525.Az

Etinasızlığın sonu - Türkan Turan yazır


 

Etinasızlığın sonu - <b style="color:red">Türkan Turan yazır </b>

Biri var idi, biri yox idi, çox uzaq olmayan diyarlardan birində gözəl-göyçək bir qız yaşayırdı. Bu qızın bir sevgilisi vardı və onu görməkdən ötrü dəridən-qabıqdan çıxırdı. Di gəl, oğlan görüşmək üçün heç cür fürsət tapa bilmədiyini deyir, boş vədlərlə dolu cümlələri davam etdirdikcə, etdirirdi. Qız çox deyirdi, oğlan az eşidirdi, qız xəbərdarlıq edirdi, oğlan düzələcək deyirdi. Qız səbr edir, dözür, gözləyirdi, oğlanın sonu görünməyən işləri isə yekunlaşmaq bilmirdi.

Günlərin bir günü qız yorulur, arxasını çevirir, çıxıb gedir. Oğlan bunun fərqinə varanda isə iş-işdən çoxdan keçmiş olur. Göydən titrək hisslərin, narın duyğuların üstünə üç yekə alma düşür və hər şey altında qalır.

Bu nağıl yəqin ki, çoxlarına tanışdır. "İşim çoxdur, vaxtım yoxdur, ilk fürsətdə..." kimi cəfəngiyatı uzatdıqca uzatmaq olar. Mesaja ürəyi istəyəndə cavab yazır, zəng edirsən "vacib deyilsə, sonra danışarıq" deyir.

Yəni o boyda Fransa imperatoru Napoleon Bonapartdan daha çox məşğulsan?

Ən qızğın müharibələrdə belə Jozefina bir an Napoleonun düşüncələrini tərk etmirdi. Dəlicəsinə aşiq olan Bonapart hər döyüşdən sonra, atları dəyişmək üçün dayananda qələm və kağız götürərək sevimli qadınına məktub yazmağa başlayırdı: "Mən and içmək istəyəndə əlimi sənin rəsmini saxladığım sinəmin üstünə qoyuram. Sən gələcəksən, eləmi? Mənim yanımda olacaqsan?! Tez gəl! Ürəyim yüzlərlə bıçaq batırılıbmış kimi ağrıyır. Bu bıçaqları daha da dərinə soxma, yalvarıram. Bax, bir az da geciksən, məni xəstə tapacaqsan!"

Napoleon hər dəfə qoşunu qoyub gedəndə, hamı bilirdi ki, o, Jozefinanın görüşünə qaçır. Hə, deməli, vaxt tapmaq üçün sevmək, istəmək şərtdir!

Məsafə saxlamaq, uzaq qalmaq istəyənlərin ən gözəl uydurması "vaxtım yoxdur" sözüdür. Bunu qalxan, dəbilqə, qala divarları kimi istifadə edib, qarşısındakını təhlükəsizləşdirirlər. Bilirlər ki, bu kəlimə ağızlarından çıxanda önündə dayananın əl-qolu bağlanacaq.

Hamının işi var, hər kəs mütləq bir və ya daha artıq məşğuliyyətə sahibdir. İstəsək gün ərzində min dənə məşğuliyyət taparıq.

"Zəng edəcəkdim, beynimdən çıxmamısan, amma işlərdən baş aça bilmədim".

Dünyanın ən mənasız və axmaq sözləridir. "Binanın qarşısından keçəndə başıma kərpic düşdü, buna görə məndən xəbər çıxmadı" demək daha məntiqli görünər.

Normal şərtlərdə kimsənin həyatının 24 saatını işləyərək keçirmədiyini yaxşı bilirik. Ən azından yemək yeməyə, tualetə getməyə, yatmağa görə görülən işlərə ara verə biliriksə, deməli, bir mesajı və bir zəngi də cavablamaq mümkündür. Əgər sevdiyimizlə günlərlə, aylarla görüşmür, bəhanə kimi işi göstəririksə, bunun iki mənası var; ya bir neçə işi eyni anda görmək bacarığımız yoxdur, ya da sadəcə qarşılaşmaq istəmirik.

Axı, hansı iş insanın zövqlərinin önünə keçə bilər? Bu, nə dərəcədə ehtiraslı iş olmalıdır ki, belə bir qüdrətə sahib olsun?!

Heç bir şey içimizdəki sevgidən və sahib olduğumuz insanlardan daha vacib deyil. Həyat qısadır, əldə etmək naminə didinib durmaqla, qarışqa kimi işləməklə bada veriləcək qədər mənasız deyil. Əlbəttə, boş-boş oturacaq qədər də dəyərsiz deyil.

İşə get, evə gəl, yemək ye, yat, ertəsi gün təkrarla və bu şəkildə davam et. Bəs sonra? Bu qədər mənasız yaşayış tərzi olar?

"Çox işləyirəm, görmürsən?" bu, həm də müdafiə cümləsidir. O an bütün ittihamlar uçub gedir, beynin rahat olur və məsuliyyətdən azad olursan.

Məsələn, Jozefina gələn məktublara elə də xüsusi əhəmiyyət vermirdi. Napoleon isə buna görə hiddətlənib belə yazırdı: "Daha səni sevmirəm! Sən iyrənc, axmaq, mənasız qadınsan! Axı, bütün gün ərzində  nə işlə məşğulsan? Hansı təxirəsalınmaz iş sənin vaxtını alır ki, sevdiyin adama məktub yaza bilmirsən? Ona vəd etdiyin bir ömürlük zərif, vəfalı sevginə nə mane olur belə?! Diqqətli ol, Jozefina, bir gözəl gecədə mən sənin qapılarını sındırıb qarşında dayanacağam!"

İşə bax də, o boyda imperator qanlı-qadalı savaşların içində sevgilisinə məktub yaza bilirdi, amma sarayda ipəyin, taxt-tacın içində oturub kef edən Jozefina ona cavab vermirdi.

Etinasızlıq ilə qarşılaşan Napoleon özündən çıxırdı, dəliyə dönürdü. Bəlkə də, elə bu səbəbdən bütün hirsini, dəliliyini, çıxılmaz vəziyyətdə olduğunu qələbələrin alovunda külə döndərmək istəyirdi. Bu hikkə ilə yenidən və yenidən deyərək ölkələri zəbt edə-edə gedirdi.

Doğrudur, Jozefina bəzən öz etinasızlığına müxtəlif ağıllı kəlmələrlə don geyindirə bilirdi. Məsələn, "Mən Fransa kimiyəm. Sən məni əldə etmək üçün daima fəth etməlisən" söyləyirdi. Hə, qulağa maraqlı gələn sözlərdir. Amma Napoleon sonda bu kəlmələrlə ac qəlbini doydura bilmədi, sonda nöqtəni qoydu.

Napoleonun timsalında bir daha əmin oluruq ki, mübahisə edəndə, dalaşanda, şikayətlənəndə yox, susanda, etinasızlıq başlayanda bitir hər şey! Bütün bunların təməli isə qarşıdakından əsirgənən vaxtla, uydurulan bəhanələrlə atılır. Getdikcə qəlb qırılır. Unutmaq lazım deyil ki, quşların qanadı kürəyində olduğu kimi, insanlarınkı da ürəyində olur. Birinci kürəyindən, ikinci ürəyindən qırılanda uça bilmir. Qıranlardan yox, vaxt ayırıb quranlardan olaq!

 





25.05.2019    çap et  çap et