525.Az

“Nəsimi qəzəl müsabiqəsi” başa çatdı - Fotolar


 

“Nəsimi qəzəl müsabiqəsi” başa çatdı - <b style="color:red">Fotolar </b>

Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi qəzəl müsabiqəsi”nin final mərhələsinə yekun vurulub.

Təhsil naziri Ceyhun Bayramov bu ilin fevral ayında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Tədbirlər Planına əsasən, 2019-cu il ərzində ali təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinəhəsr olunmuş elm konfrans, simpozium və seminarların keçirilib, dahi şairin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların nəticələrinin elmi jurnallarda dərc olunması nəzərdə tutulur. Həmçinin təhsil müəssisələrində İmadəddin Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgilər də təşkil olunacaq.

Bununla yanaşı, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr  və müsabiqələr keçirilib.

Tədbirdə “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu iştirak edib. 

Müsabiqədə “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblər arasından finala vəsiqə qazanmış 8 komanda çıxış edib.

Məktəblilər şairin qəzəllərindən nümunələr ifa ediblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

162 nömrəli tam orta məktəb və 166 nömrəli məktəb-lisey eyni xal toplayaraq III yeri, 211 nömrəli tam orta məktəb II, 276 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komanda isə I yeri tutub.

EDUGrata Təhsil Mərkəzinin sponsorluğu ilə qalib komandalara diplom və hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edən qonaqlar qalib komandaları təbrik edib, şagirdlərə dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri Nəsiminin əsərləri ilə tanış etmək, Nəsimi poeziyasını sevdirmək, onların bədii yaradıcılıq bacarıqlarını aşkara çıxarmaq və bu yöndə istiqamətləndirməkdən ibarətdir. 

Məlumat üçün bildirək ki, “Məktəblinin dostu” Təhsil Nazirliyinin layihəsidir və 2016-cı ilin dekabr ayından fəaliyyət göstərir. Təhsil Nazirliyi təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəblinin dostu” pilot layihəsinə start verib.Layihə Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində tətbiq olunur.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. “Məktəblinin dostu” şagirdlərin həyatında fəal iştirak edərək onları ruhlandıracaq, məktəblilər arasında ahəngdar ab-hava yaradacaq ki, bu da şagirdlərin istedadlarının aşkarlanmasına yardımçı olur. Eləcə də bu layihə müxtəlif yaş qrupundan məktəblilərin öz aralarında əlaqə saxlmasına, asudə zamanlarında müxtəlif tədbirlər təşkil etməsinə, onların həm fiziki, həm də mənəvi-psixoloji inkişafına xidmət edir.  

S.QARAYEVA

 





11.06.2019    çap et  çap et