525.Az

Uzaq və yaxın Meksika - Telman Orucov yazır


 

Uzaq və yaxın Meksika - <b style="color:red">Telman Orucov yazır </b>

(Əvvəli ötən şənbə saylarımızda)

Kortesin başçılığı altında 1519-cu ildə ilk dəfə şəhərə girən ispan konkistadoları onu tamamilə dağıtdı və şəhərin xarabalıqları üzərində yeni şəhər kimi Mexikonun əsasını qoydular. Zaman keçdikcə əvvəllər Mexikonu əhatə edən göl və kanallar quruduldu, onların yerində isə yollar salındı, evlər tikildi. İndi Mexikonun qonaqları çətin təsəvvür edə bilərlər ki, nə vaxtsa bu adada asteklərdən kiçik iz də qalmamış möhtəşəm paytaxtları yerləşmiş imiş.

İndi şəhərə ərzağın və sənaye xammalının əksər hissəsi ölkənin digər rayonlarından gətirilir. Böyük Mexiko həm də ölkə idxalının 2/5-ni udur, özü də ixraca xeyli mal göndərir. 

Burada Milli Elmlər Akademiyası, digər elmlər üzrə akademiyalar, elmi-tədqiqat institutları və Qərb yarımkürəsinin ən qədim ali məktəbi olan Meksika milli muxtar universiteti yerləşir. Milli Antropoloji Muzey isə dünyadakı ən zəngin muzeylərdən biridir, onun kolleksiyalarında arxeoloji abidələr, həmçinin, məşhur astek təqvimi vardır.

Respublika prezidentinin rəsmi iqamətgahı olan Palasio Nasyonal XVII əsrdə tikilsə də, bu binanın interyerini - divarlarını içəridən Dieqo Rivera XX əsrdə öz rəsmləri ilə bəzəmişdir.Şəhərin özünə gəldikdə, küçələri çox səsli-küylüdür. Hər yerdən - restoranlardan, barlardan, kafelərdən musiqi sədaları gəlir. Axşamlar mariaçi musiqiçilərinin onlarla qrupu olduqca kiçik məbləğdəki pula çıxış edirlər. Milli geyimdəki, başında iri sombrero olan mariaçi musiqiçilərinin özü bir tamaşadır. Həftədə bir-iki dəfə xalq musiqisi və rəqsi konsertləri təşkil edilir. Spesifik Meksika tamaşalarına atlıların "çarros" yarışması da daxildir, onlar atları ram edib çapmaqda, lassodan istifadə etməkdə bir-birləri ilə rəqabət aparırlar. Öküz döyüşü də çox populyardır. Soçimilkodakı üzən bağlar - "Çinampas" da bu xalqın əcdadlarının istedadına bələd olmağa şərait yaradır.

Mexikodan bir qədər aralıda Teotiuakan şəhərinin qalıqları yerləşir, bu şəhər IX-X əsrlərdə toltektlərin başçılığı altında birləşmiş hindu tayfalarının paytaxtı idi. Buradakı Günəş və Ay piramidaları daha böyük marağa səbəb olur. Keçmişlə öyünməklə yanaşı, müstəqillik qazanıldıqdan sonra meksikalılar uzun müddət şəhər arxitekturasının inkişafında öz yollarını axtardılar. Onlar müstəmləkə keçmişini xatırladan nümunələr xətti ilə getmək istəmirdilər və öz cəhdlərində heç də yanılmadılar.

Şəhərin arxitekturası nə qədər təriflənsə də, havası heç də yaxşı deyildir, çox çirklənmişdir. Həm də Mexikonun yerləşdiyi məkanının fiziki-coğrafi xüsusiyyətləri hesabına da bu problem daha da mürəkkəbləşir. Yağış mövsümündə nəhəng şəhər bəzən dolunun qalın örtüyü altında qalır, ayrı-ayrı hallarda isə qarın qalınlığı 1 metrə çatır. Belə hallar iqlimin dəyişilməsinə səbəb olur və ətraf mühiti dağıdır. Adamların özlərinin fəaliyyətinin nəticəsi kimi atmosfer palçığı göydən yerə düşür. Bütün bunlar nəzərə alınaraq, paytaxtın yerinin dəyişdirilməsi təklif olunsa da, böyük rus təmsilçisi İ.A.Krılovun sözləri ilə desək: "Araba indi də həmin yerdədir".

Mərkəzi-qərb rayonu Sakit okeana baxan yaylanın bir hissəsini tutur. Meksikanın bu hissəsini "Göllər ölkəsi" adlandırırlar. Ən iri göl Çapaladır. Münbit torpaqlar lazımi səviyyədəki rütubətlilik hesabına müxtəlif bitkilərdən bol məhsul götürməyə imkan verir. Burada paytaxtdan sonra ikinci şəhər olan Qvadalaxara yerləşir, Böyük Qvadalaxaranın 4,1 milyon əhalisi vardır. Qvadalaxara iri və mühüm nəqliyyat qovşağıdır, ona görə də regionun mühüm bölüşdürmə mərkəzinə çevrilmişdir. Həm də Qvadalaxara Meksikanın ən gözəl şəhərlərindən biridir, onun küçələrini və meydanlarını hələ ispanlar tərəfindən tikilmiş kilsələr və özəl evlər bəzəyir. Onu bəzi hallarda tropik ispan şəhəri, "Qərbin incisi" adlandırırlar.

Şimali-qərb rayonu Syerra-Madre, Sakit Okean və ABŞ ilə sərhəd arasındakı geniş ərazini tutur. Burada çox sayda çaylar axıb Sakit okeana tökülür. Onların suyu həm də suvarma üçün geniş istifadə olunur. Suvarma əkinçilik regionunun əmtəə iqtisadiyyatının əsasını təşkil edir. Pambıq və pomidor əsasən ABŞ-a ixrac olunur. Aşağı Kaliforniyanın baş şəhəri olan La-Pasdakı tral gəmiləri Kaliforniya körfəzində balıq ovu aparır.

Şimal rayonunun quraqlıq iqlimi, səhra və yarımsəhra bitkiləri vardır. Monterrey şəhərində əhali və sənaye istehsalı müəssisələri izafi qaydada təmərküzləşmişdir. Şəhərdə kəskin su çatışmazlığı mövcuddur, bu cəhətdən İspaniyadakı Mursiyanı xatırladır. Böyük Monterreydə 3,7 milyon əhali yaşayır.

Şimal-şərq rayonu Birləşmiş Ştatlar sərhədi və Meksika körfəzinin sahili ilə bağlı olan ərazini tutur. Burada torpaq münbitdir. Rayonun ixtisaslaşması yanacaq sənayesinə əsaslanır. Buradan ölkənin daxili hissələrinə neft və qaz göndərilir. Boru kəmərlərindən başqa dəniz nəqliyyatı da xeyli inkişaf etmişdir. Ölkənin iri dəniz limanı Tampikodur, şəhər həm də balıqçılıq sənayesi mərkəzidir.

Şərq rayonu Meksika körfəzinin sahil düzənliyini tutur. Burada rütubətli tropik iqlim hökm sürür, ildə 1.000 m-dən artıq yağıntı düşür. Şərq rayonunun başlıca var-dövləti neftdir. Əvvəllər bu rayon Meksikadakı neft hasilatının 90 faizə qədərini verirdi. Burada neft emalı zavodları, neft-kimya kompleksləri tikilmişdir. Boru kəməri nəqliyyatı da çox inkişaf etmişdir. Daxili rayonlardan sahilə geniş yollar çəkilmiş, digər nəqliyyat növləri də inkişaf etmişdir.

Şərq rayonunun kənd təsərrüfatı tropik plantasiya bitkilərinin - şəkər qamışının, kofenin, tütünün, həmçinin, sitrus meyvələrinin becərilməsinə əsaslanır. Burada müasir metodlardan istifadə hesabına yüksək məhsul götürülür.

Şərq rayonunda böyük təbii otlaqlar vardır ki, bu da mal-qaranı kökəltməyə imkan verir. Verakrus isə qədim şəhər olmaqla yanaşı, ölkənin mərkəzi hissəsində hasil olan qiymətli metalları ixrac edir. Buradakı limandan mallar Avropa ölkələrinə göndərilir.

Yukatan rayonu eyni adlı yarımadada yerləşir. Mağaralarla dolu olan bu ərazidə zəngin neft və qaz yataqları tapılmışdır. Məşhur Kankun kurortu da həmin rayonda yerləşir. Turistləri cəlb etmək üçün mağaralardan da geniş istifadə edilir. Lakin Sloveniyadakı məşhur Postoyna Yama mağarasındakı gözəllikləri burda tapmaq çətindir. Orada stalaktit və stalaqmit fiqurların çoxu ağ, gümüşü mərmər təsəvvürü yaratmaqla, elə bil ki, heykəltəraş əlindən çıxmışdır. Piza qülləsini andıran, Sofi Lorenin döşü adlandırılan və digər çox sayda stalaqmit fiqurlar insanı heyran qoyur. Gürcüstanda Tsxaltuba şəhəri yaxınlığındakı Prometey mağarası isə özünün haylı-küylü adını doğultmur, oradakı fiqurlar palçıq rəngində olmaqla, elə bir cəzbediciliyi ilə də seçilmirlər. Həm də bu mağara çox enişli-yoxuşlu olmaqla adamı yorur, gəzinti bol-bol əziyyət çəkilməsi ilə müşahidə olunur. Yukatan mağaraları isə çox sayda və rəngarəng olmaları ilə seçilir.  

Cənub rayonuna 4 ştat daxil olmaqla, onun biri Sakit okean sahilindəki Gerrero ştatıdır. Biz Akapulkoya gedərkən Gerrero ştatının ərazisindən keçdik, çünki həmin məşhur kurort da elə oradadır. Ölkədəki bütün hinduların 50 faizindən çoxu burada yaşayır və onlar olduqca kasıb həyat sürürlər. Bu yoxsulluq içərisində Akapulko bir vahə (oazis) kimi nəzərə çarpır. Burada nəhəng hidroelektrik stansiyaları tikilmişdir.

Turizm öz inkişafı üçün böyük imkanlara malikdir. Burada qədim hindu məskənləri vardır ki, onlar özünə əcnəbi turistləri maqnit kimi cəlb edir. Lakin inkişaf etmiş nəqliyyat sisteminin yoxluğu zonada iri turist mərkəzlərinin tikintisinə mane olur. Biz Mexikodan Akapulkoya avtobusla gedərkən yolun kələ-kötür, narahat olması ətrafdakı mənzərəni seyr etməyə də mane olurdu və abad yol bu zonada yalnız arzularda mövcuddur. Mexikodan çıxarkən yol üstündə məşhur "Atstek" olimpiya stadionunu gördük. Sonra isə səfərin narahatlığı başlandı. Yol həm də 3 km hündürlükdən keçirdi və yaxşı şəraitdə olmaması sərnişinlərin diskomfortunu artırırdı.

Akapulko Sakit okean sahilindəki ən məşhur kurortlardan biridir. Buranı əsasən Birləşmiş Ştatlardan gələnlər çox sevirlər. İstirahət edənlər və turistlər, əsasən, təyyarələrlə və Sakit okeanda üzən gəmilərlə gəlirlər. Şəhər dağ yamacından okean sahili ilə uzanır, əhalisi 2 milyondan çoxdur. Kurort şəhəri olduğundan burada uzun sahil boyu hündürmərtəbəli göydələnlərdən ibarət bahalı otellər yerləşir. Sahil və mərkəz çox abad və gözəldir, yamaca yaxın ərazilərdə isə kasıb şəhər əhalisi yaşayır. Otellərə müştəri cəlb etmək üçün binanın özünü və ətrafını çox təmiz saxlayırlar. Bir bahalı otelin qarşısında ekzotik quşlar saxlanırdı və biz ilk dəfə burada tutuquşu kimi rəngli lələkləri və uzun dimdiyi olan tukan quşunu gördük. Sahildəki okeanariumda təlim keçmiş delfinlərlə tamaşa göstərilirdi. Okean sahilindəki plyaj on kilometrlə uzunluqda olmaqla, qumunun dərinliyi ilə seçilir və ona görə də amerikanların sevimli istirahət yerinə çevrilmişdir.

Akapulko təkcə bu günü ilə öyünmür, onun keçmişində də qürur bəxş edən fəaliyyətlər mövcuddur. Hələ müstəqillikdən əvvəlki Meksikanın xarici ticarətində Akapulkonun xüsusi rolu var idi. Bu şəhər Filippinin seçilən ticarət məntəqəsi, gələcək paytaxtı Manila ilə öz qalleonları ilə Sakit okeandan üzüb keçməklə geniş ticarət aparırdı. Manilanın ölkənin adalarına siyasi ağalıq etməsi ilə yanaşı, bu, onu həm də iri kommersiya mərkəzinə çevirmişdi. Akapulko Meksikada istehsal edilən gümüşü Çin ipəyi ilə dəyişdirməklə böyük qazanc əldə edirdi. XVIII əsrin sonunda Akapulkonun Manila ilə qalleon ticarətinin tədricən inkişaf etməsi nəticəsəndə Filippində inhisar yaranmasına səbəb olmuşdu. Beləliklə, Akapulko təkcə Meksikanın deyil, uzaq Filippinin də kommersiyasına əsaslı köməklik göstərmişdi.

Şəhərin bir az əvvəl meri işləmiş professor bizimlə çox mehriban görüşdü və şəhərlə tanışlıqda bələdçiliyi könüllü olaraq öz üzərinə götürdü. Şəhərdə maraqlı cəhətlər çoxdur. Ekzotikaya gəldikdə, cənubdakı təpə üstündə, hava limanına gedən yolun yanındakı restoranda isə digər təamlarla yanaşı, ekzotik xörək kimi, bizdəki qavala bənzəyən donuz dərisinə də qonaq etdilər. Əlbəttə, dəri çox yağlı idi.

(Ardı var)

 





04.06.2019    çap et  çap et