525.Az

15 iyun - Azərbaycan dövlətçiliyinin xilas günü


 

HEYDƏR ƏLİYEV HAKİMİYYƏTƏ GƏLİŞİ İLƏ AZƏRBAYCAN DÖVLƏTİNİN FUNDAMENTİNİ YARATDI

15 iyun - <b style="color:red">Azərbaycan dövlətçiliyinin xilas günü </b>

1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan qısa müddət sonra böyük risklər, təhlükələr, dərin böhranla üz-üzə idi.

Ölkədə hökm sürən xaos, özbaşnalıq, qanunsuz silahlı dəstələrin mövcudluğu, separatizm meyllərinin baş qaldırması və getdikcə güclənməsi, digər tərəfdən erməni işğalı müstəqil Azərbaycan dövlətçiliyinin varlığını sual altında qoymuşdu. İnsanların sabaha ümidləri yox idi. Azərbaycanın taleyinin necə olacağı məlum deyildi. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması vəziyyətin daha da ağırlaşmasına səbəb olmaqla, ölkəni dərin uçuruma yuvarlamışdı. Hakimiyyət daxilində də mübarizə başlamışdı. Müsavat, Yurd, "Boz qurd", "boz pencəklilər" və s. kiçik qruplaşmalar yaranaraq biri-birinə qarşı və birincilik uğrunda mübarizə gedirdi.

Bu proses 1993-cü ilin iyun ayında artıq özünün kuliminasiya nöqtəsinə çatdı. Təcili tədbirlər görülməli, qərarlar qəbul edilməli idi. Əks halda, Azərbaycan məhv olacaqdı.  Xalq artıq cana doymuşdu və belə bir gərgin, böhranlı vəziyyətdə ümidini böyük oğlu Heydər Əliyevə bağladı, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif edi.

Azərbaycan xalqı yaxşı bilirdi ki, onu bu çətin vəziyyətdən yalnız və yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi. Ulu öndər xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ona görə də, 15 iyun haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Ümummilli liderin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu.

15 iyun Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki yeri və əhəmiyyəti barədə "525"ə danışan siyasi ekspert, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, Heydər Əliyev hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycan dövlətinin fundamentini yaratdı, gələcək simasını müəyyənləşdirdi. 

O vurğulayıb ki, 1993-cü il 15 iyun hadisələri qədər müstəqil Azərbaycanın tarixində dəyişdirici, yönəldici, məzmunlu və özündən sonra yeni mərhələ, dövr açan ikinci bir hadisə yoxdur: "93-cü ilin iyununa qədər müstəqil Azərbaycanın vəziyyəti və həmin vaxtdan sonrakı vəziyyəti arasında çox böyük kəmiyyət və keyfiyyət fərqləri var:

"Əslində, 93-cü ilin iyun ayına qədər adı müstəqil dövlət olsa da, Azərbaycan dövlətçiliyinin müstəqilliyindən, suverenliyindən və sabahına təminatdan söhbət gedə bilməzdi. Çünki ölkədə dərin böhran, xaos hökm sürürdü. Ərazilərin bir hissəsi ermənilərin işğalı altında idi, bir hissəsinə "Talış Muğan" separatçıları nəzarət edirdilər, əhali parçalanmış vəziyyətdə idi. Demək olar ki, hakimiyyətdə olan AXC-Müsavatı təmsil edən qrup cəmiyyətin 95-98 faizinin üzərində hegemonluq etmək istəyirdi,  köhnə kommunistlər və onlarla yanaşı, cəmiyyətin bitərəfləri, hansılar ki, mütləq əksəriyyəti, təxminən 95 faiz təşkil edirdilər, onlar mövcud hakimiyyətlə, yəni AXC-Müsavat hakimiyyəti ilə bir yerdə deyildilər. Cəmiyyətlə hakimiyyət arasında dərin bir uçurum var idi".

A.Quliyev ölkənin xarici siyasətinin də bərbad vəziyyətdə olduğunu deyib. O vurğulayıb ki, Türkiyəni çıxmaq şərtilə, Azərbaycanın region dövlətlərinin heç biri ilə normal münasibəti yox idi: "Ermənistan düşmən idi, bu bəlli, Gürcüstanla yaxşı münasibətlər yox idi, Rusiya ilə gərginlik var idi, İranla münasibətlər pis vəziyyətdə idi, hələ uzaq xarici ölkələri də bura əlavə etsək, ümumiyyətlə, Azərbaycan dövləti 93-cü ilə qədər dünyada sanki adı olan, amma özü olmayan bir ölkə təsiri bağışlayırdı".

Siyasi ekspertin sözlərinə görə, Ümummilli lider Heydər Əliyev üzərinə AXC-Müsavat hakimiyyətindən qalmış çox ağır bir siyasi mirası götürərək, Azərbaycanı əsl müstəqil dövlətə çevirə bildi: "Qısa müddət ərzində Heydər Əliyevin atdığı ilk və ən böyük addım əhalinin, cəmiyyətin nəzərində müstəqil dövlətçilik ideologiyasının nüfuzunu bərpa etmək oldu. İnsanlar AXC-Müsavat hakimiyyəti dövründə o qədər xaos, iqtisadi böhran, ehtiyac, dağıntı və sabah ümidsizlik görmüşdülər ki, hətta onların nəzərində müstəqil dövlətçilik ideologiyasının özü belə sönüb getmək üzrə idi. Onlar düşünürdülər ki, əgər Azərbaycanın müstəqilliyi belə xaosdursa, qarşıdurmalardırsa, sabaha ümidsizlikdirsə, hətta çörək növbələridirsə, onda bizə belə müstəqillik gərək deyil. Heydər Əliyev cəmiyyətin nəzərində müstəqil dövlətçilik ideologiyasının bərpasından başladı. İnsanları inandırdı ki, AXC-Müsavat hakimiyyətinin olub-olmamasından, insanların həmin hakimiyyətə barışmaz münasibətindən asılı olmayaraq, Azərbaycan müstəqil dövlət olmalıdır və müstəqil dövlətçilik davam etməlidir. Ona görə Heydər Əliyev Azəbaycanın müstəqilliyini bütün Azərbaycan xalqının ümummilli sərvəti elan etdi. Hər şey də bunun üzərində qurulmağa başladı.

93-cü ildə təbii ki, Azərbaycanda valyuta vəsaitləri, ordu yox idi. Ulu öndərin əlində olan yeganə silah onun xalqın içindəki hörməti, nüfuzu idi. Məhz bu nüfuzun hesabına Heydər Əliyev qısa müddətdə Azərbaycan cəmiyyətini mərkəzi hakimiyyətin ətrafında cəmləşdirə bildi. Bunu elə böyük bir gücə çevirdi ki, bu gücün üzərində ölkədə sabitlik bərqərar edildi, dövlət strukturlarının fəaliyyəti bərpa olundu, cəmiyyətdəki qarşıdurmaların kökü kəsildi, Azərbaycan ərazilərində mərkəzi hakimiyyətin suverenliyi, nəzarəti təmin olundu və təbii ki, neft strategiyasının əsası qoyulmağa, ölkəyə xaricdən valyuta axını başladı. Heydər Əliyev belə bir sxemlə əslində, Azərbaycan dövlətçiliyini qurdu. Ona görə 93-cü ilə qədər Azəbaycan dövlətçiliyi formal şəkildə mövcud olsa da, amma əslində, müstəqil dövlətçilikdən söhbət gedə bilməzdi. Azərbaycanın müstəqil dövlətçiliynin instusional, iqtisadi, siyasi, psixoloji və ideoloji əsaslarını məhz Heydər Əliyev 93-cü ildən başlayaraq yaratdı".

A.Quliyev düşünür ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, tamamilə başqa bir, təsəvvür olunmaz dərəcədə ağır mənzərənin şahidi ola bilərdik: "Ümumiyyətlə, Heydər Əliyev hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycan dövlətinin fundamentini yaratdı gələcək simasını müəyyənləşdirdi". 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə vurğulayıb ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişi ilə xilaskarlıq missiyasını yerinə yetirərək, bütün təhlükələri dəf etdi: "Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu sazişdən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür".

Onun sözlərinə görə, məhz ulu öndərin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın müstəqilliyi qorunub, respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırılıb və inkişafın təməli qoyulub. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.

Deputat Kamilə Əliyeva isə vurğulayıb ki, 15 iyun 1993-cü il müstəqil Azərbaycanın, müstəqil dövlətçiliyimizin tarixinə qızıl və silinməz hərflərlə həkk olunub. Bu tarixi yaradan Azərbaycan xalqı və onun böyük oğlu, tarixi şəxsiyyət Heydər Əliyev oldu. Məhz Azərbaycan xalqının israrlı və təkidli tələblərindən sonra hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı qaranlıqdan aydınlığa çıxardı. Müstəqil Azərbaycanın yeni tarixini yazan Heydər Əliyev yeni inkişaf, quruculuq dönəmini başlatdı.

K.Əliyeva bildirib ki, ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı böyük bəlalardan qurtuldu, ölkəmiz parçalanmaq, bölünmək, dağılmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, dünyada tanınmağa başladı, imzasını imzalar içində tanıtdırdı. Əgər həmin ağır dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının başına dəhşətli faciələr gələcəkdi. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi və həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böyük bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində əhəmiyyətli işlər həyata keçirilməyə başlandı.

PƏRVANƏ

 





15.06.2019    çap et  çap et