525.Az

Fransa məhkəməsinin "sazişləri" ləğv etməsi müsbət hadisədir"


 

"XARİCİ İŞLƏR NAZİRLİYİ ABŞ VƏ FRANSA KİMİ ÖLKƏLƏRDƏKİ SƏFİRLİKLƏRİMİZLƏ BİRGƏ QABAQLAYICI ADDIMLAR ATMALIDIR"

Fransa məhkəməsinin "sazişləri" ləğv etməsi müsbət hadisədir"<b style="color:red"></b>

"Fransa məhkəməsinin bu ölkənin bəzi şəhər bələdiyyələrinin erməni separatçıları ilə imzaladıqları "sazişləri" ləğv etməsi müsbət hadisə sayılsa da, eyforiyaya qapılmağa da ehtiyac yoxdur. Çünki arxasında erməni lobbisi olan düşmən hiyləgərdir və əks zərbəyə hazırlaşır".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib: "İyunun 17-də erməni separatçılarının "parlament sədri" Aşot Qulyan Xankəndidə "Fransa ilə dostluq qrupu" nun iclasını keçirib. Erməni separatçıları Fransa məhkəməsinin qərarına baxmayaraq, Fransadakı dostlarının onlardan imtina etməyəcəklərini bildiriblər. İstisna etmirəm ki, yaxın günlərdə Fransanın daha bir bələdiyyə başçısı Dağlıq Qarabağda peyda olsun".

Politoloqun sözlərinə görə, bu günlərdə ABŞ-ın məşhur ermənipərəst konqresmeni Frank Pallone təklif edib ki, Amerika rəsmilərinin Dağlıq Qarabağa birbaşa səfərlərinə mane olan qadağa ortadan qaldırılsın: "Erməni separatçıları erməni lobbisi ilə birgə fəaliyyətlərinə ara vermirlər. Ona görə də Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ və Fransa kimi ölkələrdəki səfirliklərimizlə birgə qabaqlayıcı addımlar atmalı, çalışdıqları ölkələrin rəsmilərini və deputatlarını mümkün yanlışlıqlardan çəkindirməlidirlər".

Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərən xəritələrlə mübarizənin hələ də nəticə vermədiyini deyən E.Şahinoğlu bildirib ki, Rusiyada və digər ölkələrdə bu xəritələrin necə hazırlandığını Xarici İşlər Nazirliyi araşdırmalıdır: "Necə olur ki, bu xəritələr təyyarələrdə paylanan dərgilərdə peyda olur? Bir dəfə görmədik ki, Zəngəzuru və ya Göyçəni Azərbaycan ərazisi kimi göstərən xəritələr yayılsın. Bir dəfə də biz ermənilərə gözdağı verə bilmərikmi?"

C.ABASOV

 





19.06.2019    çap et  çap et