525.Az

Erməni separatçılarının Fransa fiaskosu: vətən "sevdalıların" susqunluğu


 

Erməni separatçılarının Fransa fiaskosu: <b style="color:red">vətən "sevdalıların" susqunluğu </b>

Fransa məhkəmələrinin Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı qurumun təşviqi, tanıdılması istiqamətində imzalanmış bəzi "xartiyaları" ard-arda ləğv etməsi işğalçıya ağır və sarsıdıcı zərbə oldu. Bu, eyni zamanda, mühüm bir presedent yaradır ki, gələcəkdə digər dövlətlər tərəfindən də erməni lobbi və diasporasının təsiri ilə beynəlxalq qanunlara zidd anoloji addımlar atılmasın.

Məlumat üçün bildirək ki, Fransanın Qrenobıl şəhərinin inzibati məhkəməsi bir neçə gün əvvəl bu ölkənin Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış dörd "Dostluq haqqında xartiya"nı ləğv edib. Bu barədə Fransanın erməni internet resursu "Nouvelles Armenie magazine" (armenews.com) məlumat yayıb. Məlumatda Qrenobl məhkəməsinin 4 "dostluq xartiyası"nı qanunsuz hesab edərək ləğv etdiyi bildirilir. Vurğulanır ki, prefektin müraciəti əsasında Qrenobl inzibati məhkəməsi iyunun 11-də Drom departamentinin özü, həmçinin, bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiyanı ləğv edib.

Bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin, bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir.

Bundan əvvəl isə mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya"nı iyunun 4-də ləğv edib. Məlumata görə, məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb. İşlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb, mayın 29-da başa çatıb.

Bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf 7 rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi.

Azərbaycan separatçı rejimin işğalı legitimləşdirmək, Fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərini dəfələrlə rəsmi Paris qarşısında qaldırıb. Birinci vitse-prezident Mehriban Əliyeva Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb. Bundan başqa, bu ilin fevralında erməni diasporunun nümayəndləri ilə görüş zamanı prezident Emanuel Makron bu tipli xartiyaların imzalanması və işalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirmişdi.

Bu qərar eyni zamanda, beynəlxalq ictimaiyyətin separatçılıq  meyllərini qınamasının növbəti təzahürü, eyni zamanda, Fransanın beynəlxalq nüfuzunun qorunması kimi də qiymətləndirilə bilər. Çünki "xartiyalar" Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə zidd olmaqla yanaşı, onun ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi də bitərəfliyini şübhə altına salırdı.

Məsələnin digər tərəfi isə xarici ölkələrdə məskunlaşmış, özlərini vətən sevdalısı kimi qələmə verən bəzi "soydaşlarımızın" baş verənlər qarşısında susqunluq nümayiş etdirmələridir. Əllərinə düşən hər fürsətdən hakimiyyəti tənqid edən, hətta təhqiramiz ifadələr belə səsləndirməkdən çəkinməyən həmin şəxslər ümummilli maraqlarla bağlı məsələlərdə nədənsə danışmaq istəmirlər. Aydın görünür ki, Azərbaycanın milli maraqlarının qorunması xaricdəki  "söyüş" müxalifətinin proqramına daxil deyil. Onlar Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir edir, lakin  ümummilli məsələlərdə susurlar.

Xaricdə yaşayan və milli mənafelərdən danışan şəxslərin belə  məsələlərdə susqunluq nümayiş etdirməsi onarda heç bir milli təəssübkeşliyin olmadığını göstərir. Bir daha aydın görünür ki, onlara pulu məhz Azərbaycanı gözdən salmaq üçün ayırırlar.

Siyasi ekspert, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mövzu ilə bağlı "525"ə bildirib ki, Fransanın inzibati məhkəmələrinin çıxardığı qərarlar şübhəsiz ki, beynəlxalq hüquqa əsaslanır. Nəzərə almaq lazımdır ki, Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədrdir. Və həmsədr dövlət kimi münaqişənin tənzimlənməsində ən azı beynəlxalq hüquq müstəvisində özünün tərəfsizliyini büruzə verməlidir.

E.Mirzəbəyli deyib ki, bu aspektdən Fransa məhkəmələrinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə imzalanan bütün "sazişlər"i ləğv etməsini mühüm hadisə kimi dəyərləndirə bilərik:

"Bu, hüquqi bir addımdır və presedent yaradır. Avropa məhkəməsinin əsasnaməsinə uyğun olaraq Avropa İttifaqı məkanında bu və ya digər inzibati məhkəmələrin qəbul etdikləri qərarlar digər məhkəmələr üçün də president sayılır. Bu mənada əgər hansısa bir ölkə bu istiqamətdə addım atarsa, o zaman hüquqi müstəvidə məsələnin həlli üçün Fransa məhkəmələrinin qəbul etdiyi qəraralara istinad oluna bilər və olunacağı da qətiyyən şübhə doğurmur".

Ekspert hesab edir ki, bu prosesdə Azərbaycan-Fransa münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da xüsusi olaraq qiymətləndirilməlidir: "İlk növbədə Azərbaycan prezidentinin Fransa ilə münasibətlərdə atdığı addımlar, ölkəmizin beynəlxalq nüfuzunun artması, digər tərəfdən, Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi işlər, birinci vitse-prezidentin bu istiqamətdəki fəaliyyət, Fransa Senatında Azərbaycanla dostluq qrupunun fəaliyyəti də bu prosesdə mühüm əhəmiyyət kəsb edib.

Azərbaycan hətta vaxtilə qondarma "erməni soyqırımı"nın kriminallaşdırılması ilə bağlı Fransanın qəbul etdiyi qərarın ləğvi prosesində də fəal yer alıb və bu prosesdə birinci vitse-prezidentin də rolu şübhəsiz ki, danılmazdır".

E.Mirzəbəyli məsələnin digər tərəfinə də toxunub, deyib ki, əslində, Qarabağdakı separatçı rejimlə əməkdaşlıq edən və onları əməkdaşlığa sövq edən erməni lobbisi və erməni diasporu ilə Azərbaycan əleyhinə fəaliyyət göstərən qruplar eyni dairədən maliyyələşir və eyni istiqamətdə onların fəaliyyəti stumullaşdırılır: "Bu baxımdan onlardan əslində, Fransa məhkəmələrinin qəbul etdiyi qərara müsbət reaksiya verəcəkləri, yaxud bunu alqışlayacaqlarını gözləmək nonsens olardı. Çünki bu insanların məqsədi Azərbaycanın uğurlarına və yaxud beynəlxalq hüquqi müstəvidə əldə etdiyi uğrlara müsbət yanaşmaqdan ibarət deyil. Antimilli qüvvələrə təlimat ona görə verilib ki, Azərbaycanı qaralasınlar, böhtan atsınlar, yanlış məlumatlar yaysınlar və nəticə etibarilə də erməni diasporunun, erməni lobbisinin maraqlarına xidmət etsinlər. Bu baxımdan əsas olan Azərbaycan ölkəmizin, xalqımızın maraqlarına xidmət edən, dövlətimizin taleyini düşünən vətəndaşlarımızın əksəriyyətinin bu prosesdə dövlətin həyata keçirdiyi tədbirləri, alqışlaması, qəbul edilən qərarların önəmini kifayət qədər ciddi şəkildə dərk etmələridir. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın mütləq əksəriyyəti də bu prosesin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğuladlar və bu barədə məlumatlar da kifayət qədər dünya mediasında yer aldı. Bundan çıxış edərək qaragüruhçu və böhtançı cameənin nə deyib deməməsindən asılı olmayaraq Azərbaycanın öz prioritetləri, hədəfləri var və onlara doğru da inamla addımlayır".

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə xatırladıb ki, bu ilin yazında Fransa prezidenti Emmanuel Makron erməni diaspor təşkilatlarının nümayəndələri ilə görüş keçirdi: "Qeyd etmək lazımdır ki, Fransada 600 mindən çox erməni daimi olaraq yaşayır, onlardan 400 mindən çoxunun səsvermə hüququ vardır ki, bu da Fransa seçicilərinin təxminən 1% -ni təşkil edir.

Makron çıxışı zamanı bildirdi ki, onun rəhbərliyi ilə Ermənistanla xüsusi münasibətlər qurmağa davam edəcəklər və qondarma "erməni soyqırımı"nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu Konstitusiya Məhkəməsi rədd etsə də, o, aprelin 24-nün "anım günü" elan edilməsinə dair qərar verib.

Ermənilərin müxtəlif yerli bələdiyyələrin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin tanınmasına dair tələblərinə gəlincə, Makron Fransanın beynəlxalq öhdəliklərə malik olduğunu, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə vasitəçi dövlət olduğunu xatırladıb və buna uyğun da bəzi bələdiyyələr tərəfindən artıq imzalanmış "xartiyaların" məhkəmə yolu ilə ləğvi prosesinin başlayacağını deyib.

Həqiqətən də, bu "sənədlərin" ləğvi prosesi başlayıb və davam etdirilir. Bu günə qədər 5-ə yaxın  "erməni diasporunun həvəskar məhsulları"ndan imtina edilib.

Biz hamımız Fransanın bələdiyyə həvəskarlarının  Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri və ermənilərin konyak diplomatiyasının nəticələrini necə yüksək qiymətləndirdiyini yaxşı xatırlayırıq".

T.Zülfüqarova vurğulayıb ki, beynəlxalq təşkilatlardan heç biri bu bələdiyyələrin fəaliyyətinin korrupsiyaya uğramasından narahat olmadı: "Əslində, Avropa İttifaqında Avropa bələdiyyələrini bir araya gətirən nüfuzlu bir təşkilat var ki, onlar bu müftə kabab və konyak həvəskarlarına sual verməlidirlər ki, Azərbaycanın işğal olunmuş ərazilərində nə işləri var? Amma ikili standartlar, bizim vəziyyətimizdə xüsusilə ...

Əlbəttə ki, Makronun bu bəyanatı təsadüfi deyil. 4 ildən artıqdır ki, Fransanın xüsusi hüquq strukturları Azərbaycan tərəfinin tapşırığı ilə bu məsələni araşdırırdı. Uzun müddətli mübarizədən sonra "Qarabağın müstəqilliyinin tanınması haqqında xartiyaların ləğvi" haqqında məhkəmə qərarının qəbuledilməsi ilə proses öz nəticələrini verdi.

Yüzlərlə şüşə konyak içilməsi, erməni qoyunlarından kabablar yeyilməsi, bir sözlə, bütün bu səs-küy bir məhkəmə zəngi ilə sona çatdı. Biz indi bunun ABŞ-da davam etdirilməsini gözləyəcəyik".

PƏRVANƏ

 





19.06.2019    çap et  çap et