525.Az

Respublika fənn olimpiadaları qalibləri mükafatlandırılıb


 

CEYHUN BAYRAMOV: "BU İLDƏN OLİMPİADA NƏTİCƏLƏRİ MƏKTƏBLƏRİN REYTİNQ BALLARININ HESABLANMASINDA NƏZƏRƏ ALINACAQ"

Respublika fənn olimpiadaları qalibləri mükafatlandırılıb<b style="color:red"></b>

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, deputatlar, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadalarının nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. O bildirib ki, fənn olimpiadalarına maraq ildən-ilə artır: "2018-2019-cu tədris ilində olimpiadaya 30 000-dən çox şagird qatılıb. Olimpiadaların nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla, ümumilikdə, 299 nəfər qalib elan edilib".

Qalibləri təbrik edən təhsil naziri Ceyhun Bayramov son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. O bildirib ki, bu sahədə islahatlar 2014-cü ildən başlayıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb. Nazirin sözlərinə görə, beynəlxalq olimpiadalarda nəticələr ildən-ilə yaxşılaşır və qısa müddətdə mühüm nailiyyətlər əldə edilir. Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir.

Nazir bildirib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq təhsil müəssisələrinin və yerli təhsili idarəetmə orqanlarının prioriteti olmalıdır: "Artıq bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq. Bu da məktəblərin və müəssisə rəhbərlərinin həvəsləndirilməsi üçün əsasdır".

İstedadlı uşaqların aşkar edilməsi istiqamətində görülən işlərdən də danışan C.Bayramov çıxışının sonunda bütün qalibləri təbrik edib və onlara uğurlar arzulayıb.

Mərasimdə Respublika fənn olimpiadaları iştirakçılarının və onların müəllimlərinin bilik yarışmasının təşkili və keçirilməsi ilə bağlı təəssüratlarının əks olunduğu videoçarx nümayiş etdirilib.

Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya - "Birincilərin birincisi"nə, ümumilikdə, olimpiada qaliblərinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

S.QARAYEVA

 





21.06.2019    çap et  çap et