525.Az

Gürcüstanda parlament sədrinin istefası tələb olunur - Yenilənib


 

Gürcüstanda parlament sədrinin istefası tələb olunur - <b style="color:red"> Yenilənib</b>

Gürcüstanda parlamentin qarşısında rusiyalı deputatlara qarşı keçirilən aksiyaya qoşulanların sayı artır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb edirlər.

Həmçinin daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefası tələb olunur.

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze aksiya iştirakçıları qarşısında çıxışı zamanı bildirib ki, hökumətə tələbləri yerinə yetirmək üçün bir saat vaxt verilir.

Qeyd edək ki, Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti artıq Gürcüstanı tərk edib. Rusiyalı deputatlar əleyhinə aksiyalar Tbilisi ilə yanaşı, Telavi və Qoridə də keçirilib.

***16:13

Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirirlər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini tələb edirlər. Hadisə yerinə polis cəlb olunub.

“Agenda” xəbər verir ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov parlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Məsələ ilə bağlı baş nazir Mamuka Baxtadze də bəyanat yayaraq işğalçı ölkənin parlamenti üzvünü Gürcüstan parlamentinin ali kürsüsündə görməyin çox ağır olduğunu, bu halın milli mənafelərinə toxunduğunu açıqlayıb.

 





20.06.2019    çap et  çap et