525.Az

Tanıyaq və tanıdaq: Ərgin Avşar


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Ərgin Avşar</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad,
Filologiya elmləri doktoru

Ərgin AVŞAR

Siyamək Hüseynəlizadə - Ərgin Avşar 1966-cı ildə Təbriz şəhərinin güney-doğusunda, 220 km uzaqlıqda yerləşən və Şahlıq rejimi tərəfindən adı dəyişdirilərək Şahindej adlandırılmış Sayınqalada anadan olub.

İlk okulu və orta məktəbi Sayınqalada bitirəndən sonra, Siyamək Uluyurdun quzeyinə üz tutub və Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.

Universitetin Bakalavr pilləsini bitirən gənc şair yenidən Təbrizə qayıdıb və ixtisası üzrə master - magistr pilləsinə daxil olub.

Şair bu gün Quzey Azərbaycanla da sıx əlaqə saxlayır.
 
Quzey Azərbaycanın bir sıra ədəbi, mədəni və elm xadimləri ilə qarşılıqlı dostluq əlaqələrini qoruyub daha da inkişaf etdirir.

Dərd

Böyük dərddir,
Yarımçıqlar arasında,
Bütövlük!

Baxış

Uçmağı bilməyənlərin,
gözündə
Yüksəlmək
Kiçilməkdir...

Bar

Quruluqdan çox inlədi
Susuz topraq.
Kimsə dinləmədi,
Bir ovuc su çiləmədi.
Çarəsiz tikanlar bitirdiyində,
Çöplərin də danlağına qaldı.

Əlifba

Hansısa ulusun dili
Beş, altı əlifba ilə yazılır?
Mənim xalqımın da
Acısı, sevgisi
Bir, iki əlifbaya sığmayır.

Dayaq

Tülkü satıldı,
Aslana döndü.

Yeni şeir

Hava,
qartallar uça bilməz qədər çənli.
Bir yeni şeir söyləməliyəm.

Ay da

Susuz,
Arxın qırağında -
kökü yerdə,
gözü ildırımda.

Şeir

Bu fırtınalı çağlarda,
Şeir - çətir. 
Deyən mən, dinləyən sən.
Ah, nə qədər
qəribiz,
biz ikimiz.

Gülün könlü

Erkən solması üçün
Qınayırsan gülü,
Gülün könlü
daşdanmı?

Yağmur

Boşuna can atır,
Yağmurun həbsinə
bulut,
Anı yetincə,
yağacaq bu yağmur.

Güzgü

Çənlər köçəcək,
Sən güzgünü
duru saxla.

Gəbə

Bu qasırqa
Bir aşinaya
gəbədir.
Gözümüz aydın,
gec-tez doğacaq.

Bilgin

Sozalan şam,
Günəşin qüsurundan
danışır.

Fəhm

Qız qalasının
Ardında gizlənən,
Təpəgöz,
Hələ də məni qorxudur.

Köçəri

Dedin qarşıla məni,
gələcəyəm.
İndi də hər gün,
ayaqlarının səsini.
əbədi olaraq duymayan,
yolları qarşılayıram.

Dərs

Sevilməyi düşünmə,
Sevməyi öyrən.     

Can atmaq

Mənim ucalığımı
görə bilməyən alçaqların
ayaq barmaqlarının
günahı nə?

Eniş

Divardan asılmış
bir qılınc gördüm,
Tülkülər sevinsin,
Çaqqallar bayram eləsin!

Tanış

Yenə qış
son nəfəsini dərir,
belə çabalar mənə,
çox tanış gəlir.

Qısqanc

Balaca qara balıq
düşünürdü:
Dayaz sularda çabalayan
Zavallı naqqaların halını!

Şəfqətli

Yeli görüncə
yapraqları oxşayır
Şəfqətli əsin,
Gönlündəsə,
Qasırğa olmaq
özləmi yox.

Ağıllı qartal

Gəncliyini
gümanlar içində itirmiş.
Göydə dumanlar arasında
axtarır,
Qoca qartal!

Saflıq

İstəməsən görməzsən,
Açıq gözlərlə də
sevilməz
olayları!

Daha yey

Ürəyi nifrətlə,
dolu olan çaqqalın
Dodağında qurulan
süni gülüşlər
Nə dədər gülməli!
Qarğalar
öz yerişlərini yerisələr,
daha yey!

Özgürlük

Səninlə
Günəşin işığı
Ayın aylığı,
İki könül barışığı gözəldir.
Səninlə,
Qoca gəmiçinin
Həzin-həzin söylədiyi
Türkü
gözəldir.
Səninlə,
Toxucu qızın
Saldığı ilməkdən yaranan
Dəsən,
Gözəldir.
Sən olmasan
Yaz,
O, ehtişamla
közə dönər.
Sən olmasan,
Yazın sərin nəfəsi
Ney səsi
Bütün sevilən şeylər
Dəyərsizdir.
Sən olmasan,
Ana baxışı,
Ata səsi,
Bala gülümsəməsi
Əsərsizdir.
Yalnız özünlə sən
Ölçülə bilərsən
Gözəlim
Özgürlük.

Gələnək

Anamın dodağı qaçdı,
Birdən tumdu,
Gözünü yumdu.
Öz-özünə fısıldadı:
Allah xeyir etsin,
Bu gün çox güldü

Sönməz sevgi

Ulu Arif Yunus Əmrəyə

Göyə yüksələcəyi
Günəşə yetəcəyik
Yenidən,
Günəşin saçaqlarıyla,
Daha parlaq,
Daha qıvraq,
Yerə saçacayıq,
Donuq ürəklərə
Sevgi ilə,
Yol açacayıq,
Soyuq canları,
İsindirəcəyik.
Yerə cumacayıq,
Bitkilərin,
Kökünü barındıracayıq.
Bitkilərlə,
Daha barlı,
Daha yararlı,
Bitəcəyik.
Solğun gözlərə işıq,
Dolğun ürəklərə sevinc,
Aşılayacayıq.
Uçarsaq göyə,
Cumarsaq yerə,
Daha yey,
Daha yeyin,
Dönəcəyik.
Qızıl saçaqlarla,
Yaşıl dalğalarla,
Sönməz sevgilərlə,
Daha yeyin,
Daha etkin,
Qaranlıqların böyrünə,
İşıq süngüləri,
Saçacayıq.
Ümidsiz ürəklərə,
Söylərimizlə,
Sevgilərimizlə,
Yol açacayıq.

 





14.06.2019    çap et  çap et