525.Az

"Tədris prosesində fənlərarası inteqrasiyaya daha çox üstünlük veririk"


 

"BAKI XOREOQRAFİYA AKADEMİYASI TAM ORTA MƏKTƏBİNDƏ BU İL İLK DƏFƏ OLARAQ "DƏRS-MUZEY", "DƏRS-EKSKURSİYA" METODLARINDAN İSTİFADƏ ETMİŞİK"

"Tədris prosesində fənlərarası inteqrasiyaya daha çox üstünlük veririk"<b style="color:red"></b>

Müsahibimiz Bakı Xoreoqrafiya Akademiyası tam orta məktəbinin direktoru Bəşarət Hüseynovadır. 

- Bəşarət xanım, əvvəlcə Bakı Xoreoqrafiya Akademiyası tam orta məktəbinin spesifikası barədə məlumat verədiniz...

- Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbi çoxillik təcrübəyə malikdir. İlk azərbaycanlı balerina, görkəmli sənətkar Qəmər Almaszadə ilk təhsilini burada almışdı. Respublikanın parlaq simaları, tanınmış sənətkarlar, Əməkdar artistləri bu məktəbdə sənətin sirlərinə yiyələnmişlər. Məktəbimiz ixtisas profilli olmaqla öz spesifik xüsusiyyəti, tədris prosesi ilə digər ümumtəhsil məktəblərindən fərqlənir. Tədris prosesi üç istiqamətdə aparılır - mumtəhsil fənləri, ixtisas fənləri, musiqi. Ümumtəhsil fənləri üzrə tədris dövlət tədris planlarına əsasən təşkil olunur. İxtisas fənləri üzrə iki bölmə - klassik və xalq bölmələri fəaliyyət göstərir. Bu istiqamətdə xüsusiləşmiş siniflər 5-ci sinifdən başlayır. Onu da qeyd edim ki, xoreoqrafiya sənətinin ilkin, təməl elementləri ibtidai siniflərdə aşılanır. 5-ci sinifdən isə professional xoreoqrafiya sənətinin tədrisinə başlanır. Məktəbimizə şagird qəbulu 1-5 və 8-ci siniflər üzrə həyata keçirilir. Birinci mərhələdə şagirdlərin ilkin bilik, bacarıqları, ikinci mərhələdə qabiliyyətləri yoxlanılır, həkim müayinəsindən keçirilir. Xüsusi istedadlı şagirdlər olarsa, müstəsna hal kimi 6-cı sinfə də qəbul oluna bilər. Yetirmələrimiz yalnız respublikamızda deyil, bir çox xarici ölkələrin orta və ali təhsil ocaqlarına daxil olurlar. Tədris prosesinin spesifik xüsusiyyətlərindən biri də odur ki, şagirdlərimiz Dövlət Akademik Opera və Balet teatrının balet tamaşalarında mütəmadi iştirak edərək, səhnə təcrübələrinə yiyələnirlər. 3 istiqamətdə təhsil almaq olduqca çətin və maraqlıdır. İl boyu şagirdlərimiz yaradıcılıqla məşğul olurlar, dövlət əhəmiyyətli tədbirlərində iştirak edirlər. Tədris ilinin sonunda "Hesabat" konserti verirlər. Məktəbimizdə çox güclü müəllim kollektivi çalışır. Onların arasında Əməkdar və Xalq artistləri, Əməkdar mədəniyyət və incəsənət işçiləri, Əməkdar müəllimlər, fəlsəfə elmi üzrə namizədlər, prezident təqaüdçüləri də var. Məqsədimiz isə birdir - müasir təhsil, təlim və tərbiyə sisteminə əsaslanmaqla bilikli, mənəviyyatlı, vətənpərvər peşəkar vətəndaş yetişdirmək.

- Məktəbdə tədris prosesi zamanı hansı yeniliklərdən istifadə olunur?

- Artıq 2007-ci ildən başlayaraq ümumi təhsildə kurikulum proqramı tətbiq olunur. Yeni kurikulumların tətbiqi bu gün təlimin nəticələr üzrə qurulmasının və interaktiv formada təşkilini tələb edir. Müasir texnologiyalardan istifadə günün tələbinə çevrilib. Təhsilin məzmununda elektron portalların yaradılması, dərslik və metodik vəsaitlərin portala yerləşdirilməsi tədris prosesinə böyük təkan verir. Müasir təlim metodları ilə yanaşı, qabaqcıl təcrübənin öyrənilib yayılmasına, pedaqoji mühazirələrin təşkilinə üstünlük veririk. Şagirdlərimiz respublika daxili fənn olimpiadalarında, şagird-tələbə konfranslarında, rəqs, musiqi və rəsm üzrə beynəlxalq müsabiqə və festivallarda uğurla iştirak edirlər. Akademiyanın təşəbbüsü ilə xarici ölkələrdən dəvət olunan sənətkarların    "Ustad dərslər"inə cəlb olunurlar. Məktəbimizdə əsas xarici dil fransız dilidir. Günün tələbləri nəzərə alınmaqla II xarici dil ingilis dilinin tədrisinə başlamışıq.

Fənlərarası inteqrasiyaya daha çox üstünlük veririk. Bu il ilk dəfə olaraq "dərs-muzey", "dərs-ekskursiya" metodlarından istifadə etmişik. Hazırda M.S.Ordubadinin ev muzeyi ilə əməkdaşlıq edirik. Məktəbimizin aparıcı müəllimləri 8 və 9-cu sinif şagirdləri ilə birlikdə orada "açıq-dərs" təşkil etmişdir. "Zərərli vərdişlərə yox" mövzusunda hüquq mühafizə və səhiyyə orqanlarının məsul işçiləri ilə maarifləndirici tədbirlər, dəyirmi masa mütəmadi olaraq aparılır.

Maraqlı layihələr həyata keçiririk. "Müalicəni indi başla, yaranacaq problemləri aradan qaldır" devizi altında tibbi tədqiqat qrupu (First Dentish) tərəfindən şagirdlərimizin dişləri müayinə olunub, həkimlər şagirdlərə diş məcunu, diş fırçası, albom, qələm hədiyyə ediblər, tövsiyələr kart vasitəsilə valideynlərə çatdırılıb. Layihələr davam edir.

- Bəs tədrisin keyfiyyətini yüksəltmək üçün nələrə üstünlük verirsiniz?

- 2018-2019-cu tədris ilində "təhsildə keyfiyyət ili" ilə bağlı nəzərdə tutulmuş inkişafyönümlü tədbirlər tam orta məktəbin "fəaliyyət planı"na daxil edilib. Tədrisin keyfiyyətini yüksəltmək üçün şagirdlərin təlim nəticələrinin təhlili, monitorinq və qiymətləndirməyə, şagirdlərin məlumatlılıq səviyyələrinin genişləndirilməsinə, fənlər və incəsənətin müxtəlif sahələri üzrə müsabiqə, yarış və sərgilərin təşkilinə, mütaliə və nitq mədəniyyətinin inkişafına, dərsdənkənar vaxtlarda ədəbi-bədii gecələrin, müxtəlif görüşlərin təşkilinə, davamiyyətə üstünlük veririk.

- Məktəb-valideyn münasibətləri barədə nə deyə bilərsiniz?

- Məktəb-valideyn əlaqələri olduqca vacib və dəyərlidir. Davamlı əlaqələr müəllim-şagird münasbətlərinə mehribanlıq, səmimiyyət və məsuliyyət gətirir. Uşaqları bir çox psixoloji qayğılardan, utanc, qorxu, inamsızlıq duyğularından azad edir. Valideynlər daim təlim-tərbiyə prosesində maraqlı tərəf kimi iştirak etməlidirlər. Çox təəssüf ki, bəzən elə hallarla qarşılaşırıq ki, valideynlər öz övladlarından şikayətə gəlirlər, bacarmırlar. Valideyn-övlad arasında gərginlik yaranır. Valideyn təkid edir ki, mən uşaqlıqda balerina və ya rəqqas olmaq istəmişəm, ailəm qarşı çıxıb. Övladım hökmən balerina olmalıdır. Uşaqların istəyi nəzərə alınmır. Düşünürlər ki, onların həyatı yalnız məktəb və ailə qarşısında hesabat verməkdən ibarətdir. Bu kimi münasibətlər yalnız qarşılıqlı aradan qaldırılmalıdır. Fikrimcə, gələcəkdə psixoloji treninqlərə daha çox üstünlük verməli, valideynlərin iştirakını təmin etməliyik. 

- Sovet dövründə təhsil almış bir çox insanlar həmin dövrün təhsil sisteminin indiki ilə müqayisədə daha üstün olduğunu deyirlər. Siz bu haqda nə düşünüsünüz?

- Maraqlı sualdır. Sovet dövründə təhsil almış bir insan kimi o fikirdəyəm ki, sovet təhsil sistemində qaydalar, qanunlar şagirdlər tərəfindən mənimsənilmədən əzbərlənirdi. Şagird oxuduğu materiala fikir bildirməkdə çətinlik çəkirdi. Müəllim fəaliyyətin mərkəzində dayanırdı. Müasir dövrdə tədris prosesində, şagirdlərin ev tapşırıqlarının hazırlanmasında bilik mənbəyi olan internet resurslardan istifadə olunur. İnternetdən düzgün istifadə olunmadıqda mənfi təzahürlərə yol açır,  zərərli, qeyri-etik istənilən məzmun uşaqların qarşısına çıxa bilər. Bu problem yaradır. Biz bunun şahidiyik. Lakin fəal təlim şagirdlərin idrak fəallığını artırır, onları müstəqil qərarlar çıxartmağa yönəldir. Müasir məktəblidə nə çatışmır? Hüsnxət, kolleqrafik qaydalara uyğun savadlı yazı, sistematik olaraq şagird biliyinin test vasitəsilə yoxlanılması, şifahi nitqin inkişafına mane olur. Hətta şagirdlər adi ünsiyyətdə də fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Mütaliəyə maraq azdır, söz ehtiyatının olmaması inşa yazılarında özünü qabarıq göstərir. Müasir təhsildə şagird yaradıcıdır, fəaliyyətin mərkəzində dayanır, tətbiq edir, tərtib edir, qruplaşdırır, daim axtarışdadır, nəticəni özü əldə edir. Bu, yaxşı haldır, lakin bəzi dərsliklərin (xüsusilə ibtidai siniflərdə) tərtibində bəsit tərcümələrə çox yer verilir. Hazırda Təhsil Nazirliyi tərəfindən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb. Ümidvarıq ki, yeni çap olunacaq dərsliklər bizi qane edəcək.

- Bəzən əvvəlki illərlə müqayisədə cəmiyyətdə müəllimin nüfuzunun düşməsindən də danışılır. Bu haqda nə fikirləşirsiniz? Sizcə, buna səbəb müəllimdir, yoxsa cəmiyyət?

- Müəllim elə bir yaradıcıdır ki, cəmiyyət üçün layiqli insan yetişdirir. Müəllim  şəxsiyyəti fəal cəmiyyət adamıdır. Müəllim dedikdə daim yol göstərən, istiqamət verən, yaradıcı, səriştəli humanist bir insan düşünürük. Nüfuzdan düşən müəllim isə...

Sevinc QARAYEVA

 





02.06.2019    çap et  çap et