525.Az

Aynadakı əksimiz - Fidan Malik yazır


 

Aynadakı əksimiz - <b style="color:red">Fidan Malik yazır </b>

Telefon danışığının əvvəlində "alo" deyilməyə onun təklifi ilə başlanıb. Teleqrafı, telefonu, kino aparatını o təkmilləşdirib. Elektrik lampasının sənaye üsulu ilə istehsalını o təşkil edib. Elektrovoz istehsalına da o başlayıb, fonoqrafI da o ixtira edib. Söhbət dünya şöhrətli amerikalı ixtiraçı, sahibkar Tomas Edisondan gedir.

Bir gün Tomas Edison məktəbdən evə gəlir və müəllimin məktubunu anasına verir. Gözləri yaşarmış ana məktubu oğluna oxuyur. "Sizin oğlunuz - dahidir. Bu məktəb çox balacadır və burada onu öyrədə biləcək müəllimlər yoxdur. Zəhmət olmasa, onu özünüz öyrədin".

Anasının ölümündən illər sonra ailə arxivindəki əşyaları nəzərdən keçirərkən (o artıq dövrünün məşhur ixtiraçısı idi) bir məktuba rast gəlir. Məktubda yazılmışdı: "Oğlunuz əqli cəhətdən geridə qalıb. Biz onu başqaları ilə bərabər öyrədə bilmərik. Ona görə də tövsiyə edirik ki, onu evdə özünüz öyrədəsiniz".

Edison saatlarca ağlayır, sonra isə gündəliyinə bu sətirləri yazır: "Tomas Alva Edison əqli cəhətdən geridə qalmış uşaq olub. Öz qəhrəman anası sayəsində isə əsrinin dahilərindən birinə çevrilib".

Biz övladlarımızı böyüdüb cəmiyyətə yollayırıq. Kimin kimə faydalı və ya zərərli olacağını da bilmirik. Sadəcə, ümid edirik. Onların yolunu itirməyəcəyinə, mənzilə dos-doğru çatacaqlarına. Heç kəsə zərər verməyəcəklərinə. Heç kəsin onları incitməyəcəyinə. Bilirik ki, onlar bu yolda bəzən büdrəyə, bəzən yıxıla bilərlər, hətta qırıla-qıra bilərlər. Uğur qazana və ya uğursuzluğa uğraya bilərlər. Amma etiraf edə bilmirik ki, bunların hər birinin səbəbkarı bizik. Çünki onlar bizim səsimizi eşitmir, bizim addımlarımızla addımlayırlar. Bizim aynadakı əksimiz olurlar.

Bəzən biz də onlardan həyatı öyrənirik. Dərslərində istədiyimiz nəticəni ala bilmədikdə, "Zibil daşıyan olmaq istəyirsən?!" sözlərilə daha məsuliyyətli olacaqlarını zənn etdiyimiz halda, özümüzün cəmiyyət üçün yanlış düşüncəli, yanlış insan yetişdirdiyimizin fərqinə varmırıq. Çünki həm övladımızın gözündə bir insanı qiymətsiz etmiş oluruq, belə ki, zibili təmizləyən insanlara qarşı onlarda ikrah hissi oyadırıq, onların toplumun sanitariyası üçün gördüyü işi, çəkdikləri əziyyəti qiymətsiz etmiş oluruq, həm də övladımızın özgüvənini qırmış oluruq. Halbuki onlara daha doğru şəkildə müraciət etmiş ola bilərik. "Mən sənin gücünə inanıram. Sən daha böyük uğurlar qazanıb, həm özünə gözəl həyat qura bilərsən, həm də öz faydalı layihələrinlə çətin iş görən insanların həyat şəraitini yaxşılaşdıra bilərsən", deyə bilərik. Biz bəzən onlardan gücündən artığını istəyirik. Özümüzün gerçəkləşdirə bilmədiyimiz xəyallarımızı onların üzərində reallaşdırmağa çalışırıq.

Bəzən onların bir layihə yox, bir uşaq olduğunu unuduruq. Bizimlə bərabər, küləyə qarşı uçurtma uçura biləcəyimiz, birlikdə kağızdan gəmi, təyyarə və ya başqa ariqammalar düzəldə biləcəyimiz, herbari toplayacağımız, top oynayacağımız, hər xırda zarafatlarına onlarla bərabər içdən güləcəyimiz bir uşaq olduqlarını unuduruq. Bəzən onların "gələcəyini" təmin etmək üçün qovaladığımız zaman içində onların ən gözəl illərini barmaqlarımızın arasından bir su kimi axıtmış oluruq. Bəlkə bu səbəbdəndir ki, baba-nənələr nəvələrlə daha çox vaxt keçirmək istəyir. Övladlarında itirdikləri "o zamanı" bərpa etmək üçün...

Bəzən övladımızın potensial imkanlarının yetərincə olmadığını bilsək belə, ondan cəmiyyət üçün bir "Tomas Edison" yetişdirə bilərik. Onları imkanlarından artığına məcbur etməsək, onları özümüzün yarım qalmış xəyallarımız kimi görməsək, onların arzularını da nəzərə alsaq (sözsüz ki, həddini qorumaq şərtilə), bəlkə o zaman cəmiyyətə daha xoşbəxt, daha faydalı şəxsiyyətlər yetişdirmiş olarıq. Bəlkə o zaman onların əsl uğurlarına imza atmış olarıq.

Biz "gözümüzün yağını yedirtsək belə" onların səhvləri də olur, yanlışları da. Demək ki, haradasa bir ilgək mildən ayrılıb, bizsə hiss etməmişik. Demək ki, lazımından artıq ya güzəştə getmiş, ya da acımasız olmuşuq. Amma hər səhv addımlarında biz yanlarında olacağıq, olmalıyıq. Tənqid üçün yox! Dəstək üçün! Qəlbləri qırılanda biz yanlarında olacağıq. "Mən sənə demişdim" -demək üçün yox! "Mən səninləyəm" - demək üçün! Hər yeni işə hazırlaşanda yanlarında olacağıq. "Sənlik deyil, sən bacarmazsan" - deməyə yox! "Mən sənə inanıram, hər şey yaxşı olacaq" - demək üçün!

Uğur qazandıqları gün isə heç bir söz deməyə ehtiyac olmayacaq. Biz sadəcə yanlarında olacağıq. Onlar isə gözlərimizə baxacaq və orada "Mən səninlə qürur duyuram" - deyən ürəyimizin sözlərini oxuyacaqlar.

 





21.06.2019    çap et  çap et