525.Az

Türkiyə qonaqlıqları: istəsən otur, istəməsən...- İlhamə Qasımlının bloqu


 

Türkiyə qonaqlıqları: istəsən otur, istəməsən...- <b style="color:red">İlhamə Qasımlının bloqu</b>

Ankara


Biz azərbaycanlılar yemək üstünə gəlmiş qonağı süfrədə oturmağa razı salana qədər israr edərik. 4 il əvvəl Azərbaycanda çalışmış bir amerikalıdan müsahibə almışdım. Mədəniyyətlərimizdəki əsas fərq kimi ev sahibinin qonağının yemək yeməsində israr etməsindən bəhs etmişdi.

“Azərbaycanlılar üçün bu, qonaqpərvərlikdir, amma bir amerikalı üçün rahatlığının pozulması, diskomfortdur”, demişdi.

Türklər isə xəbərsiz evə təşrif buyurmuş qonağa süfrədə oturmağı sadəcə təklif edərlər – qonaq istərsə oturar, istəməzsə evin bir tərəfində oturub bu şəkildə ev sahibləri ilə söhbət edər.

Dəvət olunan qonağın qarşılanma formatı isə müxtəlifdir.

12 il əvvəl Türkiyədə çalışarkən bir qonşum məni evinə dəvət edərkən “kahvemi içmeye gelin” deməsi tipik azərbaycanlı kimi mənə qəribə görünmüşdü. “Necə yəni, bir kofe içmək üçün qonaqmı gedilir” deyə düşünmüşdüm.

Artıq Türkiyəni uzun müddətdir, içəridən müşahidə edib tanıyandan sonra bu müxtəliflik mənə ironik yox, əksinə, sosial paylaşma üçün vacib amil kimi görünməyə başlayıb.

Türklər dostları ilə bir araya gəlmək üçün xüsusi bir səbəb və ya bəhanə axtarmır.

Dostunun həyatında baş vermiş yaxşı və ya pis bir hadisə ziyarətə səbəb ola biləcəyi kimi, bir araya gəlib kef-hal tutmaq, söhbətləşmək üçün də dost ziyarəti olur.

Ən əsası, qarşı tərəfdən cavab ziyarəti də gözlənilir. Bu məsələdə türklərin tələbkarlığından və sözbazlığından keçilməz.

Mən Türkiyəyə köçəndən sonra bir dostum ailəsi ilə bizə qonaq gəlməsindən bir neçə müddət sonra inciklikə “gözlədim, sən də bizə gəlmədin” demişdi.

Türkiyədə qonağa yeməkli dəvətin edilməsi az hallarda təsadüf olunur.

Normal ziyarətlərdə çay və ya türk mədəniyyətinin vazkeçilməzi – qəhvə süfrəsi təqdim edilir.

Çay dəvətlərində börək çeşidləri də ola bilər, şirniyyat da, meyvə də.

Qəhvə isə əsasən tək verilir.

 

Xoşgəldin 

Türk mədəniyyətində cox populyar olan “nəzakət ziyarəti” deyilən bir ünsiyyət vasitəsi də var.

Bir də görürsən ki, gündəlik siyasi həyatda bir-birinə qarşı ən sərt ittihamları yağdırmaqdan çəkinməyən liderlər önəmli bayram günündə qarşılıqlı ziyarət edərək bir-birini təbrik edirlər.

Və ya bir şəhərə, rayona yeni təyin olunmuş bir şəxsi həmin bölgənin məsul şəxslərindən tutmuş, sıravi sakinlərə qədər gəlib “xeyirli olsun” təbriki edər. Belə təbriklər, adətən, fərdi yox, hər kəsə açıq qapı ilə toplu şəklində edilir.

Nəzakət ziyarəti məişət həyatını da təsirləndirib.

Binaya yeni kiracı və ya ev sahibi gəlirsə, qonşular fərdi və ya toplu şəkildə “xoşgəldin” ziyarətinə gedər.

Tipik azərbaycanlı üçün türklərin dost və ya qonşu ziyarəti bir az qəribə görünə bilər. Çünki biz azərbaycanlılar qonaq getdiyimiz zaman hədiyyə almağı özümüzə borc bilərik.

 

Hədiyyə yoxsa, çay

4 il əvvəl yeni ailə qurduğum günlərdə binamızdakı qonşu qadınlar həm evliliyə “xeyirli olsun”, həm də yeni sakin kimi “xoşgəldin” ziyarətinə gəldikləri zaman qonaqların hər birinin əlində bir poşet görüb yeni qonşuya bu qədər hədiyyə alınmasından az qala təsirlənmişdim.

Az keçdikdən, necə deyərlər, söhbət qızışandan sonra qadınlar hərəsi poşetindən hörgü ipi və millərini cıxarıb danışa-danışa hörməyə başlayanda hədiyyə gözləməkdən vaz keçmişdim.

Övladın ali məktəbə daxil olması, əsgərlikdən dönməsi, yaxının həbsxanaya düşməsi, evdə xəstə yatmaq, xəstəxanadan çıxmaq, yeni evlilik, yeni uşağın doğulması, məktəbdə oxuyan övladının korne alması – yəni bir rübdən digərinə keçməsi və daha bir çox hadisələr ziyarət səbəbi ola bilər.

Bu cür ziyarətlərə gələnlərə isə yalnız çay ikram edilir.

Oğlumun doğum günündə evdə bir qonaqlıq keçirməyi düşünürdum – yemək çeşidlərinin bol olacağı bir qonaqlıq ağlımdan keçirmişdim. Türk rəfiqəmlə nələri bişirə biləcəyim haqda söhbət edəndə bütün planlarımı dəyişdirməli oldum.

Məlum oldu ki, türklər doğum günündə, əsasən, tort, uzağı qəlyanaltılıqları hazırlayıb evdə dostların təbrikini gözləyərlər.

Öncə nə hazırlayacağımı bilmədim. Xüsusilə anam tort və bir neçə soyuq yeməklə evə qonaq çağırmağı, az qala yolverilməz sayırdı.

Evdə sıxdığım təbii meyvə şirələri, rusların burda da məhşur olan “paytaxt salatı”, “siqara börək”, rəfiqəmin evdən gətirdiyi yarpaq sarması, tort və çayı evin bir tərəfində qoyduğum masanın üstünə düzüb isveç süfrəsi hazırladım. Hər kəs istəyinə uyğun qablarını doldurub evdə sərbəst hərəkət edərək sevincimizi bölüşdü.

İnanmazdım ki, evdə qazan-qazan yemək bişirmədən belə bir önəmli məclis keçirmək olarmış.

 





04.10.2013    çap et  çap et