525.Az

Dövlət Sosial Müdafiə Fondunda müşavirə keçirildi


 

SOSİAL TƏMİNAT SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR, APARILAN İSLAHATLAR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU

Dövlət Sosial Müdafiə Fondunda müşavirə keçirildi<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov sosial təminat sahəsində görülən işlər, aparılan islahatlar və qarşıda duran vəzifələrə dair müşavirə keçirib.

Nazirlikdən verilən məlumata görə, iclasda Dövlət Sosial Müdafiə Fondunun 2019-cu ilin birinci rübünə dair fəaliyyəti, xüsusilə dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı fərman və sərəncamların icrası sahəsində görülmüş işlər müzakirə olunub.

H.Məmişov cari il martın 1-dən pensiyanın minimum məbləğinin 40 faiz artırılaraq 160 manata çatdırılmasının 233 min pensiyaçının pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib. O, həmçinin 15 aprel 2019-cü il tarixli sərəncam və fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasının 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb.

Bildirilib ki, prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək.

Fond direktoru şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri də qeyd edib.

İclasda müvafiq artımların edilməsi üçün aparılmış işlər, DSMF-nin fəaliyyət sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

C.ABASOV

 





22.05.2019    çap et  çap et