525.Az

Rusiya Federasiyasına səfər təəssüratları - Ceyhun Məmmədovun yol qeydləri


 

Rusiya Federasiyasına səfər təəssüratları - <b style="color:red">Ceyhun Məmmədovun yol qeydləri </b>

Səfərlə bağlı plan Rusiya universitetlərinin reytinq cədvəlində ilk yerlərdən birində olan Rusiya Xalqlar Dostluğu Universitetinin rektoru Vladimir Filippov məktub göndərərək, universitetdə "Müasir beynəlxalq təhsil və elmi müstəvidə ilahiyyat: subyektlər, kurrikula, səlahiyyətlər" mövzusunda keçiriləcək konfransda iştiraka dəvət etməsi ilə formalaşdı.

Səfərlə bağlı gözləntilərim çox idi. Düşünürdüm ki, təkcə konfransın işində iştirak etməklə kifayətlənmək olmaz. Orada tədrisin necə qurulduğu; dərslərin təşkili; tələbələrin bilik səviyyəsi mənim üçün çox maraqlıdır və bu səfərdən institutumuzun gələcək fəaliyyətinin qurulması istiqamətində istifadə etməliyəm.

Rusiya Xalqlar Dostluğu Universitetində təşkil olunan konfransda iştirak edəcəyimi bilən Moskva İslam İnstitutunun rektoru Demir Muxetdinov səfər çərçivəsində birgünlük Sankt-Peterburq şəhərini ziyarət etməyimi, oradakı elmi institututlarla və alimlərlə tanış olmağımı tövsiyə etdi. Onun bu tövsiyəsi ilə konfransdan öncə Sankt-Peterburqa səfər etdim.

Bazar günü Bakıdan Moskvaya yola düşdük. Hava limanında Permdə yaşayan həmyerlimiz, dəyərli jurnalist dostum Səfa Kərimovla görüşüb, birbaşa Sankt-Peterburq şəhərinə səfər etdik. Orada bizi Rusiya Müsəlmanları Ruhani İdarəsinin Sankt-Peterburq şəhəri üzrə nümayəndəsi, yüksək dini və dünyəvi biliklərə malik din xadimi Dəmir Hüseynov qarşıladı. Bazar günü şəhərin böyük kilsələrindən olan və öz möhtəşəmliyi ilə seçilən İsakiyevski kilsəsini və bir neçə tarixi yeri ziyarət etdik.

Sankt-Peterburqda diqqətimi çəkən yerlərdən biri Rusiya Milli Kitabxanası oldu. Sözügedən müəssisənin Azərbaycan bölməsinin rəhbəri Səmayə Babayevna bizə kitabxana haqqında geniş məlumat verdi. Burada keçmiş Sovetlər birliyində yaşayan bütün xalqların dilində yüzminlərlə ədəbiyyat qorunur. Həmyerlimiz burada Azərbaycan dilində 55 000 adda ədəbiyyatın saxlanıldığını qeyd etdi. Kitabxanada, həmçinin, Azərbaycan dilində bir çox əsər və jurnal nüsxələrinin də mühafizə edildiyini nəzərimizə çatdırdı. Ən diqqətçəkən məqamlardan biri isə  Hacı Zeynalabdin Tağıyevin Gürcüstanda çap etdirdiyi əl-Bakuvinin "Kəşfül-həqaiq" kitabının, "Əkinçi" qəzetinin, "Molla Nəsrəddin" jurnalının və digər dəyərli əsərlərin orijinal nüsxələrinin burada qorunması oldu. Sanki nağıllar aləminə düşmüşdük. Kitabxanadan ayrılmaq istəmirdik. Səmayə xanım söhbət əsnasında Azərbaycan dilində yeni kitablara ehtiyac olduğunu da vurğuladı.

Onu da qeyd edim ki, araşdırma aparmaq üçün kitabxanada geniş imkanlar mövcuddur. Burada Azərbaycanla bağlı zəngin arxiv sənədlərini əldə etmək mümkündür.

Növbəti ziyarətimiz Rusiya Şərq Əlyazmaları İnstitutuna oldu. Burada institutun direktoru İrina Popova və Rusiyanın böyük islamşünas alimi Stanislav Prozorov ilə maraqlı görüşümüz baş tutdu. Ətraflı müzakirələr apardıq, həmçinin, institutdakı əlyazmalarla tanış olduq. Direktor Azərbaycanla sıx əlaqələrinin olduğunu, ölkəmizə böyük hörmət bəslədiyini bildirdi.

Məlumat üçün bildirim ki, Stanislav Prozorov müasir Rusiyanın ən güclü şərqşünas İslam alimlərindən biri sayılır. Həmkarları qeyd etdilər ki, S.Prozorovun barmaqlarının olmamasına baxmayaraq, səhərdən-axşamadək kompüterdə işləyir, yeni əsərlər üzərində çalışır. Yaşının çox olmasına rəğmən, Azərbaycana hörmət əlaməti olaraq, əlyazma əsərlərinin saxlanıldığı otaqları ziyarət edərkən, bizi sonadək müşayiət etdi.

Burada olan görüşlərimizi başa vurduqdan sonra, səhərisi günorta vaxtı Sankt-Peterburqdan qatarla Moskvaya yola düşdük.

Növbəti gün Rusiya Xalqlar Dostluğu Universitetinin "Müasir beynəlxalq təhsil və elmi müstəvidə ilahiyyat: subyektlər, kurrikula, səlahiyyətlər" mövzusunda təşkil etdiyi konfransda iştirak etdim. Rusiya universitetləri arasında ilk yerlərdə qərarlaşan bu təhsil müəssisəsində dünyanın bir çox ölkələrindən minlərlə tələbə təhsil alır.

Konfransda "Azərbaycanda din təhsili: reallıqlar və perspektivlər" mövzusunda məruzə ilə çıxış edərək,  ölkəmizdə din təhsilinin tarixindən, bu sahəyə göstərilən diqqət və qayğıdan, yeni inşa olunan ibadət ocaqlarından, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən geniş bəhs etdim. Həmçinin, gələcək planlar, mövcud imkanlar və perspektiv işlərlə bağlı fikirlərimi bölüşdüm. Azərbaycan İlahiyyat İnstitutunun Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə yaradıldığını, burada təhsilin tamamilə dövlət hesabına olduğunu vurğuladım. Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Konfransda diqqətçəkən məqamlardan biri də Yerevan Universiteti İlahiyyat fakültəsi  müəlliminin çıxışı oldu. Həmişəki kimi, erməni kilsəsinin ilk xristian kilsəsi olması barədə fikirlərini bildirdi. Əvvəlki simpoziumun çap olunmuş materiallarına baxdıqda isə Yerevan Universiteti İlahiyyat fakültəsinin MDB məkanında yaradılan ilk İlahiyyat fakültəsi olmasını  iddia etdiyini gördüm. 

Növbəti gün Humanitar və sosial elmlər fakültəsinin tələbələri qarşısında "Azərbaycanda dinlərin tarixi" mövzusunda mühazirəçi qismində çıxış etdim. Azərbaycanda həyata keçirilən din siyasətindən bəhs edərək, ölkəmizdə bir çox din mənsublarının sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını, dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğuladım.

Səfər çərşivəsində Rusiya Müsəlmanları Ruhani İdarəsi və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinlə görüşümüz oldu. Məlumat üçün bildirim ki, sözügedən idarə Rusiyanın ən çox təşkilatlanmış, böyük və dövlətin dəstəklədiyi aparıcı ruhani idarələrindən biridir.

Müfti Ravil Qaynutdin bir neçə dəfə Azərbaycanda səfərdə olub. O, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında yüksək fikirlərini bölüşdü. Hətta Rusiya Prezidenti Vladimir Putinlə görüşlərdən birində çox dövlət başçılarının hazır mətndən çıxış etdikləri halda, cənab Prezidentimizin hazır mətndən istifadə etməyərək, fikirlərini açıq və çox dəqiq şəkildə ifadə etdiyini vurğuladı. Vətənimizə böyük hörmətinin olduğunu, Azərbaycan İlahiyyat İnstitutunu bölgənin ən güclü dini təhsil müəssisələrindən biri kimi görmək istədiyini bildirdi. Salamlarını Azərbaycan xalqına və rəhbərliyinə çatdırmağımızıda xahiş etməyi unutmadı.

Səfərdə yaddaqalan görüşlərdən biri Rusiya İslam Mədəniyyəti Mərkəzinin rəhbəri Abdul Vahed Niyazovla oldu. O da Azərbaycan haqqında xoş təəssüratlarını bölüşərək, ölkəmizdə bir neçə dəfə səfərdə olduğunu və yenidən gəlmək istədiyini bildirdi.

Səfərin daha əlamətdar məqamlarından biri isə Tatarıstan Respublikasında yerləşən Bolqar İslam Akademiyasının yeni rektoru Abdrahman Daniyalovla tanışlığımız və fikir mübadiləsi aparmağımız oldu. O, böyük məmnuniyyətlə Azərbaycana gələcəyini və "İslam sivilizasiyası Qafqazda" mövzusunda ikinci simpoziumda iştirak edəcəyini bildirdi.

Həmçinin, Özbəkistan İslam Akademiyasının prorektoru ilə  maraqlı fikir mübadiləmiz oldu. Onunla gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etdik.

Səfərdə diqqətimi çəkən məsələlərdən biri də Rusiya Xalqlar Universitetinin müəllimləri və tələbələrinin dil biliklərinin qənaətbəxş olması, universitetdə elmi mühitin yüksək səviyyəsi və tələbələrin özlərini aparmaları idi.

Qeyd edim ki, Rusiya Xalqlar Dostluğu Universitetində 31768 tələbə təhsil alır. Təhsil müəssisəsinin yataqxanasında isə 8000 tələbə qalır. Dünyanın 70 ölkəsindən burada təhsil alan gəncləri görmək mümkündür. Universitet daxilində 10 institut, 6 fakültə və 1 akademiya fəaliyyət göstərir.

Səfərdə yadda qalan hadisələrdən biri də bizi müşayiət etmək üçün ayrılan Rusiya Xalqlar Dostluğu Universiteti Geologiya fakültəsi tələbəsinin Dostoyevskinin "Seçilmiş əsərləri"ni mənə bağışlaması, eyni zamanda, onun əsərlərinin qəhrəmanlarından böyük həvəslə danışması və rus mədəniyyətini təbliğ etməsi oldu.

Burada xüsusi qeyd etmək istədiyim məsələlərdən biri isə azərbaycanlı alimlərin bu kimi konfranslarda iştirakının vacibliyidir. Azərbaycan həqiqətlərinin təbliği baxımından belə səfərlər xüsusi əhəmiyyət daşıyır. Əks halda, meydanda düşmən tərəf daha da fəallaşır.

Digər vacib bir məsələ Azərbaycan gənclərinin qısa müddətə olsa da, xarici universitetlərdə təcrübə keçmələri, oradakı elmi mühitlə tanış olmaları, tələbə həmkarları ilə münasibət qurmalarıdır.

Geniş baxış bucağının formalaşması, dünyagörüşün zənginləşməsi, polemika qabiliyyətinin inkişafı baxımından bu cür səfərlər xüsusi əhəmiyyət daşıyır.

Bir millətin güclü olması onun gənclərinin savad və biliklərinin yüksək olması ilə bilavasitə bağlıdır. Bu baxımdan, gənclərin üzərinə böyük vəzifə düşür. Hər bir gəncimiz dil biliklərinin gücləndirilməsinə, dünyagörüşlərinin zənginləşdirilməsinə, intellektual səviyyələrinin yüksəldilməsinə xüsusi diqqət yetirməli, bunun üçün səylə çalışmalıdır. Gələcək savadlı və bilikli gəncliyindir.

 





07.06.2019    çap et  çap et