525.Az

Gül çöhrəli Gülçöhrə - Əlisəfdər Hüseynov Leyla Bədirbəylidən yazır


 

Gül çöhrəli Gülçöhrə - <b style="color:red">Əlisəfdər Hüseynov Leyla Bədirbəylidən yazır </b>

Tanrı ona qənirsiz yaraşıqla, gözəlliklə bahəm qəribə bir tale də bəxş etmişdi.

Kimin ağlına gələrdi ki, 24 yaşında Azərbaycanın gül çöhrəli Gülçöhrəsinin ekran obrazını yaratmaq xoşbəxtliyinə qovuşan bu məsum qızın özü də tezliklə haqqında miflər, nağıllar yaranan bir obraza çevriləcək, "ölkə gözəli" kimi möhtəşəm bir statusa yüksəlib, ta ömrünün sonunadək kübarlığını, xanım-xatınlığını zamanın qovğalarından hifz edərək bu dünyanı gözəl xanım statusunda da tərk edəcək? Amma bütün bunlar baş verdi və bu gün dönüb arxaya - Leyla xanımın ömür və sənət yoluna nəzər salanda rəngarəng göy qurşağı kimi bərq vuran o obrazın - Leyla xanım Bədirbəyli obrazının cazibəsinə təslim olmaya, tilsiminə düşməyə bilmirsən. Çünki Leyla xanım Azərbaycan xanımlarının təkcə zahiri yaraşığını yox, həm də daxili aləminin min bir rəng çalarlarını ekranda əbədiləşdirmək səadətinə qovuşmuş xoşbəxt bir sənətkar idi. O, nənələrimizin azad sevgi həsrətini ("Arşın mal alan"), qeyrətini, vətənpərvərliyini ("Koroğlu", "Fətəli xan"), əməksevərliyini, səmimiyyətini ("Görüş"), məğrurluğunu, dözümlülüyünü ("Dəli Kür")...bütün dolğunluğu ilə ekranda əbədiləşdirə bilmişdi. Leyla xanımın yaratdığı ekran obrazları o qədər inandırıcı, təbii  və koloritlidir ki, təkcə elə onlara istinad edib müxtəlif zaman kəsiklərində Azərbaycan qadınının tarixi obrazı, taleyi barədə mükəmməl və zəngin məlumat almaq olar.

U.Hacıbəyovun ilhamla, ustalıqla yaratdığı Gülçöhrə - sevgisi uğrunda hətta ölümə belə hazır olan qızcığaz  o vaxtlar hələ "Bədirbəyli" yox, "Cavanşirova" olan Leyla xanımın və onun şəxsində minlərlə Azərbaycan qadınının  sanki hər gün, hər saat  ürəklərində dərdləşdikləri  simsar, sirdaş idi və film ekranlara çıxan kimi bu mübhəm duyğular, söylənməyən monoloqlar Gülçöhrənin timsalında dil açıb danışmağa başladı. Kübar ailədə böyüsə də, sadəliyi, səmimiyyəti ilə seçilən, hətta bəzən qulluqçu Tellinin səviyyəsinə enməkdən çəkinməyən bu zərif məxluq  Azərbaycan kinosunda atasının gözlərinin içinə baxa-baxa "Mən arşınmalçını sevirəm, yalnız ona ərə gedəcəm" izharını etməyə cəsarəti çatan, hamının qınağına tuş gələcəyindən qorxmayaraq azad yaşamaq istəyini gur səslə bəyan edən, bu yolda hətta ölümdən belə ehtiyatlanmayan böyük mənəvi güc yiyəsidir. Gülçöhrə - Leyla Bədirbəyli sosial status baxımından özündən xeyli aşağıda dayanan kasıb arşınmalçı ilə səs-səsə verib məhəbbət nəğməsi oxumaqdan, "Dura bilməm, yar, sənsiz" deməkdən çəkinmir, utanmır. İlk növbədə ona görə ki, təkcə özünü yox, özü kimi minləri, yüz minləri mənəvi əsarətdən xilas etmək naminə ilk addımı atmaq, nümunə olmaq zərurətini dərk edir və bu missiyanı öz üzərinə götürür. Bəlkə də bəzilərinin Azərbaycan xanımına yaraşdırmadığı bu hərəkətlər qadını əşya kimi fetişləşdirən donuq təfəkkürə, stereotiplərə qarşı yönəldiyindən təkcə mənəvi yox, həm də tarixi dəyər qazanır, "sevgisiz izdivac" fəlsəfəsinə qarşı bir etiraza çevrilir. Leyla xanımın daxilən də, zahirən də gözəl Gülçöhrəsi "Mənim də Allah tərəfindən verilmiş sevmək haqqım var və burada təəccüblü, qeyri-etik heç nə yoxdur" ismarıncını cəmiyyətə ötürən ekran qəhrəmanı kimi  milli kinomuzda həmişə yaşayacaq.

"Fətəli xan" filmindəki Tuti Bikə obrazı ilə kinomuza Gülçöhrənin simasında "təşrif buyuran" bu gözəlliyə yeni çalarlar əlavə olundu - ictimai borc, vətənin təlükəsizliyi sarıdan məsuliyyət. ailəyə, ərə sədaqət... Əri ilə düşmən olmuş qardaşının xəyanətinə Tuti Bikə sarsılmaz iradəsi, müdrik qərarları ilə cavab verir, tamaşaçıları dar ayaqda həyat yoldaşına dayaq olmaq, lazım gəlsə onu əvəz etmək zərurətinə inandırır. Leyla xanım  Tuti Bikənin içindəki enerjini yalnız duydurmurdu, qeyri-adi təbəssümü, mənalı baxışları ilə həm də göz önünə gətirirdi və mən fikirləşirəm ki, Azərbaycanın qəhrəmanlıq zirvəsinə yüksəlmiş  Gültəkin Əsgərova, Salatın Əsgərova, Qaratel Hacımahmudova kimi cəngavər qızlar məhz Leyla xanımın Tuti Bikəsinin davamçılarıdır.

Mayasında müəyyən dərəcədə romantik, sintemental başlanğıc dayanan bu obrazlardan sonra o, tamaşaçılarla növbəti görüşə tamam başqa və həm də gözlənilməz qiyafədə - kolxozçu, pambıq ustası Bilqeyis rolunda gəldi və "Görüş"dəki bu yeni görüş də baş tutdu,  aktrisa sevilən və sevən bu kənd  qızının sadəliyini, səmimiyyətini, bəzi məqamlarda şıltaqlığını, dosta sədaqətini tamaşaçılara çatdıra bildi. Doğrudur, Bilqeyisin ağappaq çöhrəsi, mütənasib bədəni, hərəkətləri, danışıq tərzi gün altında yanıb qaralan, pambıq yığmaqdan əlləri kobudlaşan pambıqçı imicinə o qədər də uyğun gəlmirdi. Amma Leyla xanım obrazın yozumunda elə təbii, inandırıcı vasitələrdən istifadə etmişdi ki, Bilqeyisi kolxozçudan çox, kolxozçu paltarı geyinmiş şəhərli qıza oxşadan bu əyintilər obrazın təbiiliyinə,  koloritinə qətiyyən xələl gətirmirdi.

Leyla xanımın yaratdığı növbəti ekran obrazı tamaşaçıların "Koroğlu" dastanından yaxşı tanıdıqları Nigar oldu. Mehtər oğlu Rövşənə aşiq olan Nigarla  arşınmalçıya vurulan Gülçöhrə arasında təbii ki, müəyyən paralellər aparmaq olar. Amma mən buna ehtiyac görmürəm. Çünki Nigar qəhrəmanlıq dastanının romantik, Gülçöhrə isə xalq gülüşü estetikası ilə yaradılmış əsərin bir qədər sintemental ruhlu qəhrəmanı idi. Gülçöhrə göz yaşları, Nigar isə yeri gələndə əlindəki qılıncla mübarizə aparırdı və aktrisa bu 2 tale arasındakı bənzəyiş və fərqləri ona görə ustalıqla incələyə bilmişdi ki, onun ifa tərzinin bədii-estetik və texniki diapazonu çox geniş idi - Leyla xanım hər yeni obrazda  başqalaşmağı, xarakteri tipik cizgilərlə fərdiləşdirməyi çox yaxşı bacarırdı.

Amma nə qədər qəribə olsa da,  milli kinomuzda qadın ləyaqətinin, qeyrətinin rəmzinə çevrilən obrazlarla yanaşı, qadın xəyanətinin, vəfasızlığının təcəssümü olan ilk ekran obrazını yaratmaq da Leyla xanımın qismətinə yazılıbmış. Gülçöhrədən, Tuti Bikədən, Nigardan sonra məhəbbətə əyləncə kimi baxan mənəviyyatsız Xalidə roluna girmək ("Onun böyük ürəyi") şübhəsiz ki, aktrisadan böyük risk tələb edirdi. Leyla xanım bu addımı atmağı, Gülçöhə, Tuti Bikə... ucalığından həyatın dibinə - Xalidə və onun kimilərin kəsafət qoxuyan mühitinə enməyə özündə cəsarət, qüvvə tapdı və yenə də özünün əsas silahından - qadın cazibədarlığından ustalıqla bəhrələndi. Amma əvvəlki qəhrəmanlarının təqdimində onun üçün yardımçı vasitələr rolunu oynayan qadın incəliyi, xanım-xatınlıq bu dəfə qadın ruhunun gözəlliyinin yox, zahirən gözəl qadının eybəcər mənəviyyatının ifadəsinə xidmət etdi.

... İllər təbii ki, Leyla xanımın da taleyinə təsirsiz ötüşmürdü, "Arşın mal alan"dakı 17 yaşlı qız böyüyüb qadına... anaya... nənəyə çevrilirdi. Lakin unikallıq buna idi ki, bütün bu yeni statuslarda da Leyla xanım gözəl idi, şux idi. Ünlü filosofumuz Niyazi Mehdi böyük alman mütəfəkkiri İ.Kantın gözəllik haqqındakı təlimini şərh edərkən göstərir ki, Kanta görə gözəllik-umacaqsız məqsədəuyğunluqdur. Yəni obyekt bizim konkret  gərəyimizi ödədiyi üçün yox, öz-özündə gözəl olduğu üçün gözəldir və bu umacaqsızlıq da elə onun hamı üçün gözəl olmasını təmin edir. Məncə, Kant müasirimiz olsaydı, öz fikrinin sübutu üçün Leyla xanımın hər yaşda üzdə olan, mübahisə doğurmayan gözəlliyinə də istinad edər, bunu misal gətirərdi. Qadın gözəlliyini ömrün gənclik illəri, gənclik təravəti ilə  əlaqələndirmək əslində, bu gözəlliyi hansısa umacağa bağlamaq deməkdir. Gözəl qadın o qadındır ki, Allah nurunu ondan əsirgəmədiyinə, nəzərlərini onun üzündən, gözlərindən çəkmədiyinə görə hər yaşda, hətta bu dünya ilə vidalaşanda da gözəldir - Zərnigar (Dəli Kür"), Şərəfnisə xanım ("Dərviş Parisi dağıdır")... kimi.

Bir sənətsevər dostum nə vaxtsa demişdi: "Leyla xanım yaşlı vaxtlarında da kraliça kimi şux qamətini, kübarlığını qoruyub saxlayan yeganə aktrisamızdır. O hətta adi kəndli qadın rolunu oynayanda da əzəmətli və müdrik idi".

Bu sözlərdə böyük həqiqət var.

O, milli kinomuzda  sadəlövh qadın ("Kişi sözü"), mehriban, qayğıkeş nənə ("Asif, Ağasif, Vasif"), məğrur, əyilməz bəy övrəti ("Dəli Kür"),  möhtəşəm ana ("Ananın çırağı") obrazlarının ən yaddaqalan nümunələrini bəxş etdi və bu obrazlara xas olan duyğuları, yaşantıları ekranda incəliyinə qədər  göstərməyə nail oldu.

Leyla xanımın çox müsbət auraya, insanları daim özünə çəkən cazibə qüvvəsinə malik idi. Onunla ünsiyyətdə olan hər kəs bu yaraşıqlı qadında, onun gülümsər çöhrəsində  öz doğmalarına məxsus nə isə bir cizgi tapırdı, onu öz doğması kimi sevirdi.

O, əsilzadələr ailəsində doğulmuşdu. Atası Şəmkir bəyləri nəslindən, anası isə xan qızı idi. Bu amil  kinoda ən yaddaqalan uğurlarını məhz  kübar xanımların obrazlarını yaratmaqla qazanan  Leyla xanımın taleyin ağır zərbələrinə duruş gətirməsində də müəyyən rol oynadı. Əvvəlcə həyat yoldaşı, sonra isə böyük qızı faciəli şəkildə həlak oldu və Leyla xanımın  ömür və sənət dastanının üfüqlərindəki o göy qurşağı da yavaş-yavaş sönməyə başladı. Amma o, öz pərəstişkarları ilə, kinosevərlərlə öz adına layiq bir tərzdə vidalaşmağa, meydanı xanım-xatın  qadın kimi tərk etməyə özündə qüvvə tapdı, ömrünün son günlərinin fiziki və mənəvi ağrılarını hamıdan gizlətməyi bacardı.

O, tamaşaçıların yaddaşında taleyin ona bəxş etdiyi ən yüksək  fəxri titulu ilə qaldı: gözəllər gözəli Leyla Bədirbəyli kimi.

 





23.05.2019    çap et  çap et