525.Az

İnsan alverinə qarşı mübarizədə beynəlxalq təcrübə öyrənilir


 

İnsan alverinə qarşı mübarizədə beynəlxalq təcrübə öyrənilir<b style="color:red"></b>

Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanın 11 nəfərlik nümayəndə heyəti Litvada dördgünlük tanışlıq səfərində olub.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, səfər BMqT-nin ölkəmizdəki Nümayəndəliyinin və regional ofisinin dəstəyi ilə baş tutub.

Nümayəndə heyətinə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Baş Prokurorluq, Vəkillər Kollegiyasının təmsilçiləri, eləcə də apellyasiya və rayon məhkəmələrinin hakimləri daxil edilib.

Səfərin əsas məqsədi insan alverinə qarşı mübarizədə hüquqi qərarların verilməsi, insan alveri qurbanlarının müdafiəsi sahəsində beynəlxalq və Avropa standartlarının tətbiqi, qanunvericiliyin təhlili və Litvada insan alveri ilə bağlı cinayətlərin təqibi halları, insan alveri sahəsində prosedur və qaydalarla tanış olmaqdır.

Vilnüs və Kaunas şəhərlərində olan nümayəndə heyəti Litva Hökumətinin Kansleri Alqirdas Stonçaytis, Baş Prokurorunun müavini Rimvyadas Valentukeviçius, Sosial Təhlükəsizlik və Əmək nazirinin müavini Etvidas Binqales, Baş Polis komissarı Linas Pernavas və Ali Məhkəmənin hakimləri ilə görüşlər keçirib, faydalı fikir, təcrübə mübadiləsi aparıb.

Hökumətin kansleri ilə görüşdə ölkəmizin insan alveri ilə mübarizə haqqında qanunvericiliyi və hüquqi praktikası ilə bağlı əyani təqdimatla çıxış edilib. Həmçinin, bu sahədə müsbət təcrübələr, yanaşmalar və yeni tendensiyalar, insan alveri qurbanlarına yardım göstərilməsi prosedurları barədə maraqlı diskussiyalar keçirilib.

Səfər çərçivəsində nümayəndə heyəti İnsan alveri qurbanlarına yardım üzrə Vilnüs Böhran Mərkəzinin, Kaunasda yerləşən Kişilərin Böhran Mərkəzi Assosiasiyasının, Kaunas şəhər bələdiyyəsi nəzdində insan alverinə qarşı çoxşaxəli mübarizəyə dair komandanın fəaliyyəti ilə yaxından tanış olublar.

Eyni zamanda, nümayəndə heyəti Azərbaycanın Litvadakı Səfirliyinə baş çəkib. Səfir Tamerlan Qarayev rəhbərlik etdiyi diplomatik nümayəndəliyin fəaliyyəti barədə geniş məlumat verib, maraq doğuran məsələlər müzakirə edilib.

C.ABASOV

 





22.05.2019    çap et  çap et