525.Az

AMEA-da Afad Qurbanovun yubileyinə həsr olunmuş elmi konfrans


 

AMEA-da Afad Qurbanovun yubileyinə həsr olunmuş elmi konfrans <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) professor Afad Qurbanovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

ONA-nın xəbərinə görə, tədbir AMEA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, A. Qurbanov müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi olub.

Akademik qeyd edib ki, A. Qurbanov aspirantlıqdan AMEA-nın müxbir üzvlüyünə qə­dər şərəfli bir tədqiqatçı yo­lu keçib:

"Afad Qurbanovun onomalogiyaya dair 100-ə qədər məqaləsi var. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin in­ki­şaf dövr­lərini müəyyənləşdirən, hər bir döv­rün səciyyəvi cəhətlərini konkret dil fakt­ları ilə əsaslandıran da məhz A. Qurbanov olub".

Təhsil nazirinin müavini İdris İsayev deyib ki, A. Qurbanovun Azərbaycan dilçiliyinin inkişafında mühüm xidmətləri olub:

"Afad Qurbanov ömrünün 60 ilini Azərbaycan dilçiliyinin inkişafına həsr edib. Afad Qurbanov təkcə elmi-pedaqoji fəaliyyətlə məşğul olmayıb, həm də ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edib. A.Qurbanov 1981-1989-cu illər­də in­di­ki Azər­baycan Dövlət Pedaqoji Universitetinin rek­toru olub, 1979-cu ildən baş­la­ya­raq öm­rünün sonuna qədər Azərbaycan dilçiliyi ka­fedrasının müdiri və­zifəsində çalış­ıb. Milli Məclisin üzvü olan alim əlifba islahatının təşkilat­çı­­larındandır".

Tədbirdə Rusiya Elmlər Akademiyasının prezidentinin müavini, akademik Taliya Xabriyeva, Türk Dil Qurumunun sədri, professor Gürer Gülsev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və digər qonaqlar çıxış ediblər.

Çıxışlardan sonra "Azərmarka" MMC tərəfindən dilçi alimin yubileyi münasibətilə hazırlanmış poçt markası nümayiş etdirilib, A. Qurbanovla bağlı xatirə kitabının və onun 13 cildlik seçilmiş əsərlərinin təqdimatı olub. Sonda görkəmli alimin həyat və elmi fəaliyyəti haqqında qısametrajlı film nümayiş etdirilib.

 





24.05.2019    çap et  çap et