525.Az

Ağcabədinin Boyat kəndinə təbii qaz verilib


 

Ağcabədinin Boyat kəndinə təbii qaz verilib<b style="color:red"></b>

İyunun 15-də Ağcabədi rayonunun Boyat kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatları Aqil Abbas,Tahir Rzayev və Bəxtiyar Əliyev iştirak ediblər.

Tədbirdə çıxış edən SOCAR prezidenti R.Abdullayev sakinləri 15 iyin - Milli Qurtuluş Günü və kəndə təbii qazın verilməsi münasibətilə təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edilib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə "mavi yanacaq"la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR-ın prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, respublikanın hər yerində olduğu kimi, Ağcabədi rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlir, mühüm layihələr həyata keçirilir. Artıq Ağcabədi rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması 94,7 faizə çatdırılıb - 1 şəhər, 1 qəsəbə və 38 kənd təbii qazla təmin olunub.

Milli Məclisin deputatı A.Abbas da kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Mərasimdə çıxış edən sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə "mavi yanacaq" verilib. SOCAR prezidenti R.Abdullayev yaxınlıqdakı evlərdən birinin mətbəxində olub, ev sahiblərini təbrik edib, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb.

Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən "mavi yanacaq"la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizin qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

Ümumilikdə 467 fərdi evdən ibarət olan Boyat kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 49 min 424 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin, paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Boyat kəndi ilə yanaşı, hazırda Ağcabədi rayonunun Üzeyir Hacıbəyli, Həmidə Məmmədquluzadə, Qarabağ və Eldəniz Sadıqov küçələrini əhatə edən 4 yeni massivdə 128 fərdi evin qazlaşdırılması işləri də yekunlaşdırılıb, istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilməsi təmin ediləcək.

 





19.06.2019    çap et  çap et