525.Az

Pərvin Gözəlov beynəlxalq elmi konfransda məruzə ilə çıxış etdi


 

Pərvin Gözəlov beynəlxalq elmi konfransda məruzə ilə çıxış etdi<b style="color:red"></b>

Mayın 15-dən 17-dək Rusiyanın Sankt-Peterburq şəhərində, Artilleriya Hərbi-Tarix Mühəndis və Rabitə Qoşunları Muzeyində “Müharibə və silah: yeni tədqiqatlar və materiallar” adlı 9-cu Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilib.

Tədbirdə “QƏSR - Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin İdarə Heyyəti sədrinin birinci müavini, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov “Muzey kolleksiyalarında 1833-cü il və 1877-1878-ci illərdə “Georgiy” bayraqları” elmi məruzəsi ilə çıxış edib.

P.Gözəlov məruzəsində qeyd edib ki, XVIII-ci əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya İmperiyasının tərkibinə daxil edilməsi prosesi gedib. Azərbaycan xanlıqlarının bir hissəsi - Bakı, İrəvan, Gəncə, Lənkəran və Şəki xanlıqları ağır döyüşlər nəticəsində, digərləri - Kürəkçay, Georgiy və Türkmənçay müqavilələri ilə imperiyanın tərkibinə daxil edilib. Bildirilib ki, iki Rus-Fars müharibələri nəticəsində, XIX əsrin birinci yarısı Azərbaycanın tarixi əraziləri Rusiya və müasir İran arasında bölünüb. Rusiya İmperiyasının tərkibinə daxil edilən şimali Azərbaycan əhalisinin etnik mənsubiyyəti təhrif olunub, “Cənubi Qafqaz tatarları”,“Azərbaycan tatarları” və ya “Farslar”, bəzi hallarda isə dini mənsubiyyətlərinə görə “Müsəlmanlar” kimi adlandırılıblar.

Məruzədə, həmçinin, diqqətə çatdırılıb ki, Rusiyanın XIX əsr akademik ədəbiyyatında Azərbaycan xalqın etnik mənsubluğu “türklər”, “Azərbaycan türkləri”, əhali isə “Azərbaycanlılar” kimi qeyd olunub. İstifadə olunan dil analoji olaraq “Türk dili”-“Azərbaycan-türk dili” kimi təqdim edilirdi.

Bildirilib ki, Rusiya İmperiyasının tərkibinə daxil edilmiş xalqların hərbi potensialından müharibələrdə geniş miqyasda istifadə edilirdi. Bu məqsədlə azərbaycanlılardan ibarət atlı-müsəlman (qeyri nizami) alayları yaradılmışdı. Azərbaycanlılardan ibarət ilk alaylar İmperator I Nikolayın (1825-1855) hakimiyyəti dövrünə təsadüf edir. Bir hissəsi və ya tam olaraq azərbaycanlılardan ibarət atlı-müsəlman alayları 1877-1878-ci illərdə baş verən döyüşlərə cəlb edilib. Bakı, Yelizavetpol, Zaqatala, Şuragöl, İrəvan qeyri nizami alaylarından əlavə Aleksandrapol diviziyası və Borçalı dəstəsi də döyüşlərdə iştirak edib. Rus-türk kampaniyasında fərqlənmiş Zaqatala atlı-müsəlman qeyri nizami alayı 1878-ci ildə imperatorun ali fərmanına əsasən, “Georgi” bayrağı ilə təltif edilib.

Məruzədə müqayisə edilən ikinci “Georgiy” bayrağı isə 1833-cü il iyunun 30-da təstiq edilmiş Birinci Samoqit Qrenar alayının 3-cü fəaliyyətdə olan və 4-cü ehtiyat batalyonunun bayrağıdır. Qeyd olunan atlı-müsəlman alaylarının bayraqlarından əlavə, 1925-ci ildə Azərbaycan Dövlət Muzeyinə Tiflisdəki Qafqaz Hərbi-Tarix Muzeyindən gətirilən materiallar sırasında Azərbaycan xanlıqlarının bayraqları da olub.

Qeyd edək ki, konfrans çərçivəsində Pərvin Gözəlov Artilleriya Hərbi-Tarix Mühəndis və Rabitə Qoşunları Muzeyinin bayraq fondunda saxlanılan Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqlarının elmi tədqiqatını həyata keçirib. Həmyerlimiz Naxçıvan xanlığının bayraqlarını 2015-ci ildə Artilleriya Hərbi-Tarix Mühəndis və Rabitə Qoşunları Muzeyinin bayraq fondunda aşkar edib.

Məruzə zamanı foto-slaydlar nümayiş olunub və iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, Rusiyada tədqiqat sahəsində ən nüfuzlu və genişmiqyaslı tədbir hesab edilən Sankt-Peterburq Beynəlxalq Elmi-Praktiki Konfransında beynəlxalq elmi cəmiyyətin tanınmış alimləri iştirak ediblər.

C.ABASOV

 





22.05.2019    çap et  çap et