525.Az

Prezident növbəti sosial paketi təsdiqlədi: sərəncamlar 2 milyon vətəndaşı əhatə edir


 

“DÖVLƏT BÜDCƏSİ GƏLİRLƏRİNİN İNDİKİ ARTIM SÜRƏTİ VƏ HƏCMİ SOSİAL PAKETİN BÜDCƏ VASİTƏSİLƏ TAMAMİLƏ MALİYYƏLƏŞMƏSİNƏ İMKAN YARADACAQ”

Prezident növbəti sosial paketi təsdiqlədi: <b style="color:red">sərəncamlar 2 milyon vətəndaşı əhatə edir</b>

İyunun 18-də Prezident İlham Əliyev növbəti sosial islahatlar paketini təsdiq etdi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra sərəncamlar imzaladı.

Dövlət başçısının müvafiq sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqı sentyabrın 1-dən 40 faiz (70 manat) artırılaraq 180 manatdan 250 manata çatdırılır. Digər sərəncamlarla isə dövlət büdcəsindən maliyyələşən bir sıra idarə və təşkilatlarda çalışan rəhbər və işçilərin, o cümlədən, hərbi qulluqçuların vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 40 faiz artırılacaq. Onların sırasına Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, dövlət arxivləri və onların filialları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və işçiləri daxildir. Həmçinin, dövlət ümumi və peşə təhsili müəssisələrində işləyən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər 20 faizlik maaş artımından faydalanacaqlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, minimum aylıq əməkhaqqının artırılması əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. Müvafiq sərəncamla ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.

Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Vurğulanıb ki, yeni “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir.

Bundan əvvəl dövlət başçısının cari il fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib. Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə 2-ci yerdə qərarlaşacaq.

Həmçinin, qeyd olunub ki, Prezident İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamı da bu sahədə növbəti mühüm addım olmaqla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Dövlət başçısının yeni sosial paketi əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticə etibarilə əhalinin rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərin reallaşdırılmasına imkan verir.

Nazirlikdən bildirilib ki, göründüyü kimi, Prezident İlham Əliyevin sosial islahatlar paketinin yeni uğurlu nəticələri, sosial müdafiə sahəsində atılan mühüm addımlar müəlllimləri də əhatə edir. Ölkə başçısının “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar bu istiqamətdə daha bir əhəmiyyətli adımın atılmasına imkan verib. Birinci sərəncam ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir. Bu, onların orta aylıq əməkhaqqlarının 605 manata çatmasına imkan verir. Müvafiq maaş artımının təmsil edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, cari il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.

Vurğulanıb ki, hər iki sərəncam ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması tədbirlərinin getdikcə geniş vüsət aldığını, dövlət başçısının siyasətinə uyğun olaraq, dinamik iqtisadi inkişafın ilk növbədə vətəndaş rifahının təminatı hədəfinə yönəldildiyini bir daha təsdiq edir.

Daha bir mühüm təşəbbüs isə pensiyaçılarla bağlıdır. Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti inqilabi addımların atılmasına imkan verən sosial islahatlar paketi cari il ərzində minimum pensiyanın məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılmasına da şərait yaradıb. Dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması nəzərdə tutulur. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” və müxtəlif sahələr üzrə əməkhaqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. O, “Azərtac”a bildirib ki, bu addımlar Prezident İlham Əliyevin Azərbaycan xalqına olan diqqət və qayğısının bariz nümunəsidir.

Ümumilikdə cari il ərzində Prezident tərəfindən xalqın rifahının yaxşılaşdırılması istiqamətində çox mühüm addımların atıldığını deyən deputat xatırladıb ki, minimum əməkhaqqı, pensiyalar, tələbələrə verilən təqaüdlərin artırılması, problemli kreditlərin həlli və digər sosial məsələlərlə bağlı mühüm fərman və sərəncamlar imzalanıb. Onun sözlərinə görə, dövlət başçısı bu islahatların davamlı olacağını bəyan etmişdi. Nəticədə bu islahatların davamı olaraq iyunun 18-də növbəti inqilabi qərarlar qəbul olundu.

Deputat vurğulayıb ki, minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, o cümlədən, dövlət qulluqçularının, müəllimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək: “Bu sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqlarının artmasına səbəb olacaq”.

A.Hüseynov hesab edir ki, Prezident İlham Əliyev tərəfindən imzalanan bu inqilabi sərəncamlar bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosialyönümlüdür, vətəndaşların rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

“Azərbaycan dövləti inkişaf etdikcə, resursları, vəsaitləri artdıqca, vətəndaşlarımızın sosial rifahı daha da yaxşılaşacaq”, - deyə deputat qeyd edib.

Deputat Tahir Mirkişili isə bildirib ki, 2018-ildə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi inkişafın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi. O qeyd edib ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin yüksəlməsində, ixracın və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi: “2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına Prezident İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqqının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin artmasına, problemli kreditlərin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu”.

Deputat vurğulayıb ki, sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi: “2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin birinci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir”.

Dövlət başçısının sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsinin başlandığını deyən deputat əlavə edib ki, yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50 faiz artırılmasını nəzərdə tutur: “Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Digər tərəfdən, dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması (2,3 faiz) artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq”.

“Bütövlükdə Prezidentin sərəncamları ilə əməkhaqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsi gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əməkhaqlarının artımı həm də iqtisadi fəallığı artıracaq”, - deyə T.Mirkişili əlavə edib.

C.ABASOV

 





19.06.2019    çap et  çap et