525.Az

Ərtoğrol Cavid taleyi və bir ailənin dramı


 

Ərtoğrol Cavid taleyi və bir ailənin dramı<b style="color:red"></b>

Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 18-də Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Bu Sərəncamla Ərtoğrol Cavidin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilməsi və "Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı"nın təsdiq edilməsi qərara alınıb. Bəs Ərtoğrol Cavid kimdir və onun Azərbaycan xalqı üçün xidmətləri nədən ibarətdir?

"Babam (Hüseyn Cavid) bir günəş idi. Yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Buludlar onun atəşli işıqlarını udmaq istədilər..." - Azərbaycan romantizminin aparıcı simalarından olan Cavid Əfəndi haqqında oğlunun 1939-cu ildə yazdığı bu fikirləri atasından daha az ömür yaşamış, incəsənətin bir neçə sahəsində misilsiz istedadı ilə yaddaşlarda qalan Ərtoğrol Cavidin özünə də tərəddüdsüz aid etmək olar. Rəsmi şəkildə olmasa da, ötən əsrin 30-cu illərinin amansız repressiyasına məruz qalan, cəmi 24 il çoxşaxəli fəaliyyət göstərən bu istedadlı gənc "xalq düşməni"nin övladı olması səbəbindən cəbhəyə alınmaq əvəzinə Gürcüstana fəhlə batalyonuna göndərilmişdi.

Burada həm ağır iş şəraiti, həm güclü soyuqlaması, həm də yaxşı qidalanmaması onun sağalmaz xəstəliyə düçar olmasına və qısa zaman içində bu xəstəliyin şiddətlənməsinə səbəb olub. Bu zamanlar Ərtoğrol Cavidin həqiqətən də, misilsiz istedadıyla Günəş kimi parladığı vaxtlar idi. Belə ki, həm atasının məsləhət və tövsiyələrini nəzərə alaraq bədii yaradıcılıqla, həm dahi bəstəkar Üzeyir Hacıbəyovun və Bülbülün rəhbərliyilə bəstəkarlıqla məşğul olmuş, həm qrafika üsulu ilə, portret janrında bənzərsiz rəsm əsərləri yaratmış, folklor toplayıcısı, bir sıra mətnlər üzərindəki rəylərinə əsaslanaraq demək olar ki, həm də musiqişünas kimi uğurlu addımlar atmışdı.

Ərtoğrol Cavid 22 oktyabr 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının çiçəkləndiyi bir dövrdə Bakıda böyük romantik şair və istedadlı dramaturq Hüseyn Cavid Rasizadənin ailəsində dünyaya göz açıb. Anası Mişkinaz xanım çox güclü hafizəyə malik, son dərəcə müasir dünyagörüşlü, zəngin mütaliəyə malik bir qadın olub. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simaları olan Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Abdulla Şaiq, Ömər Faiq Nemanzadənin tez-tez gəldiyi, ədəbiyyat, şeir söhbətlərinin, mübahisələrinin, dünya ədəbiyyatının şedevrlərinin müzakirəsinin yer aldığı bu ədəbi məclislər ailənin ilk övladının incəsənətə, bədii ədəbiyyata, xalq ədəbiyyatına tükənməz sevgisinin yaranmasına təkan verib. Ərəb əlifbasını ailə üzvlərinin hamısına sıra ilə mənimsədən böyük ədib övladlarını hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmağa xüsusi diqqət yetirib. Ailə üzvlərini müntəzəm şəkildə teatr tamaşalarına aparmaqla kifayətlənməyən ədib tamaşaların onlarda yaratdığı təsirlə, gənclərin əsəri necə anlamaqları ilə bağlı suallar verərmiş.

Bu barədə Turan Cavid "Atam haqqında xatirələrim"də yazır: "Ərtoğrol məndən bir neçə yaş böyük olduğuna görə və yaxşı hazırlığına görə onun cavabları daha doğru və əsaslı olurdu. Bizi dinlədikdən sonra özü gördüyümüz tamaşanı təhlil və izah etməyə başlar, çox maraqlı fikirlər və mülahizələr söylərdi".

Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsində təhsil aldığı illərdə müəllimi olmuş akademik Məmməd Cəfər Cəfərov Ərtoğrolun tənəffüslərdə də həmişə sinif otağında olduğunu, qarşısında nadir kitablar (hətta bəzilərini müəllimlərinin belə mütaliə etmədiyi - A.O.), dəftər, əlində qələm nəsə oxuduğunu, düşündüyünü, müəllimlər arasında çox böyük hörməti olduğunu yazmışdır: "O, heyranedici idi, onun çalışqanlığı, mütaliəsi və hərtərəfli inkişaf etmiş adam olması çox yaxşı təəssürat yaradırdı". 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra o, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olub. Onun müəllimi - dahi bəstəkar, konservatoriyanın rektoru Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları"ndan gənc Ərtoğrola dərin bilik vermiş, onun bu sahədə fitri istedadı olduğunu dönə-dönə qeyd etmişdi. Bəstəkarlıq sahəsində də Ərtoğrolun ilk uğurları sevimli müəlliminin rəhbərliyi altında həyata keçmişdi. Son dərəcə mədəni, təvazökar, sakit təbiətli bir insan olan Ərtoğrol çox gözəl piano, fortepiano çalar, skripkanı bir alət kimi dərindən duyar, onun bütün imkanlarından istifadə edərmiş.

Ailəsinin maddi ehtiyaclarını ödəməkçün gənc Ərtoğrol tələbəlik illərindən  Azərbaycan opera müğənnisi, Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbül tərəfindən konservatoriyada xalq musiqisinin tədqiqatı ilə məşğul olan Musiqini Elmi Tədqiqat Kabinəsinin üzvü kimi - elmi işçi vəzifəsində böyük həvəslə çalışmışdı. O, ölməz müğənnimiz Bülbül ilə birlikdə Azərbaycanın bir sıra rayonlarına olan folklor ekspedisiyalarında iştirak etmişdi. Ərtoğrol Cavid bütün toplama materiallarına çox ciddi və məsuliyyətlə yanaşmış, onların məziyyətləri ilə yanaşı, nöqsanlarını da nəzərə çatdıraraq arzu və təkliflərini bildirmişdi. Bu tənqidi qeydlər onun Azərbaycan etnoqrafiyasını, folklorunu və musiqi sənətini dərindən bildiyini və şifahi xalq ədəbiyyatının estetik-tərbiyəvi əhəmiyyətinə yüksək dəyər verdiyini sübut etməkdədir. Hüseyn Cavidin Bakı şəhərindəki Ev Muzeyində saxlanan həmin materiallar əsasında 2011-ci ildən başlayaraq 13 cildlik  "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" adlandırılan toplu nəşr olunub, burada Ərtoğrol Cavidin materiallar üzərindəki tədqiqatını ilkin dəyərləndirən müqəddimələr də öz əksini tapıb. Nəşrin tərtibçisi filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, fars dilində olan mətnlərin tərcüməçisi və redaktoru isə akademik Teymur Kərimlidir.

Ərtoğrol Cavid həmçinin, 1941-1942-ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib. Gənc Ərtoğrol qələmini nəsr, dramaturgiya və poeziya sahəsində də sınamış, "Eqoistin taleyi" adlı bir pyes yazmışdır. Xalq mahnılarını, el havalarını nota köçürmüş, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya almış, öz yaradıcılığında onlardan qidalanmışdı. İlk böyük əsəri fortepiano üçün yazılmış və Üzeyir Hacıbəyova ithaf olunmuş "Doqquz Variasiya"dır. Skripka ilə fortepiano üçün poema, Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və başqa şeirlərinə romans və mahnılar bəstələmişdi. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladası və marşlar yazmış, lakin "Şeyx Sənan", "Məhsəti" operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalıb. Ərtoğrol Cavid "Şeyx Sənan" operasının birinci pərdəsinin librettosunu da yazmışdı. Sonralar bu əsərin tamaşasına onun tələbəlik dostu Fikrət Əmirov musiqi bəstələyib.

Ərtoğrol Cavid bir sıra məşhur Azərbaycan xalq mahnılarını - "Dağlarda çiçək", "Uca dağlar", "Sona bülbüllər", "Ceyran bala" və digərlərini nota salıb, Avropa və rus bəstəkarlarının romans və mahnılarını Azərbaycan dilinə tərcümə edib. Bacısı Turan xanım yazmışdır: "Fikrət Əmirov Ərtoğrol Cavidin Musiqini Elmi Tədqiqat Kabinəsində işlədiyi illərdə yazdığı professional rəylərə əsaslanaraq demişdi ki, Ərtoğrul yaşasaydı, gözəl bəstəkarmı, yaxud musiqişünasmı olacağını demək çətindir. Bəstəkarlar içərisində ədəbiyyatı, folkloru, dili, mətni onun səviyyəsində bilən yox idi".

Ərtoğrol Cavid 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağırılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdir. Çox güclü soyuqdəymə nəticəsində Gürcüstanda bir müddət xəstəxanada yatıb, professor Əziz Şərifin köməkliyi ilə nəhayət Naxçıvana gətirilsə də, yaxşı qidalanmaması və digər maddi səbəblərdən 24 yaşının tamam olmasına bir həftə qalmış - 14 oktyabr 1943-cü ildə Naxçıvanda "ağrılı-acılı, dərdli, nisgilli bir halda, atası oğlundan, oğul atasından bixəbər dünyadan" köçüb. Məzarı ölümündən 53 il sonra - 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülüb. Ərtoğrol Cavidin şəxsi arxivi Bakıda AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılır və nümayiş olunur.

Azərbaycanda Ərtoğrolşünaslığın tarixi XX əsrin 80-ci illərindən başlayır: "Böyük Cavidin həqiqi bəraəti xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1981-ci ildə onun 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi tarixi qərardan sonra baş tutduğu kimi, Ərtoğrol Cavidin də həqiqi bəraəti və onun haqqında layiq olduğu sözlərin deyilməsi və yazılması məhz keçən yüzilliyin 80-ci illərindən sonra gerçəkləşdi". Beləliklə, Ərtoğrolşünaslığın tarixi o qədər də qədim olmayıb, 50 ilə yaxın bir dövrü əhatə edir.

Belə ki, Ərtoğrol Cavidin musiqi yaradıcılığı barədə ilk dəfə Azərbaycanın Xalq yazıçısı Anar bəhs edib. "Böyük sənətkarın sənətkar oğlu" adlanan həmin məqalədə Anar yazır: "Üzeyir Hacıbəyov haqqında ssenari üzərində iş zamanı arxiv materialları ilə tanış olarkən Ərtoğrol Cavidin Cəlal Bağdadbəyovun "Azərbaycan musiqisinin keçmişi haqqında xatirələr" əlyazmasının və Cabbar Qaryağdıoğlunun Azərbaycan klassik musiqisi ilə əlaqədar materiallarının sonunda bu əsər haqqında qısa, yığcam, professional səriştəylə yazılmış rəylərə və "Ərtoğrol Cavid" imzasına rast gəldim. 1938-1939-cu illərdə hazırlanan "Azərbaycan musiqisi tarixi oçerkləri" proyekti haqqında da dəqiq mülahizələrə əsaslanan bir rəy yazmışdır".

Əslində, Anarın həyat yoldaşı, görkəmli musiqi tədqiqatçısı Zemfira xanım Səfərova tədqiqat işi apararkən 40-cı illərə aid materiallarda "Ərtoğrol" imzasına ilk dəfə rast gəlib, bu imza ilə bağlı Anardan soruşub. 40 ildən sonra ilk dəfə Zemfira xanım və Xalq yazıçısı Anar onun arxivini Turan xanımdan əldə edə biliblər. Bir qədər keçdikdən sonra 1980-ci ilin noyabr ayında "Ədəbiyyat və incəsənət" qəzetində Anarın son dərəcə böyük bir ürək ağrısı, həssaslıq, məhəbbət və səmimiyyətlə yazılmış həmin bu yazısı çap olunub. Turan xanım qeyd edib ki, əgər Zemfira xanım Ərtoğrolun yazılarına rast gəlməsəydi və sonralar onun gördüyü işlərin qiymətinin nə dərəcədə yüksək olduğu bəlli olmasaydı, kim bilir, bəlkə mən də bunu uzun illər aşkar etməyə çəkinər və göstərməzdim. Məqalə müəllifi: "Sənətkar ölümü ağır itkidir, amma ömrünün, istedadının çiçəkləndiyi dövrdə dünyayla vidalaşmış şairin, nasirin, rəssamın, bəstəkarın vəfatı - ikiqat yandırır"- qənaətinə böyük sənətkarın istedadlı davamçısı Ərtoğrolun məktublarının birində ifadə olunmuş "daha ağır dərd ayrı düşüb qəriblikdə həsrətlə ölməkdir"  fikri də əlavə olununca bu vətənpərvər, qeyrətli, istedadlı gəncin həyatdan nakam getməsinə nə qədər təəssüflənir insan. İstedadlı gənc atasının dost-tanışlarından, qohumlardan - bir sözlə, hər kəsdən ümidini kəsərək "ölümündən bir az əvvəl Naxçıvandan evlərinə yolladığı məktubu "Kimsəyə salam söyləməyin" - deyərək tamamlayır. 

(Ardı var)

Aygün ORUCOVA
Filologiya üzrə fəlsəfə doktoru (AMEA Naxçıvan Bölməsi)

 





27.06.2019    çap et  çap et