525.Az

UNEC-də növbəti "Açıq qapı" günü


 

UNEC-də növbəti "Açıq qapı" günü <b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yay imtahan sessiyasının başlanması ilə əlaqədar növbəti "Açıq qapı" günü keçirilib.
 
"Açıq qapı"da UNEC-in rektoru, professor Ədalət Muradov, UNEC İctimai Nəzarət Şurasının üzvləri, "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, təhsil eksperti Etibar Əliyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, "525-ci qəzet"in müxbiri Sevinc Qarayeva, tələbə-rektor Elmir Sadıqov və müvafiq struktur rəhbərləri iştirak ediblər.

"Açıq qapı"ya daxil olan müraciətlər əsasən, imtahanlarda güzəştlərin olunması, təhsil haqqı borcu, maddi yardımın göstərilməsi, işə qəbul barədə olub. Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və həlli məqsədilə müvafiq  struktur rəhbərlərinə tapşırıqlar verilib. Müraciət edənlər arasında UNEC-in Aprel şəhidi Tural Dadaşovun anası Kəmalə Dadaşova iştirak edib. Şəhid anasının müraciəti UNEC-in Memorial-Xatirə Kompleksində Turalın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı olub. UNEC-də şəhidlərin xatirəsinin həmişə əziz tutulduğu və onlarla qürur duyulduğunu deyən rektor, qısa müddətdə universitetdə Tural Dadaşovun barelyefinin hazırlanacağını və adının əbədiləşdiriləcəyini qeyd edib. 

“Açıq qapı" günü ilə bağlı təəssüratlarını bölüşən şura üzvü "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, təhsil eksperti Etibar Əliyev deyib ki, hər il olduğu kimi, bu il də imtahan sessiya və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün lazımi imkanlar yaradılıb. E.Əliyevin sözlərinə görə, rektor, professor Ədalət Muradov UNEC-də imtahan sessiyalarının obyektiv və şəffaf keçirilməsi üçün əlindən gələni əsirgəmir: "Şəffaflığın və obyektivliyin təmin olunması baxımından imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək imtahan sessiyası boyu ictimaiyyət nümayəndələrinin, təhsil ekspertlərinin, jurnalistlər nəzarətçi qismində imtahanlara cəlb olunurlar. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən valideynlər də sərbəst şəkildə imtahanları izləyə bilirlər. Hər il olduğu kimi, bu il də yay imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi, ədalətlilik prinsipinin qorunması məqsədilə bütün müvafiq tədbirlər görülüb.  Müşahidələrimiz göstərir ki, UNEC rəhbərliyinin imtahanların şəffaf və ədalətli keçirilməsində marağı çox böyükdür".

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev isə bildirib ki, hər il imtahan sessiyası dövründə UNEC-də "Açıq qapı" günləri keçirilir. Hər həftənin şənbə günü olmaqla imtahan sessiyasının sonuna kimi davam edir: "Açıq qapı"da rektor tərəfindən hər bir müraciət diqqətlə dinlənilir və müvafiq qaydalar çərçivəsində onların həlli ilə bağlı göstərişlər verilir. Bəzi məsələlər isə yerindəcə həll edilir. Tələbələrin sərbəst şəkildə problemlərini rektora çatdırmaları, haqlarını müdafiə etmələri universitet rəhbərliyinin onlara yaratdığı səmimi mühitdən irəli gəlir. İctimaiyyət nümayəndələrinin iştirakı ilə tələbə müraciətlərinin dinlənilməsi isə obyektivlik və şəffaflığın bariz nümunəsidir".

Xatırladaq ki, UNEC-də "Açıq qapı" günləri hər həftənin şənbə günü olmaqla yay imtahan sessiyasının sonuna kimi davam edəcək.

S.QARAYEVA

 





19.06.2019    çap et  çap et