525.Az

Gənc Ədiblərin növbəti görüşündən qeydlər - Reportaj


 

Gənc Ədiblərin növbəti görüşündən qeydlər - <b style="color:red">Reportaj</b>

Mayın 18-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Dördüncü Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəslə baş tutdu.

ADPU-nun filologiya fakültəsinin tələbələri və GƏM məzunları da IV GƏM-in qonağı oldular. Görüş həm də IV Gənc Ədiblər Məktəbinə yeni üzvlərin qatılması ilə yadda qaldı.

Tədbiri giriş sözü ilə açan AYB-nin Gənclərlə iş üzrə katibi və GƏM-in rəhbəri Rəşad Məcid gənc ədiblərə Qulu Ağsəsi təqdim etdi. O, GƏM üzvlərinə "Kitabqurdu-BookWorm"un "Oxu, danış və qazan" layihəsi barədə də informasiya verdi. Həmçinin, R.Məcid "Uğur" mükafatına layiq görülən gəncləri - Rəvan Cavidi, Ələsgər Əhmədi, Ümid Abbas Nihanini təbrik etdi.

R.Məcid III GƏM-in üzvlərindən Ulucay Akifi, Rəvan Cavidi yeni üzvlərə təqdim etdi, onlar haqqında məlumat verdi. IV GƏM-in üzvlərindən Tahirə Nur, Aydan Mayılova, Atlaz Rzayi, Aydın Cavad, Asif Əliyev, Kənan İsmayılov, Bahəddin Salman, artıq iki kitabın müəllifi olan Nicat Həşimzadə, kino resenziyaları yazan Nəcəf Əsgərzadə öz yaradıcılıq fəaliyyətləri barədə informasiya verməklə yanaşı, əsərlərindən nümunələr də səsləndirdilər. Rəşad Məcid, Qulu Ağsəs, GƏM məzunları və hazırkı müdavimləri şeirlər barədə təəssürat və fikirlərini bildirdilər.

GƏM-ə yeni qoşulan Xavər Şəfiyeva, Nuranə Təbriz, Coşqun Cəfərov, Rəhman Mirzəlizadə də özləri və yaradıcılıqları barədə ümumi məlumat verməklə yanaşı, gənc ədiblərin və Qulu Ağsəsin müzakirəsinə cəlb etmək üçün şeirlərini də oxudular. ADPU-nun müəllimi Məlahət Babayeva həmin universitetin şeir yazan tələbələrinin səsləndirdiyi şeirləri əsasında Q.Ağsəs və R.Məciddən fikir bildirmələrini, onların qüsurlarını göstərib dəyərli tövsiyələr verməyi xahiş etdi. Filologiya fakültəsinin III kurs tələbələri - İxtiyar İxtiyarlı doğum-ölüm mövzusunda yazdığı şeirini oxudu, Qərib Əliyev İ.Nəsimi qəzəllərindən şou xatirinə istifadə edilməsindən, Baba Əlibabaoğlu isə dilimizə qarşı göstərilən laqeyd münasibətdən öz şeirlərində bəhs açdılar. Əkbər Novruzovun şeirlərində müasir poeziya və Salam Sarvan təsiri duyulurdu. Bədən tərbiyəsi və İdman Akademiyasının tələbəsi Ülvi Ələkbərzadənin şeirində isə "adın üşüyəcək dodaqlarımda", "xatirələr üşüyür" kimi işlək ifadələrdən istifadənin müəlliflik məsələsində mübahisə doğuracağı vurğulandı.

Oxunan şeirlərə münasibətini bildirən Q.Ağsəs şeirin süni şəkildə məna yükünün artırılması məsələsinə diqqət çəkdi. O, gənc ədibləri şablon ifadələrdən, işlənmiş formalardan uzaq durmağa çağırdı. Müasir dövrlə, onun ədəbiyyatı ilə ayaqlaşmaq lazımdır. Qulu Ağsəs gənc ədiblərə Nuranə Təbrizin şairlərə həsr etdiyi şeiri timsalında "şair"lərə şeir yazmağı məqbul hesab etməyərək, həm də şeirdə təxəllüs, ad qoymamağı məsləhət bildi. O, Əli Kərimin, Vaqif Səmədoğlunun şeirlərində müasir sözlərin uğurlu şəkildə poeziyaya gəlməsini "şeytani istedad"la bağlayaraq bu tipli sözlərdən istifadə edərkən onların şeirə uyğun gəlib-gəlməməsinə həssaslıqla yanaşmağı gənclərə tövsiyə etdi.

Q.Ağsəs "telefonunuz silinsə, onda siz elə bil şair kimi yoxa çıxırsınız" ifadəsi ilə olduqca aktual olan bir problemi gənc ədiblərin nəzərinə çatdırdı. Bu deyim ədəbi mühitdə tez-tez işlədilən "şair gərək şeirlərini əzbər bilsin" ifadəsi ilə də üst-üstə düşür. Şair müasir texnikanın gücünə deyil, öz yaddaşına güvənməlidir. Şeirin emosionallıqla, tələsmədən, aram-aram ifa edilməsi şair və qiraətçilərə məsləhət bilindi. Gənclərə mütaliələrinin artırılması, klassik və müasir poeziyanın ənənələrindən səmərəli şəkildə faydalanmaları və müasir dövr ədəbiyyatı ilə ayaqlaşmaq tövsiyə edildi.

Rəşad Məcid nasirlərə səslənərək "yazıçılıq iynə ilə quyu qazmaqdır. Nasirlik ümumiyyətlə çətindir. Şeir ola bilər ki, hansısa ovqat olsun, ilham gəlsin yaza biləsən. Amma nəsr yazmaq... dayanmadan əziyyət çəkməlisən, oxumalısan, öyrənməlisən" fikirlərini səsləndirdi.

Ümid Abbas Nihaninin İmadəddin Nəsimidən "Hardasan" qəzəlini oxuması da tədbirə başqa rəng qatdı. O, Xəzər Süleymanlı ilə birgə işlədikləri yeni layihə barədə də məlumat verdi. Rəhman Mirzəlizadənin Mikayıl Müşfiqdən "Sevgilər" şeirini səsləndirməsi də təqdir edildi. Görüşün sonunda gənc ədiblərə "Ulduz" jurnalının nömrələri paylandı və kitablar hədiyyə edildi.

 





22.05.2019    çap et  çap et