525.Az

Mən oğlumla həmyaşıdam, yaxud "Son zəng"in həzin xatirəsi


 

Mən oğlumla həmyaşıdam, <b style="color:red">yaxud "Son zəng"in həzin xatirəsi </b>

Yenə bir dərs ili bitmək üzrədir... Yenə Son zəng çalınacaq... Və yenidən yeni bir dərs ili başlayacaq... Yeni dərs ilində isə builki şagirdlər artıq yeni sinfə - yeni mərhələyə qədəm qoyacaqlar.

Yox, elə düşünməyin ki, bu ənənəvi bir "Son zəng" əhvallı yazıdır. Bu yazı başqa bir yazıdır... Mənim və mənim sinif yoldaşlarımın niyə illərdi məktəbli qalmasını, hələ də 7-ci sinifdə "oxumasını" açıqlayan bir yazı...

Yəqin ki, çoxunuz WhatsApp qruplarının üzvüsünüz: könüllü, yaxud məcburi. Elə mən də. Amma mənim telefonumda adı bir-birinə çox bənzəyən iki WhatsApp qrupu da var: 7c sinfi və 7a sinfi. Birincisi mənim sevimli oğlumun liseydəki sinif yoldaşlarının valideynləri ilə qurulan qrupdur. Ənənəvi olarq, sinif xəbərləri, iclaslar, elanlar, dərslər haqda bilgilər paylaşılır, ötürülür və sair. Burda təəccüblü bir şey yoxdur. Digər qrup isə mənim sinif yoldaşlarımın yaratdığı WhatsApp qrupudur: 7a. Biz düz 26 il öncə oxumuşuq 7a sinfində, Füzuli rayonunda... Amma elə illərdir ki, o sinifdə də qalmışıq. Yaşımız 40-ı haqlasa da, ali təhsilə yiyələnib nüfuzlu dövlət qurumlarında çalışsaq da, bütövlükdə cəmiyyətdə özümüzə müəyyən bir yer qazanıb, oğul-uşaq sahibi olsaq da, biz hələ də 7-ci sinifdə oxuyuruq. Həm də sadəcə o WhatsApp qrupu yazışmalarında deyil, biz hər dəfə görüşəndə 12-13 yaşlı məktəbli oluruq. Peşəkar müəllim, iqtisadçı, həkim, jurnalist, yaxud hansısa iş adamı olduğumuzu unuduruq, biz yenə də uşaq oluruq. Ona görə yox ki, hər kəs kimi uşaqlıq xatirələrini paylaşanda, məktəb illərini xatırlayanda keçmişə qayıdırıq, uşaqlaşırıq. Ona görə ki, bizim bir parçamız elə ömürlük keçmişdə - Füzulidə qalıb. Ona görə ki, biz uşaqlığımızı yarımçıq qoyub, tez böyüməyə məcbur olanlardanıq... Ona görə ki, biz 90-cı illərin ağrılı uşaqlıq illərini, müharibə qorxusunu və acısını, qaçqınlıq "möhürünü", ev-eşik, dost itkisini yaşayanlardanıq. Ona görə ki, bizlərdən çoxunun Son zəngi belə çalınmayıb: bir çox üzrlü və üzrsüz səbəblərdən.

Biz 1992-ci ilin martında Füzuli şəhərinin mərkəzinə qrad mərmiləri düşəndən məktəbimizdən və bir-birimizdən ayrılıb fərqli məktəblərə, kəndlərə, rayonlara səpələndik. Sərt bir zərbədən qırılan inci boyunbağının darmadağın olub səpələnən dənələri kimi...Bəli, biz son zəng səsiylə yox, mərmi atəşlərinin səsiylə ayrıldıq məktəbdən. Sonradan başqa məktəblərdə oxuduq və bitirdik; başqa yeni dostlar qazandıq və bu günə gəldik. Amma kimsəyə demədən içimizdə gizlənən o 7-ci sinif şagirdini qoruyub saxladıq. Nə vaxtsa, böyüyər, yaraları sağalar, ovunar deyə, bəlkə, unudar deyə...Amma böyümədi, ovunmadı, unutmadı, gözlədi... Axtardı dünənini, bugünü olan sabahına bağlaya bilmək üçün..Yanmış körpüləri adlayıb keçə bilmədi o məktəblilər. Külə dönmüş körpülərin kənarındaca qaldılar. Elə beynimizin, qəlbimizin, ruhumuzun bir küncündəcə gözlədilər...

2 il öncə, 2017-ci ilin mayında,  yəni 27 il sonra bir görüş baş tutdu... İllər öncə o qırılan boyunbağının itməyən, parçalanıb məhv olmayan, torpağa qarışmayan dənələri olan bizlər uzun axtarışlardan sonra xəbərləşib, əlaqə qurub, ən azından bilərziklər yaratmağa çalışdıq: görüşdük. Və inanın, o yaz günü  Bakının mərkəzində görüşən saç-saqqallı kişilər, artıq yavaş-yavaş yaşlaşan qadınlar sadəcə lal baxışlarla belə bir-birimizin üzünə baxıb  uşaqlığımızı anarkən, göz yaşımızı boğmağa, bəlkə də gizləməyə çalışdıq. Amma... günəşli bir günün günorta çağı təbiət özü səmanı ağlatdı bizim yerimizə...Yağışda islandıq ilıq bir yaz günü, amma yenə də sönmədi içimizdə mənfur düşmənin yandırıb yaxdığı həsrət və nisgil dolu ocaqlar...

O vaxtdan sonra çox görüşürük, danışırıq, amma hələ də cürət edib, özümüzə "Son zəng" çaldıra və nəhayət məktəbi bitirə bilmirik...

P.S. İnşallah, yeni dərs ilində oğlum 8-ci sinifdə oxuyacaq, beləcə,WhatsApp qrupunun adı da dəyişib "8c" olacaq. Amma bizim qrupumuz elə yenə də "7a" olaraq qalacaq. Bəli, bu gün mən oğlumla həmyaşıdam, 13 yaşım var, 7-də oxuyuram. Mən uşaqlığı mənfur düşmənlərimiz tərəfindən oğurlanan minlərlə azərbaycanlı uşaqdan sadəcə biriyəm...

Billurə ASLANQIZI
Jurnalist

 





14.06.2019    çap et  çap et