525.Az

Koçaryanın səfirlə görüşü Paşinyan hakimiyyətini təşvişə salıb


 

Koçaryanın səfirlə görüşü Paşinyan hakimiyyətini təşvişə salıb<b style="color:red"></b>

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin ötən həftə sabiq prezident Robert Koçaryanla görüşü Paşinyan hakimiyyətini təşvişə salıb. Bu görüşdən açıq şəkildə narazılıq və narahatlıq ifadə etməklə yanaşı, səfir Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Ruben Rubunyan bu barədə açıqlama verib. Onun sözlərinə görə, Rusiya səfiri ilə Koçaryanın görüşünün də müzakirə edildiyi parlamentin xarici əlaqələr komissiyasının iclasından sonra xarici işlər naziri Zöhrab Mnatsakanyanla danışıb: "Nazir mənə səfirin XİN-ə çağırıldığını və onunla Ermənistanın daxili işlərinə müdaxilə kontekstində söhbət aparıldığını deyib".

Ermənistan XİN-in mətbuat katibi səfirin Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.

Xatırladaq ki, iyunun 13-də səfir Kopırkin həbsdən qısa müddət əvvəl azad edilmiş ikinci prezident Robert Koçaryanla görüşüb. Görüş Koçaryanın ofisində bir saatdan çox təklikdə baş tutub.

Bundan sonra səfirlik açıqlama verərək, Kopırkinin Koçaryanla ictimai, siyasi və işgüzar dairələrin nümayəndələri ilə müntəzəm görüşlərin bir hissəsi olaraq bir araya gəldiyini deyib.

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Rusiya səfirinin Robert Koçaryanla görüşünü alqışlamadığını deyib: "Mən bu görüşü alqışlamıram. Hər hansı bir ölkənin səfiri siyasi sahənin bütün spektrinin nümayəndələri ilə görüşə bilər, burada isə başqa bir məqam var - bu insana qarşı irəli sürülən ittihamlar onu təmiz siyasi sahədən kənarlaşdırır. Burada söhbət bir çox başqa xüsusiyyətlərdən, maraqlardan gedir, buna görə də mən həmin görüşü qəbul etmirəm. Yəni mən Robert Koçaryanı siyasi xadim, siyasi sahəni təmsil edən biri kimi görmürəm, əks halda, Rusiya səfiri və yaxud digər səfirlə ünsiyyəti alqışlayardım".

Ümumiyyətlə, Koçaryanın həbsdə saxlanılması Rusiyanın narazılığı ilə qarşılanmışdı. Məhz bu, Ermənistan hakimiyyəti ilə rəsmi Moskvanın münasibətlərində nisbətən soyuqluq yaradan məqamlardan biri idi.

Rusiya prezidenti Vladimir Putinin Koçaryanı doğum günü münasibətilə təbrik etməsi, ardınca artıq həbsdə olan Koçaryana yeni il münasibətilə məktub göndərməsi bunu isbatlayan faktlardır. Eyni zamanda, Koçaryanın həbsdə olması Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin də Paşinyana açıq təzyiqi və hədəsi ilə müşayiət olunurdu.

Koçaryan bu il mayın 18-də hakim David Qriqoryanın sədrliyi ilə keçirilən prosesdə həbsdən azad edilib. Bu il mayın 13-də isə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Qevorkyanın məhkəməsi başlamışdı.

Onlar 2008-ci ilin mart hadisələrində ittiham edilirlər. Belə ki, həmin ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarkisyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunacaqlar.

Bu arada erməni mətbuatı yenidən Ter-Petrosyanın prezident vəzifəzinə gətiriləcəyini yazır. "Past" nəşrinin məlumatına görə,  "Vətəndaş razılaşması"nın bəzi prinsipial deputatları tamamilə Paşinyanın bu təklifinə qarşı çıxırlar, onlar inqilabın Ter-Petrosyanın qaytarılması üçün olmadığını və xalqın onları anlamayacağını bildiriblər. Bu məsələdə həm hakim fraksiyanın, həm də cəmiyyətin münasibətinin tədricən aydınlaşdırılması qərara alınıb. Birinci mərhələ olaraq isə Vaqe Qriqoryanın Konstitusiya məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Erməni mətbuatına görə, onun adı birinci prezidentlə birbaşa əlaqəli olduğundan, parlamentdə səsvermə mənzərəsi Levon Ter-Petrosyanın prezidentliyə namizədliyi üçün mümkün səsverməni əks etdirə bilər. Eyni zamanda, prezident Armen Sarkisyanın da  istefası variantı da müzakirə edilə bilər.

Ter-Petrosyanın mətbuat katibi Arman Musinyanın mövzunu şərh etməkdən imtinası da yazılanların doğru olduğunu isbatlayır.

Paşinyan idarəçiliyi bacarmır, həlli gözlənilən problemlər üzrə tələb olunan prinsipial qərarları qəbul edə bilmir, ölkənin daxili və xarici siyasətində ciddi boşluqlar özünü göstərməkdədir. Buna görə də Paşinyan Petrosyanı prezident vəzifəsinə gətirməklə onun idarəçilik təcrübəsindən yararlanmağa, həm də hakimiyyətini möhkəmləndirməyə çalışır.

PƏRVANƏ

 





19.06.2019    çap et  çap et