fəvvarələrin səsi sakitlik boyu axa-axa bərkdən səslənirdi.

 





22.05.2019    çap et  çap et