525.Az

Tanıyaq və tanıdaq: Hüseyn Şərqi Dərəcək (Soytürk)


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Hüseyn Şərqi Dərəcək (Soytürk)</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik. Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad,
Filologiya elmləri doktoru

Hüseyn Şərqi DƏRƏCƏK (SOYTÜRK)

1966-cı ildə Xudafərində anadan olub. İbtidai təhsilini Xudafərində, tam orta təhsilini isə Tehranda alıb. Rudhen Universitetində sosial xidmətlər ixtisasına yiyələnib. Yeniyetməlik dövründən şeir və elmi-publisistik məqalələr yazmağa başlayıb. Bakı Dövlət Universitetinin sosial psixologiya ixtisası üzrə doktorantı olub, 2002-ci ildə burada "Narkomanların kliniki və postkliniki reabilitasiyasının sosial-psixoloji problemləri" mövzusunda dissertasiya müdafiə edərək psixologiya üzrə fəlsəfə doktoru dərəcəsi alıb. O, Şimalda işıq üzü görmüş, yüksək elmi-fəlsəfi dəyərə malik bir sıra kitabları ərəb qrafikasına çevirərək Cənubda nəşri ilə məşğul olmaqla bu sahədəki mövcud boşluğun aradan qaldırılmasında böyük işlər görməkdədir. 2003-cü ildən Tehranda dərc olunan aylıq azərbaycandilli "Xudafərin" jurnalının təsisçisi və baş redaktorudur.

KİRAÇIYAM

Kayıyor topraq ayaqlarım altından,
Hər gün sokakdan, sokağa.
Cığırdan, cığıra düşürəm,
Acı kəsiyor boğazımı.
Param yox ödəməyə,
Kafam duman, dodağım qupquru.
Kipriklərim islaq
Biliyorsun nədən?
Anlatayım arkadaş,
Mən burada kiracıyam, kiracı.
Haqqım, dilim yox vətəndaş,
Ağır daşam, çukurlara.
Gənc, yaşlı səpir kurşunlara,
Savaşlarda öndə.
Haqq deyəndə, nə bağrıyorsun sus bə,
Ovut kəndini, zavallı,
Əzildin 46-da.
Vicdanın dıvarlara hörgu yapıldı,
Ağaclardan konuşduğun dillə asıldın.
Sən dövlətin malısan,
Satın alınmış qulu.
Gücümü bazar sundular,
Ruhumu dar ağaclarına.
Kayıyor topraq, kayıyor,
Sanki yer kürəsi su yüzündə!
Ya da güclu deprəm,
Başım donuyor, sanki günəş batışından.
Akış yapıyor
Sokulur günəşin şafaqları gözümün
Saralan köksündə
Nədən böylə, muamilə, alış veriş,
Varlığından yoxsun sanki robot.
Kuş, kuş, kuşuşdur,
Sıcağında yanıyodum, soyuğunda
Donuyordum.
Sankı burda kiracıyam arkadaş,
Kiracı!
Qul bazarlarında qolumun gücü,
Bilim azarlarında beynimin sözü.
Alınıb talan olur.
Əlimdən alınır zavallı çocuğum
Anlamır dilimi,
Qurulmuş dırmanlarda,
Əzilir o da, mən də, səsimizi duymur kimsə,
Biz kiracıyıq burda.
Həm də tutsaq, 46 hər binin sonu,
Üzəgörlüyə adaklanmayan əsirləri.
Adı şəhər, dadı zəhər, başım üstü,
Kara duman, ağlarım, ağlarım.
Vətəndə kiracıyam, vətəndə yabancı,
Sortum başqa, dərəcəm ikinci.
Mənə hər zaman söylər o, sən kiracı?
Dağımı özlərkən, bulağımı soraqlarkən,
Quşlarının səsini özlədiyim vətən.
Arazımı, hər zadımı, doğduğum obamı,
Aldılar, havaya sovurdular .
Mən kiracıyam, vətəndaş.
Çoxdan daşını buraxmışam ana vətənin,
İndi kayan topraqlarda səyriyirim.
Doğrunu qoyub yalan öyənirim,
Müasirləşib türkcə yox, farsi söylərəm.
Fəhləyəm - ev tikirəm, mühəndisəm - yol yapıram,
Həkiməm - xəstə tədavi edirəm.
Qulluq edirəm, dili bağlı qulam,
Mən burda kiracıyam.
Adımı söyləməkdən,
soyumu bildirməkdən,
Yasaqlarla, yaşamalarla qarşı-qarşıyam.
Mən türkəm, o isə vətəndaş,
Mən isə zavallı, o xan, şah
Ərbaba gərəkdir nökər,
Hər gün başımda turp əkir.
Qullar sərbəst olar hərdən
Biz ömürlük quluq, azadlıqdan yoxdur əsər.
Anamıza amansız, atamıza düşmən
Biri dilini unutdu, biri suyunu,
Cütləşirik adsızlarla, soysuzlarla.
Haram qatırıq qanımıza,
Od vururuq yuxumuza, varmıza.
Əjdaha tək udur günü-gündən məni bu,
Sabah mən oyam, o sən deyil
Mənə deyir, vətəndaş deyilsən
Kiracısan-kiracı.
Sümürülürəm zəlilər əlilə
Vergi, bahalıq, yasaqlar, işsizlik
Bir də yabancı dil, yabancı hava,
Arvad bir hava, çocuq bir hava.
Sənin ayağın elə bil topraqda deyil,
Altında püflənmiş hava sari.
Hər sabah qalxanda çalır səni o arı tək,
Kiracıyam, vətəndaş burada
Hələlik ümidsız fani dünyada.

Bir bədəndə ruh kimi,
Bir canda döyünən ürək
Hər axşamlar
Yarını gözləyərək
Can atır, canımız.
Qovuşmaq, düşüncəmiz!
Bizi:
Söküb atmaq olarmı?
Ey mavi duyğulu, gözəl yurdum!
Yorğun ürək solmuş üzləri
Tikan olub gözə batırsan,
Lalə olub dağları bürüsən.
Nə incə duyğu
Sımsıcaq ürək çırpıntısı
Uc alacaq bir gün günəşdən
Sənin amalın
Qaranlıqda üskürdəcək işığı,
Ancaq! Daha amansız,
İçimizdən qopan həzin fəryad səsi
əksildəcək hündür dağların heybətin
və....
yüksələcək hər gün inamımız!
Bir yol
Həyatın acı anında
Bir yol ayrımında
Sən məni qayıb etdin,
Mən isə səni.
Qızaran bir şafaq yerində
Şəklini görərkən
Uzaqlara dalmış kövrək ürəyim
Sənin yanmış, kül olmuş
Xatirələrin qürubun küləyinə sovurdu
Açılmamış sabahın
Çalxalanan iztirabında
Sanki diriləcək ölü kimi
Sən mən deyə can verəndə
Mən də sən dedim vətən.
Heç qızmar günəşə isinmədim,
Həp soyuğuna əzildim
Sənə vurulduğum üçün
Həm səndən, həm sevgimdən oldum.
Yağmurlu baharın, sərt qışın
Unudulmalı varlığım var...
Olmağım çünki bir ay hilalı
Kimi qaşlarımın arasında
Beynimə işlədin
Lap ana südü kimi
Həm də ata sevgisi qədər
Yolumuz birdi ayrı olsaq da,
Gözlən ən yayda
İnanıram bu gələcək payızda
Yenə son qışa aludə
Deyəcək bu can-o can
Dözümlü ol, inan, inam və dözüm
Yolun bu yolçunun könül dirəyi.
Günəş
Bizim üçün heç doğmamış Günəş,
Gündüzü görmədən gecəni
Bağrına basdı.
Buzlu dənizlərin soyuğundan
Üşümüş Günəş.
Aydan belə utanır kimi
Ulduzlara salam vermədən
Gecdi...
Gecənin qaranlığında boğulan
Günəş
Bir daha tələsmədən
Batmamışam, gündüz, deyə
Yenə səhər olacaq.
Dan yeli əsəcək
Ulduzlar sirişib
Ayın qarşısına düzülüb
Gündüzə əlvida deyəndə
Yenə var olacaq,
Ucalacaq,
Həsrətləri unudacaq
Günəş.
Bir daha gündüz batmayacaq günəş!
Bir daha Günəş gündüz sönməyəcək...

 





21.06.2019    çap et  çap et