525.Az

70 yaşında cavan sənətkar - İlham Namiq Kamal


 

70 yaşında cavan sənətkar - <b style="color:red">İlham Namiq Kamal</b>

İl 2016... Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirən qardaşımın diplom işini hazırlayırdıq.

Mövzumuz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq Cəfər Cabbarlının yaradıcılığıdır. Ədibin dram və şeirlərindən, sözlərinə yazılmış mahnılardan ibarət tədbirin ssenarisi mənə addir. Aparıcılıqla bərabər, tamaşanın ən çətin obrazları olan Sevil və Almazı da qırx ilin aktrisası kimi öz öhdəmə götürmüşdüm. Bütün qruppamız həvəskarlardan ibarət idi. Yəni biz "boyumuzdan böyük işlərə girmişdik". Düzü, necə alınacağı haqqında heç bir fikrim yox idi. Bildiyim tək şey o idi ki, diplom tamaşası ən yaxşı şəkildə təhvil verilməlidir. Oynadığım hər iki obrazı isə elə ta əvvəldən, məktəb vaxtı əsərlərini oxuyandan sevirəm. 

Həmin günün məsuliyyəti bununla da bitmirdi. Çünki eyni gündə, eyni səhnədə ikinci bir diplom tamaşasını da oynayacaqdıq. Qardaşımın qrup yoldaşı isə Xalq şairi Rəsul Rzanın yaradıcılığına müraciət edib. Orada da həm aparıcı, həm də "Vəfa" pyesində baş rolda olmalıyam. Deməli, bir neçə saat içərisində obrazdan obraza keçmək var.

Dörd il ərzində Bakı Dövlət Universitetinin dram dərnəyində iştirak etməyimi nəzərə alsaq, səhnəylə ilk tanışlığım deyildi. Amma 2016-cı il mayın 18-ni əlamətdar edən ən mühüm səbəb həmin bu rolları Xalq artisti, "Şöhrət" ordenli sənətkar İlham Namiq Kamalın başçılıq etdiyi, ADMİU-nun müəllim-professor heyətinin qarşısında oynayacaq olmağım idi.

Hər zaman oturub boyumuzdan hündür səhnəni heyranlıqla izlədiyimiz tamaşaçı kreslosunda həmin gün elə o səhnədən tanıyıb sevdiyimiz sənətkar vardı. Bu dəfə rollarımızı dəyişmişdik: səhnədəki ("aktyor" sözü burada yerinə düşməyə bilər) biz, tamaşaçı isə o idi.

Nəhayət, gözlədiyimizdən də yüksək səviyyədə çıxışımızı edib hər iki diplom tamaşasını yekunlaşdırdıq. Gəlib çıxmışdıq ən həlledici məqama: müəllimlərin rəylərini öyrənməyə. Sözə Xalq artisti, professor İlham Namiq Kamal başladı. Özünün zəngin təcrübəsi, pedaqoq və sənətkar ustalığı ilə həyəcanımızın hansı həddə olduğunun fərqində idi. Ona görə də həyəcanımızı götürmək üçün zarafatlar edir, həm də rəyini bildirirdi. Gözümüzü açandan öncə mavi televiziya ekranından, sonra müxtəlif teatrların səhnələrindən gördüyümüz, oynadığı rollarla bizi gah güldürən, gah düşündürən, səmimiyyəti, istiliyi, sənətinə sevgisi, tamaşaçısına dərin hörmətiylə insanların qəlbində ən yüksək zirvəni fəth edən sənətkarın indi qarşısında səhnəyə çıxmaq, rol oynamaq, sonra isə onun xoş sözlərini dinləmək hər birimiz üçün gözəl yuxu kimi idi. Bu yuxunun yozumu isə ən az özü qədər gözəl imiş...

Səhnədən, teatrdan, aktyorluq sənətindən elə böyük şövqlə, elə ülvi sevgiylə danışırdı ki, insan bir anlıq o vaxta qədərki təhsilini bir kənara qoyub bu sənətin arxasınca getmək eşqinə düşürdü. O danışdıqca mən, qardaşım da daxil, onun tələbələrinə həsəd aparmaya bilmirdim. Təbliğ etdiyi sənəti bu qədər sevmək, ona ən müqəddəs bir işmiş kimi yanaşmaq hər insana nəsib olan duyğu deyil. Sənətkarlıq da məhz bu hisslərdən başlayır. Onu dinləyəndə cəmi bir neçə ay öncə saytlardan birində oxuduğum müsahibəni xatırlayırdım. Orada da təxminən eyni sözləri demişdi. Sonralar bu sözləri İlham müəllimdən çox eşitdim: "Mən hələ gənclik illərimdən teatra məbəd, aktyorluğa isə müqəddəs peşə kimi baxmışam, elə indi də bu fikirdəyəm. Mənim aləmimdə hətta aktyor sənəti o qədər müqəddəsdir ki, onun sevgisini içində daşıyan adam heç kimin qabağında əyilməməlidir. Çünki aktyorun qüruru ölərsə, ondan aktyor olmaz... Mən bu çətin işdə öz qürurumu həmişə qorumağa çalışmışam".

Sözə təzə başlamışdı ki, birdən səhnədə düzlənən bizə baxıb: "Sevil rolundakı kim idi?" - dedi. Ürəyim yerindən çıxacaq kimi döyündü. Etdiyim hansısa səhvin bir tələbənin işinə əngəl çıxara biləcəyindən çəkinirdim. Qorxa-qorxa bir addım qabağa çıxıb: "Mən idim" - dedim.

- Hmm? Nə qəşəng yıxıldın sən... Tir-tap uzandın e. Bax, səhnə plastika istəyir. O plastika səndə var idi.

Sevilin evdən qovulandan sonra oğlunu görmək üçün qayıdanda acından ürəyi gedib yıxıldığı səhnəni nəzərdə tuturdu İlham müəllim. Ömrünün 50 ilə yaxın bir zamanını səhnədə keçirən, yüzlərlə aktyor, aktrisa yetişdirən, bir o qədər obraza həyat verən sənətkardan belə bir yüksək qiymət almaq, əlbəttə, sevindirici idi. İlham Namiq Kamal başda olmaqla, digər müəllimlər də ümumən işlərimizdən razı qalmışdılar. Hər iki diplomçu yüksək balla universiteti bitirdilər. Mənim isə bu böyük sənətkarla ilk tanışlığım belə yarandı...

70 yaşın işığında...

Bu hadisədən üç il keçməsinə baxmayaraq, yaşatdığı hisslər, sevinc və həyəcanı həmin günki kimi təzə, diri qalıb. Hər dəfə İlham müəllimi görəndə, onun haqqında söz düşəndə, tamaşasına baxanda, müsahibəsini oxuyanda ilk tanışlığımızı gizli qürur hissiylə xatırlayıram, özümü sirli-sehrli teatr aləminin ən yaxın, ən doğma adamı kimi hiss edirəm.

Bugünlərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi, zəhmətkeş və işinin peşəkarı dostlarımızdan Fəridə Rüstəmova bizi "Şöhrət" ordenli Xalq artisti, professor İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunmuş tədbirə dəvət edəndə, düzü, təəccübləndim. İlham müəllimin nə vaxt bu yaşa çatdığını, əminəm, bizim kimi heç özü də hiss etməyib. Yadımdadır ki, biz onu hər zaman "gənc aktyorlar" sırasında qəbul edərdik. Bu gün də belədir... İyunun 12-si keçirilən tədbir isə bunun səbəbini bizə çox gözəl və dəqiqliklə aydınlaşdırdı...

Həmin gün Musiqili Teatrın səhnəsində Azərbaycan teatr və kino sənətini özünün ən müxtəlif rolları ilə zənginləşdirən, 50 ilə yaxın müddətdə yorulmadan, usanmadan bir-birindən maraqlı obrazlara imza atan, illərdir pedaqoq kimi səhnəmizə istedadlı rejissor, aktyor, aktrisalar bəxş edən 70 yaşlı gənc vardı. Gənclik onun ruhuna, qəlbinə, duyğularına, qədd-qamətinə elə hopub ki, illər onu sadəcə peşəkarlaşdırmağa, sənətkar kimi yetişdirməyə xidmət edib. Məşhur personajın dilindən oxuduğu kimi, həqiqətən də, "o dəyər min cavana". Ağ saçları da sizi aldatmasın ha. Özünün dediyinə görə, saçlarını "həftədə bir dəfə İngiltərədən gətizdirdiyi ağ rəng"lə boyayır. Hə, özüylə zarafatından, yumorundan da qalmır sənətkar.

Yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyev, rəqslərin quruluşu Əməkdar artistlər Zakir və Leyla Ağayevanın idi.

Gecə mədəniyyət naziri Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunun oxunması ilə başladı.

Düzü, öyrəşmişik monoton, sanki eyni ssenari üzərində qurulmuş, quru yubiley tədbirlərinə: səbəbkar çıxıb səhnənin bir küncündə oturur, qonaqlar bir-bir mikrofondan onun şəninə təriflər yağdırır, xatirələrindən danışır, bir-iki musiqi, səhnəcik, vəssalam. Amma İlham müəllimin yubileyinə gedərkən bizi tamamilə başqa və çox maraqlı bir gecənin gözlədiyinə əmin idim. Hətta işdən gec çıxdığı üçün mənimlə gəlməyə tərəddüd edən anama da demişdim: "Gəl, İlham Namiq Kamalın gecəsi çox maraqlı olmalıdır, bilirəm". Yanılmamışdım.

Rəsmi hissədən sonra, budur, qarşımızda yubilyar, tədbirin səbəbkarı var. Rəqs qrupunun müşayiəti ilə, "Qaynana"dakı "A bəxtəvər qaynana" mahnısının sözlərini gecəyə uyğun dəyişib oxuyur:

A bəxtəvər millətim,
Akyorluqdur sənətim,
Alqışlara alışdım,
Sizlər üçün çalışdım...
İlhamı görməmisiniz?

Mahnıdan sonra aktyor tamaşaçılara müraciət edir: "Ay camaat, düz əlli ildir ki, özümü itirmişəm, özümü axtarıram, məni görməmisiniz ki?" Necə yəni bir insan özünü axtarır? Sonra isə izahat verir: "Hər dəfə güzgüyə baxanda gah Hüseynağa bacı oluram, gah Dadaşbala, gah Soltan bəy, gah Kələntər, gah İbad İbadov, gah Bəbirli, gah Fərzəli, gah Müsyo Jordan, gah Markiz, gah da... daha nə bilim nə. Uzun illərdir ki, özümü tapmıram. Xahiş edirəm, məni harda görsəniz, deyin ki, özümə qayıdım. Mətbuata, televiziyalara da elan verəcəyəm: "İlham Namiq Kamal düz 50 il bundan əvvəl özündən çıxmış, bir daha qayıtmamışdır". Bir aktyorun sənət yolunu bundan daha gözəl necə təsvir etmək olardı, görəsən...

Yubiley axşamı benefis formasında həll olunmuşdu. Sənətkar 70 illik həyat hekayəsini ekrandakı uşaqlıq şəklinə "İlham qaqaş" deyə xitab edərək böyük qürurla, sevgiylə, həvəslə nəql etdi. O danışdıqca, ekranda həyatından, rollarından görüntülər əks olunurdu.

Benefis axşamında aktyorun səsləndirdiyi mahnılar, monoloqlar, videobloklar bir-birini əvəz edirdi. Ssenaridə bircə an belə olsun boşluq yaranmır, Xalq artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar gecənin nostalgiyasını daha da artırırdı. O, gah Dadaşbala ("Dadaşbala əməliyyatı"), gah Soltan bəy ("Arşın mal alan") , gah Don Kixot ("Bizim Don Kixot"), gah Hüseynağa bacı ("Kişilər"), gah da İbad İbadov ("Mən dəyərəm min cavana") kimi qarşımıza çıxırdı. İlham Namiq Kamalı fərqləndirən xüsusiyyətlərdən biri də odur ki, onun bütün rollarında təkcə libas və sözlər dəyişmir, ümumilikdə xarakter dəyişir. Bir-birindən tamamilə fərqlənən bu obrazları bir insanın canlandırdığına inanmaq çətinləşir. O, gah oynayır, gah sevinir, gah əsəbləşir, gah qəmlənir, bir sözlə, səhnədə cilddən-cildə girir.

İllərlə bir səhnəni bölüşdüyü sənət dostları, ziyalılar, rəssamlar da yubilyarı bu əziz günündə tək qoymurlar. Xalq artisti, sənətkarın qardaşı Cəfər Namiq Kamal öz gəlişilə gecəni daha da canlandırır. O, qardaşının və özünün teatra gəliş tarixçəsini danışır. Məlum olur ki, nəsillərində bu sənətin daşıyıcısı olmasa da, bu iki qardaşın fitri istedadı hələ uşaqlıqdan özünü göstərib. Məktəb vaxtı dram dərnəyinə birinci Cəfər yazılıb, sonra İlhamı da özüylə aparıb. İlham müəllimin replikası hamıda gülüş doğurur: "Günahkar mən deyiləm ha, odur".

Sonra Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Azər Zeynalov, Əməkdar artist Gülüstan Əliyeva, Xalq rəssamı Arif Hüseynov, videoəlaqə ilə gecəyə qoşulan ustad sənətkar Cahangir Zeynalov və başqaları öz təbriklərini yubilyara çatdırdılar. Onların da məzəli, səmimi çıxışları sanki bir səhnəcik təsiri bağışlayırdı.

Bir müəllimə ən gözəl təbrik tələbələrinin, bir tələbəyə ən gözəl təbrik də müəllimlərinin təbrikidir, məncə. İlham müəllim həmin yubiley gecəsində hər ikisini qazandı. Tələbələrinin maraqlı çıxışları, səhnələşdirilmiş təbrikləri gecənin unudulmaz anlarından idi.

İlham müəllim, həmçinin, böyüklərinə, müəllimlərinə, dünyasını dəyişmiş sənətkarlara ehtiramı, diqqətilə də seçildi. Yaşar Nuri, Nəsibə Zeynalova, Hacıbaba Bağırov kimi böyük sənətkarlar ekrandan bizə gülümsəyir, sanki illərlə birgə çalışdıqları sənət dostlarının yubileyini təbrikə gəlmişdilər. Xüsusən, "ana" deyə xitab etdiyi Nəsibə xanımla sanki canlıymış kimi səsləndirdiyi dialoq "Qaynana" filminin məşhur replikaları altında elə uğurla seçilmişdi ki, onların yoxluğu hiss olunmurdu.

İlham müəllim dünyasını dəyişmiş bütün sənətkarların adlarını "aktyorluq müəllimlərim", "rejissorlarım" deyərək qürurla çəkdi, hər birinin şəkli ekranda göründükcə onların qarşısında ehtiramla baş əydi. O, iyunun 12-sinin mərhum sənətkar Hacıbaba Bağırovun doğum günü olduğunu da sayğıyla xatırlatdı.

Bütün bunlar bir tələbənin müəllimlərinə, bir dostun dostlarına, bir sənətkarın özündən əvvəlkilərə vəfasının örnəyi, bir insanın böyüklüyü idi.

Möhtəşəm bir tədbirin yükünü təkcə öz çiyinləri üzərinə götürən sənətkarın həyəcanı da yox deyildi. Minlərlə dəfə çıxdığı səhnədə yenə də həyəcanlanır, yenə də ilk dəfə imiş kimi sevinirdi. Bu da onun məsuliyyətindən, sonsuz sevgisindən xəbər verir.

Əziz sənətkarımızı biz də təbrik edir, ona möhkəm can sağlığı, yeni rollar, yaradıcılıq uğurları diləyirik! Biz İlham Namiq Kamalı yüzlərlə rollarında görmüşük, sənətkar. "Özünüzə qayıtmayın", siz onsuz da özünüzdəsiniz, özünüzsünüz - bənzərsiz, təkrarsız!

 





15.06.2019    çap et  çap et