525.Az

Pasiyentlər və tibb işçilərinin hüquqları ilə bağlı qanun layihəsi müzakirələrə çıxarıldı


 

MUSA QULİYEV: "HƏM TİBB İŞÇİLƏRİNDƏN, HƏM DƏ PASİYENTLƏRDƏN TEZ-TEZ ŞİKAYƏTLƏR EŞİDİRİK"

Pasiyentlər və tibb işçilərinin hüquqları ilə bağlı qanun layihəsi müzakirələrə çıxarıldı<b style="color:red"></b>

Həkim və pasiyentlərin hüquqlarını tənzimləyəcək yeni qanun layihəsi hazırlanıb. Adıçəkilən qanun layihəsi ilə bağlı iyunun 18-də Milli Məclisin (MM) Səhiyyə komitəsinin iclasında ilkin müzakirələr aparılıb.

Qanun layihəsi ilə bağlı "525"ə açıqlamasında sözügedən komitənin sədr müavini Musa Quliyev deyib ki, "Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında" yeni qanun layihəsi ilə bağlı müzakirələr çoxdan gedirdi, ancaq obyektiv səbəblərdən həmin sənədin hazırlanması və qəbulu təxirə salınmışdı. Onun sözlərinə görə, çünki pasiyentlərin hüquqları məsələsi icbari tibbi sığorta ilə çox sıx bağlı olan bir məsələdir: "Ona görə icbari tibbi sığortanın gələn ildən işə düşəcəyini nəzərə alaraq, belə bir qanun layihəsinin işlənməsinə və hazırlanmasına qərar verdik. Yəqin ki, yaxın bir ilə, ilyarıma bu qanun layihəsi də qəbul olunar, qüvvəyə minər, işləyər".

Bəs qəbul olunacağı təqdirdə, qanun nələri təzimləyəcək, hansı münasibətlərə aydınlıq gətirəcək? Millət vəkili bildirib ki, qanun birinci növbədə münasibətləri, pasiyent və səhiyyə müəssisəsi, pasiyent və tibb işçiləri arasındakı münasibətləri tənzimləyəcək. "Əgər hər hansı bir konflikt yaranarsa, məhkəməyə, hüquq-mühafizə orqanlarına qədər o münaqişənin həlli yollarını göstəcək. Bütün münasibətlərin yalnız hüquqi müstəvidə həllini təşkil edəcək. Digər tərəfdən, pasiyentlərlə yanaşı, tibb işçilərinin hüquq və vəzifələri burada öz əksini tapacaq. Çünki həm tibb işçilərindən, həm də pasiyentlərdən tez-tez şikayətlər eşidirik. Pasiyentlər narazılıq edirlər ki, ödədiyimiz vəsait qarşılığında bizə keyfiyyətli tibbi xidmət göstərilmir və s. Tibb işçiləri, xüsusilə təcili yardım stansiyasının həkimləri də tez-tez müraciət edirlər ki, onlara qarşı pasiyentlər, onların ailə üzvləri tərəfindən kobudluq, təhqirlər və digər qeyri-qanuni münasibətlər olur. Odur ki, bu münasibətlər hamısı bütövlükdə hüquqi müstəvidə tənzimlənməlidir. Eyni zamanda, icbari tibbi sığorta işə düşəndən bu məsələ öz aktuallığını ortaya qoyacaq. Çünki hər bir pasiyent, eyni zamanda, sığorta olunandır və tibbi xidmət haqlarını öncədən ödəmiş bir insandır. Onun da haqqı var desin ki, pul ödəmişəmsə, istədiyim keyfiyyətdə tibbi xidmət göstərilməlidir" - deyə, M.Quliyev əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





19.06.2019    çap et  çap et