525.Az

Ekzistensializm etüdləri - Taleh Eminoğlu yazır


 

2-ci YAZI

Ekzistensializm etüdləri - <b style="color:red">Taleh Eminoğlu yazır </b>

Ekzistensializmin yaranması və növləri 

Ekzistensializmin (varoluşçuluğun) meydana çıxması, ümumilikdə bu anlayışın kim tərəfindən və nə zaman yaradılması məsələsi də onun nə olması kimi mübahisəli, bir o qədər də qarışıq mövzudur. Belə ki, bu fəlsəfi cərəyanın özündə ehtiva etdiyi xüsusiyyətlərə istər mifologiyada, istər səmavi dinlərin müqəddəs mətnlərində, istərsə də antik dövr fəlsəfi düşüncəsində rast gəlinir. "Bəs bu ekzistensializmin o zamanlardan başladığı deməkdirmi?" sualına cavab həm "hə", həm də "yox"dur. Yəni o dövrdə haqqında danışılan varlıq anlayışı bu gün ekzistensializmin özünü (mahiyyətini) meydana gətirən varlıq deyil, amma ona aparan cığırdır. Bir çoxları Aristoteldə qarşılaşdıqları varlıq düşüncəsini ekzistensializm kimi başa düşür ki, bu da səhv fikirdir. Bu, eyni zamanda, varolmağı dini mətnlərdə axtaranlara da aiddir. 

Ekzistensializmin hansı dövrdə və kim tərəfindən meydana gətirilməsi barədə bir çox filosofun və fəlsəfə tarixçisinin ortaya atdığı fikir var.

Başda alman əsilli amerikalı filosof, teoloq və sosialist Paul Yohannes Tillix olmaqla bir çox aydın, ekzistensializm cərəyanının sənayedə insan əməyinin maşınlara uduzduğu andan meydana gəldiyini iddia edir. Əl əməyinin dəyərsizləşməsi nəticəsində, insan, tədricən, hiss edilməyəcək sürətlə şüurunu, mənliyini, şəxsiyyətini itirməyə başlayır. Söndürüb-yandırdığı, sağa-sola hərəkət etdirdiyi qurğunun bir parçası olur. Qurğunu əsir etmək əvəzinə onun əsirinə çevrilir. İnsan əşyaya çevrilir. P.Y.Tillix kimi sosialistlər ekzistensializmin insan əməyinin azalması nəticəsində yarandığını desələr də, məsələyə qeyd etdiyimiz tərəfdən baxmırdılar. Onların fikrinə görə, sənayedə insan əməyinin azalması, qurğuların çoxalması insanı nəsnələşdirmirdi. İnsanı ekzistensializmə sürükləyən bu deyildi. Əksinə, qurğuların köməyi ilə insan daha çox məhsul əldə edirdi və bu zaman ictimai istehsal səviyyəsi ilə xüsusi mülkiyyət səviyyəsi arasında fərq yaranırdı. Bu iki səviyyə arasında balansın pozulması, tarazlığın bərpa edilməməsi insanı ona yad, mənasız, müdafiəsiz mühitə salırdı ki, bu da onu ekzistensializmə, öz varlığını axtarıb tapmağa, mühakimə etməyə sürükləyirdi. Bu vəziyyətlə üzləşən insan, Jan-Pol Sartrın dediyi kimi, "tarix adlı arabaya heyvan kimi qoşulmuş, müharibələri və ölümünü gözləyən varlıq" olurdu.

Bu yerdə bir haşiyəyə çıxıb qeyd etmək istəyirəm ki, hədəfləri eyni olsa da, getdikləri yollar, tətbiq etdikləri üsullar başqa olan Marksizm və Freydizm də pozulmuş bu balansların yaratdığı cərəyanlardır.

Filosof Emmanuel Munenin fikrinə görə isə ekzistensializmin kökləri Sokrata, Müqəddəs Avqustinə qədər uzanır.

Fransız filosof Henri Arvon isə ekzistensializmin yaranmasını anarxist Maks Ştirnerlə əlaqələndirir. Buna səbəb isə Maks Ştirnerin anarxizm dünyagörüşünün fərdə və fərdiyyətçiliyə əsaslanmasıdır ki, bu da ekzistensializmin təməlini əmələ gətirən xüsusiyyətlərdən biridir.

İstər P.Y.Tillixin, E.Munenin, istər H.Arvonun, istərsə də, qeyd etmədiyim bir neçə fəlsəfə tarixçisinin və filosofun ekzistensializmin yaranması, mənbəyi haqqında irəli sürdüyü fikirlər az da olsa özündə doğruluq payı daşıyır. Belə ki, varlıq haqqında düşüncələr ən qədim zamanlardan aid olduğu dövrə görə müxtəlif formalarda, müxtəlif suallar və cavablar halında mövcud olmuşdur.

Fransız filosof Jan Bofre isə ekzistensializm cərəyanının banisi kimi danimarkalı filosof Soren Kyerkeqorun adını çəkir. Bu fəlsəfə tarixində böyük çoxluqla qəbul edilmiş məsələdir. Lakin Soren Kyerkeqorun bu fəlsəfi cərəyanın banisi olması çox sonralar, onun ölümündən illər keçdikdən, əsərləri tədqiq olunduqdan sonra ortaya çıxmışdır. Buna səbəb isə təəccüblü olsa da, Kyerkeqorun o dövrün fəlsəfə dili olan alman dilini bilməməsi, əsərlərini bu dildə yazmamasıdır. Bu məsələ gün işığına çıxana kimi isə belə qəbul edilir ki, ekzistensializm XIX əsrin sonunda Almaniyada Fridrix Nitsşe, Maks Şeler, Fransada isə Henri Berqson, Leon Bryunsvik, Moris Blondel tərəfindən yaradılırdı.

1813-1855 tarixləri arasında yaşamış Soren Kyerkeqor tərəfindən əsası qoyulan (O, varlıq barədə olan bütün düşüncələri ümumiləşdirmiş, qismən sistemə salmış, varlıq dedikdə nəyin nəzərdə tutulduğunu az da olsa ortaya çıxarmışdır) ekzistensializm qəribə olsa da, ən yaxşı dövrlərini Birinci və İkinci dünya müharibələrindən sonra yaşamışdı. Buna səbəb insan, varlıq üzərindən çıxış edən ekzistensializmin müharibələrdən sonra boşluğa düşən, özünü mənasız hiss edən, həyatın mənasını, öz kimliyini itirən, şəxsiyyət kimi yox olmaq təhlükəsi qarşısında qalan bəşəriyyətin ümidi olması idi.

Bəs Soren Kyerkeqor ekzistensializmin əsasını necə qoymuşdu? Atası qatı dindar olan Kyerkeqor onun təsiri altında dini təhsil almışdı. Uşaqlığı və gəncliyi dini mühitdə keçən Kyerkeqor xristianlığın İsanın qoyduğu yolda olmadığı, məcrasından çıxdığı fikrini irəli sürərək onun yenilənməli olduğunu düşünürdü. Onun fikrincə, tanrı anlayışı kütləvi deyil, fərdi olmalı idi. Hər kəs tanrıya eyni cür inana bilməzdi. Yəni o qəbul edirdi ki, gediləcək ünvan hamı üçün bir olsa da, ora gedən yollar fərddən fərdə dəyişməli idi. Zamanla bu düşüncəsini sistemləşdirən və inkişaf etdirən Kyerkeqor, tanrını və insanı fərdləşdirdi, fəlsəfi təlimində fərdi mərkəzi obyekt kimi dəyərləndirdi.

Eyni zamanda, S.Kyerkeqor fəlsəfi düşüncələri ilə həm də alman filosofu Georq Vilhelm Fridrix Hegel fəlsəfəsinə qarşı çıxırdı. Onun dialektikaya əsaslanan, fərdi gözardı edən fəlsəfəsini qəbul etmirdi. Bir çox əsərini Hegeli və hegelçiliyi təndiq üzərində qurmuşdur. Başqa cür desək, ekzistensializm, Kyerkeqorun Hegel fəlsəfəsinə qarşı olması (fərdə dəyər verməmək) formasında yaranmışdı.

Yuxarıda qeyd etdiyim kimi, müharibələr ekzistensializmin daha geniş kütləyə çatmasında olduğu kimi onun yaranmasında da böyük rol oynamışdı. Belə ki, 1700-cü illərin sonunda Kopenhagendə baş vermiş iki dəhşətli yanğın, 1801-ci ildə Böyük Britaniya Kral Donanmasının şəhəri bombardman eləməsi və ölkədə baş verən iqtisadi böhran danimarkalıları mənəvi cəhətdən dəyişilməyə, yenidən varolmağa sövq edirdi. Bu dəyişiklik istəyi ilk növbədə özünü rəssamlıqda, ədəbiyyatda, musiqidə, fəlsəfədə və bir çox digər sənət, düşüncə sahələrində göstərdi. Gəncliyi belə bir keçid dövrünə təsadüf edən Soren Kyerkeqor da cəmiyyətin üzləşdiyi mənəvi böhranın həll yollarını hər kəsin öz məsuliyyətini dərk etməsində, fərdiyyətçilikdə görürdü.             

Bütün bu sadaladıqlarımız onu ekzistensializm cərəyanını yaratmağa gətirib çıxardı.

Ekzistensializmin növləri

Ekzistensializm fəlsəfi cərəyanı özlüyündə iki növə ayrılır:

1. Dini ekzistensializm (daha doğrusu, xristian) - İnsan sadəcə tanrı qarşısında fərddir, onun üçün vardır.

2. Ateist ekzistensializm (tanrıtanımaz) - İnsan doğulur, yaşayır, təcrübə qazanır və bunun sayəsində var olur.

Birinci qrupa Soren Kyerkeqor başda olmaqla alman filosoflar - Karl Yaspers, Maks Şeler, Edmund Husserl, Paul Lüdviq Landsberq, isveçrəli filosof Karl Bart, fransız filosoflar Henri Berqson, Moris Blondel, Qabriel Marsel, Rene Le Senne, Şarl Peqi, rusiyalı filosoflar Lev İsaakoviç Şestov, Nikolay Berdyayev, Vladimir Solovyov aiddir.

İkinci qrupda isə alman filosoflar Fridrix Nitsşe, Martin Haydegger, fransız filosoflar Jan-Pol Sartr, Simona de Bovuar, Merlo Ponti yer alır.

Ekzistensializm fəlsəfə cərəyanının geniş kütlələrə çatmasında, dərk edilməsində xüsusilə ədəbiyyat və rəssamlıq böyük əhəmiyyət kəsb edir. Yazarlardan Franz Kafka, Alber Kamü, Gi de Mopassan, Edqar Alan Po, Robert Muzil, şairlərdən Şarl Bodler, Rilke, Artur Rembo,Tomas Eliot, Fridrix Hölderlin, hətta Uilyam Şekspir, rəssamlardan Van Qoq, Jorj Ruo kimi dahilər ekzistensializmin daşıyıcıları hesab olunur.

 





23.06.2019    çap et  çap et