525.Az

Əhməd Əhmədzadə Sabirabadda vətəndaşlarla görüşdü


 

Əhməd Əhmədzadə Sabirabadda vətəndaşlarla görüşdü<b style="color:red"></b>

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə iyunun 19-da Sabirabadda vətəndaşları fərdi qaydada qəbul edib.

ASC-dən verilən məlumata görə, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarsəinin inzibati binasında keçirilən qəbulda Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb.

Müraciətlər, əsasən, suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi, maddi yardım, həmçinin, cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Ə.Əhmədzadə ümumilikdə 21 vətəndaşı qəbul edib. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 25-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Salyan, Rafiq Aslanov isə Hacıqabul rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

C.ABASOV

 





19.06.2019    çap et  çap et