525.Az

"Suyu axtaran adam"ın oxucularla görüşü - Şahanə Müşfiq yazır


 

"Suyu axtaran adam"ın oxucularla görüşü - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Əməkdar elm xadimi, professor Tofiq Məliklinin bu günlərdə işıq üzü görən yeni kitabı - "Suyu axtaran adam" əsəri avtobioqrafik romandır.
 
"Təknur" nəşriyyatında çap olunan 384 səhifəlik romanda bütün əngəllərə, çətinliklərə baxmayaraq, "oddan qorxmayan suyu", yəni uğuru, başarını, doğrunu, ədaləti, haqqı axtaran adamın həyat hekayəsi qələmə alınmaqda, eyni zamanda, qəhrəmanın yaşamı fonunda 70 illik zaman kəsiminin real mənzərəsi öz əksini tapır.

Kitab müəllifin "Sözə başlarkən" adlı ön söz əvəzi yazısı ilə açılır. Burada T.Məlikli kitabı yazmaq səbəbindən, avtobioqrafik romanın yaranma ehtiyacından söz açır: "...mən də, bir çoxları kimi, öz həyat yolumu, necə yaşadığımı, yenidən dünyaya gələrsəm, bu yolu təkrarlamaq istəyib-istəmədiyimi, vicdanımın rahat olub-olmadığını düşünürəm". Müəllif, davam edərək, düşüncələrinə aydınlıq gətirir: "...geriyə yolçuluq edərək, keçən günlərimi varaqlayaraq, "adam kimi yaşaya bildinmi?" sualına dürüst cavab verməyə çalışacağam. Bacaracağammı? Bilmirəm. Amma sınayacağam".

"Suyu axtaran adam" bütünlüklə "adam kimi yaşaya bildinmi?" sualına cavab axtarır, əslində.

Müəllifin həyat yolçuluğu on iki bölümdən ibarətdir. Birinci bölüm "Ot kökü üstə bitər" adlanır ki, burada yazıçı uzaq keçmişə nəzər salır. Bölmənin "Soyköküm haqqında bir neçə söz" adlı yarımbaşlığında "keçmişini unudan gələcəyini görə bilməz" - fikrini əsas tutan professor, Hacı Məlik tayfasının 300 illik tarixindən, ulu babası Hacı Məliyin Gəncə xanlığındakı böyük nüfuzundan söz açır, onunla bağlı maraqlı tarixi əhvalatları bölüşür. Sözügedən bölmədə, həmçinin, Tofiq Məliklinin atası Məlikov Davud Abbasqulu oğlu və anası Məlikova Yamən İsmayıl qızı da yad edilir. Yazıçı onları yüksək ehtiram və sevgiylə xatırlayır, uşaqlıq illərinin ən gözəl və qayğısız zamanlarına onların xatirələri qanadında səyahət edir. Əlbəttə, budəfəki səfərin yol yoldaşı biz oxucularıq.

Bölmənin digər yazılarında nənəsi Dursun xanımdan, uşaqlığını keçirtdiyi Gəncədən, gəncliyinin ilk şahidi Bakıdan, unudulmaz tələbəlik illərindən söz açır. Müəllif o illəri belə xatırlayır: "Ən parlaq uşaqlıq xatirələrimdən biri də Novruz bayramıyla bağlıdır. Müharibənin yenicə bitməsinə, vəziyyətin ağır olmasına baxmayaraq, hamı bayrama hazırlaşır, evlər təmizlənir, divarlar boyanır, məcməyidə, ocaq üstündə paxlavalar bişirilir, küçəmizdə tonqallar qalanır, üzərindən hoppanılır, məşəllər yandırılırdı. Bu bayrama ən çox da uşaqlar sevinirdi, çünki, məhz bu bayramda onlara təzə paltar alınır və geydirilirdi. Mən də, təzə paltarımı geyən kimi küçəyə qaçıb, uşaqlara göstərmək, sevincimi paylaşmaq  istəyirdim. Unutmayaq ki, bizim uşaqlığımız çox ağır illərdə- çörək növbələrinin, yoxsulluğun, aclığın hökm sürdüyü bir vaxtda keçmişdir".

Kitabın ikinci bölməsi "Elmə aparan yol" adlanır. Müəllif bu bölməni Konfutsinin məşhur aforizmi ilə başlayır: "Biliyə, elmə aparan üç yol vardır: düşünmək, təhlil etmək yolu ən doğru yoldur, təqlid etmək ən asan yoldur, ən ağrılı, acılı yol təcrübəyə dayanan yoldur".

Bu bölmədə yazıçı Moskvada keçən tələbəlik həyatından, aspirantura illərindən danışır. O, həmçinin, Aydın Məmmədov, Əkbər Babayev kimi həyatında və tələbəlik dövründə iz buraxmış şəxsiyyətlərdən də söz açır. Əsərdə müəllifin - qəhrəmanın əsgərliyə çağırılması, həmin dönəmdə başına gələn əhvalatlar və "bir günlük əsgərlik" həyatı da öz əksini tapır.

Tofiq Məliklinin Moskva xatirələri bir bölmə ilə yekunlaşacaq kimi görünmür. Onun kimi ünlü bir alim, pedaqoq və başqa ölkələrdə də imzası, adı ilə tanınmış ziyalının həyatı təbii ki, hər zaman xarici ölkələrlə, qürbət diyarlarla bağlı olacaqdı. Elə də olur. Həyatının çox uzun zamanını xarici ölkələrdə keçirən professor 80-ci illərdə yenidən başlayan aktiv elmi fəaliyyətlə bir daha Moskvaya üz tutmalı olur. Onun ikinci Moskva səfəri və buradakı fəaliyyəti kitabın "Yenə Moskva, yenə qaynar həyat" adlı dördüncü bölməsində cəmlənib.

Bölmənin digər yarımbaşlıqlarında Tofiq Məlikli ilk dəfə olaraq poetik yaradıcılığından da söz açır. "Bir az da poeziya: "Duyğuların ən gözəli"ndən "Ayrılıq heykəli"nə" adlı yazısında o, 1978-ci ildən 2012-ci ilə qədər uzanan yoldan söz açır. 1978-ci ildə Türkiyədə işlədiyi vaxt ilk şeirlər kitabı "Duyğuların ən gözəli" 4500 tirajla çap olunur. Ondan uzun illər sonra - 2012-ci ildə isə "Ayrılıq heykəli" Tofiq Məliklinin şair kimi oxucularıyla ikinci görüşünə çevrilir. İkinci kitabın qazandığı uğur, rezonan şairin özünü də yaxşı mənada təəccübləndirir. T.Məlikli bu haqda yazır: "Hər yazıçı, şair, yaradıcı adam üçün yaratdığı əsərə məsləkdaşlarının, peşəkar ədəbiyyatçıların obyektiv münasibəti olduqca önəmlidir. Nə gizlədim, "Ayrılıq heykəli"nin yaratdığı rezonans mənim üçün də gözlənilməz oldu. Afaq Şıxlının "Qürbəti kimsə sevməzdi, Şairlər yazmadan öncə...", Nəsib Nəbioğlunun "Bizim də payımıza yazmaq düşüb" yazıları, Südabə Ağabalayevanın "Ocaq daşı" essesi yaradıcılığıma mənim də gözlərimi açan qiymətli əsərlərdir".

Daha sonra müəllif yazıçı Təranə Vahidin onun kitabı haqqındakı "Doğma düşüncələr"ini təqdim edir.

Üçüncü bölmə sentimental və bir o qədər də fərəhli duyğularla zəngindir. Bu bölmə gənc Tofiq Məliklinin həyatının bəlkə də, ən önəmli dövrünə - arzularının məmləkəti Türkiyə ilə ilk görüşə həsr olunub. Türkiyə ilə tanışlığı İzmirlə ("Salam, gözəl İzmir!") başlayan Tofiq Məliklinin bu səfəri tarixi bir savaşla qəribə şəkildə eyni günə təsadüf edir: "Türklərin Kipr savaşı ilə. Müəllif özü də bunu elə biz deyən kimi ifadə edir: "Kipr savaşının bizim Türkiyəyə gəldiyimiz günü başlaması da qəribə bir təsadüf idi".

Arzularının məmləkətinə növbəti səfər isə paytaxt Ankaranın adı ilə bağlıdır. Onun bu səfəri İzmirdə olduğu kimi, tərcüməçilik fəaliyyəti ilə əlaqədar olur. Ancaq ondan fərqli olaraq, daha uzun müddətli, daha fərqli macəralarla zəngin.

Onun Türkiyə ilə bağlı xatirələrinin qalanını kitabın doqquzuncu və onuncu bölmələrində oxuyuruq. Doqquzuncu bölmədə yazıçı xatirələrindən "İstanbullu günlərim" deyə bəhs edir. Burada o, İstanbul universitetlərində pedaqoji fəaliyyətindən, qardaş ölkədə Azərbaycanı tanıtmaq üçün gördükləri işlərdən söz açır və iki qitəni qovuşduran şəhərdən "Sən bambaşqasan, gözəl İstanbul" deyə bəhs edir.

Onuncu bölüm isə bütünlüklə türkiyəli yazıçılara həsr olunub. Burada müəllif türkiyəli yazıçı dostlarından Fazil Hüsnü Dağlarca, Orxan Kamal, Oktay Akbal, Yaşar Kamal, Məlih Cövdət  Andayla olan bir az məzəli, bir az kövrək, ancaq çox maraqlı və zəngin bilgiyə sahib xatirələrini bölüşür.

"Suyu axtaran adam" kitabının beşinci bölməsində Türkiyənin böyük şairi Nazim Hikməti yad edir. "Nazim Hikmət Ədəbi İrsi üzrə Komissiyanın məsul katibi" başlıqlı bölmədə "Komissiyanın gördüyü işlər", "Yaxşılığa yamanlıq", "Nazim Hikmət və doktor Qalina" adlı yazılar daxil edilib. Sonuncu yazıda Nazim Hikmətlə həkimi və həyat yoldaşı Qalina Kolesnikova arasındakı sevgidən, bağlılıqdan, yeddi illik ailə həyatından danışılır, Qalinanın sevgili ərinə olan sədaqətindən söz açılır. Bu evlilik Nazimin Vera adlı gənc qadına aşiq olması ilə sonlanır. Ancaq humanist və içində qadın ədaləti, anlayışı daşıyan zərif ruhlu Qalina Nazimin yeni sevgisini ona bağışlayır. Tofiq Məlikli söhbətlərinin birində bunu ondan soruşanda isə belə izah edir: "Nazim dahi şair, yaradıcı adam idi. Yeni əsərlər yazması üçün ona yeni həyəcanlar, duyğular, hətta streslər lazım idi. Mən bunları başa düşürdüm. Ancaq bir həkim kimi də başa düşürdüm ki, bu hadisə Nazimin həyatını qısaldacaq, çünki o, ağır xəstə idi, daim nəzarətdə olmalıydı". Bu cavabdan sonra bir daha qadın hissləri qarşısında təslim olmamaq, onun məhəbbətinə heyran qalmamaq əldə deyil.

Kitabın altıncı bölümündə Tofiq Məliklinin "Xaricdə pedaqoji fəaliyyət"i, yeddinci bölümdə "Sovet Türkoloqlar Komitəsi sədrinin müavini", səkkizinci bölümdə isə "Ziyalı borcu"ndan danışılır. Bu bölmələrdə oxucu müəllifin Venesiya, Strasburq, Türkistan və digər yerlərdəki uğurlu fəaliyyətindən danışılır.

"Suyu axtaran adam" kitabının on birinci bölümündə Moskva yenidən yad edilir. Burada yazıçı 90-cı ildən sonrakı Moskva həyatından söz açır. Burada o, "Moskva "Vəhşi kapitalizm"ə keçid dövründə", "Moskva Dövlət Linqvistika Universiteti", "Daha da alovlanan "OCAQ", "Hər şeydən əvvəl-elm" yazıları ilə özünün elmi fəaliyyətindən danışır. Bölmədə, həmçinin, Tofiq Məlikli "elmi fəaliyyətimi dəyərləndirmək mənim işim deyil. Bunu bir çox dəyərli rus, azərbaycanlı, xarici tənqidçilər, yazarlar, şərqşünaslar daha professional şəkildə etmişlər" - deyərək, Xalq yazıçısı Anarın "Altmış beş yaşlı "Altmışıncı" və türkiyəli şair Ataol Bəhramoğlunun "Məliklinin "Nazim Hikmət"i" məqalələrini oxuculara təqdim edir.

Tofiq Məliklinin avtobioqrafik romanı on ikinci bölümdə "Yenə də Vətən yaxşıdır..." başlığı ilə, "Salam, doğma, Bakı" yazısı ilə tamamlanır. Uzun müddət vətəndən ayrı qalan, müxtəlif ölkələrdə, şəhərlərdə elmi, pedaqoji fəaliyyətlə məşğul olan yazıçı vətənə qayıtmasının tarixçəsinə belə başlayır: "Moskva Dövlət Linqvistika Universitetində Türk dili və mədəniyyəti bölümünü qurduqdan, bu quruma 20 il rəhbərlik etdikdən və 70 illik yubileyimdən sonra yavaş-yavaş universitetdəki vəzifələrimdən ayrılaraq Vətənə dönməyi və orada sakit bir ortamda elmi işlərimlə məşğul olmağı planlaşdırmağa başladım".

"Suyu axtaran adam"ın axtarışları bu fikirlərlə tamamlanır: "İnsan oğlu özünü dərk etdiyi andan etibarən "oddan qorxmayan suyu", yəni su kimi şəffaflığı, təmizliyi, dürüstlüyü, haqqı, ədaləti axtarıb tapmağa çalışır. Rastlaşdığı bütün çətinliklərə, əngəllərə baxmayaraq, o, özünə yol edən su kimi, yaşamı boyunca seçdiyi yoldan, formalaşdırdığı həyat fəlsəfəsindən uzaqlaşmamağa səy edir və axtardığı "suyu" tapdığı zaman "bəli, mən həyatımı adam kimi yaşadım", - deməyə haqq qazanır".

Və Tofiq Məlikli artıq vətəninə qayıdır: "Atalarımızın gözəl bir kəlamı var: "Su hər şeyi təmizlər, üz qarasını təmizləməz". Uzun illərdən sonra vətənə qayıdarkən, çalışmalısan ki, üzü ağ dönəsən".

 





23.05.2019    çap et  çap et