525.Az

Görmə imkanları məhdud uşaqlar üçün “Danışan kitab” saytı və mobil tətbiqi təqdim edildi


 

Görmə imkanları məhdud uşaqlar üçün “Danışan kitab” saytı və mobil tətbiqi təqdim edildi<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” üzrə sifarişi əsasında həmin kateqoriyadan olan uşaqlar üçün hazırlanmış “Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub.

“Report” xəbər verir ki, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, bir sıra özəl şirkətlərin təmsilçiləri iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbiri giriş sözü ilə açaraq sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının da prinsipləri nəzərə alınmaqla aparılan işlərin miqyası ildən-ilə genişlənir. Həmin işlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə qeyri-hökumət qurumları tərəfindən icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri də önəmli yer tutur. Belə layihələrdən biri kimi, “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” üzrə sifariş əsasında “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən “Danışan kitab” saytı və saytın mobil tətbiqi də hazırlanıb.

Nazir müavini qeyd edib ki, məqsəd əsərlərin tanınmış aktyorlar tərəfindən səsləndirilməsi yolu ilə görmə imkanları məhdud uşaqların hər hansı haqq ödəmədən müasir avadanlıqlardan istifadə edərək, bədii və elmi ədəbiyyatın müxtəlif nümunələrini dinləmələrinə şərait yaradılmasıdır. Bu da onların cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının dəstəklənməsinə xidmət edir. Sayt həmin uşaqların informasiya əldə etmək imkanlarını asanlaşdırır, onlara müxtəlif əsərləri kompyuter və telefon vasitəsilə rahat şəkildə dinləməyə imkan yaradır.

A.Kərimov Prezident cənab İlham Əliyevin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında”      1 iyun 2019-cu il tarixli Sərəncamından da bəhs edib. O bildirib ki, bu Sərəncam ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər həssas qruplar üçün sosial xidmətlər sisteminin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə, onların ehtiyaclarına uyğun sosial xidmətlərdən faydalanmaları üçün yeni mərkəzlərin yaradılmasına imkan verir.

Nazir müavini Sərəncamla görmə imkanları məhdud uşaqlar üçün də yeni sosial reabilitasiya mərkəzlərinin yaradılacağını deyib.

Sonra yeni saytın və mobil tətbiqinin video təqdimatı olub.

Saytda görmə imkanları məhdud uşaqların ehtiyacları, mütaliə zövqü nəzərə alınmaqla, saytda Azərbaycan və dünya müəlliflərinin seçilmiş əsərləri Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlının, Əməkdar artistlər Vidadi Həsənov və Hüsniyyə Mürvətovanın, “Yuğ Dövlət Teatrı”nın aktyoru Amid Qasımovun ifasında səsləndirilərək təqdim edilir. Saytın xüsusi mobil tətbiqində sadə istifadə imkanı mövcuddur və bununla barabər, inklüzivlik nəzərə alınmaqla, ölkəmizdə ilk dəfə olaraq səslə idarəetmə imkanı verən mobil tətbiq yaradılıb. Layihənin gələcəkdə icrası və daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

Sonra çıxış edən “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin icraçı direktoru Elxan Mərdanlı diqqətə çatdırıb ki, səsləndirilmiş kitabların hamı üçün əlçatan olması məqsədi ilə bu saytla yanaşı xüsusi mobil tətbiq də yaradılıb.

"Müasir dövrümüzdə İKT-nin həyatımızın ayrılmaz hissəsi olduğunu nəzərə alaraq, bizdə Azərbaycanda ilk dəfə olaraq səsli və toxunaraq idarə olunan və pulsuz istifadə edilən mobil tətbiq hazırladıq ki, görmə imkanları məhdud insanlar heç kimin köməyi olmadan bundan rahat şəkildə istifadə edə bilsinlər. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə sosial sahəyə diqqət və qayğısı nəticəsində həyata keçirilən islahatlar çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə icra olunan bu layihə BMT-nin Uşaq Hüquqları və Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvesiyaların icrasına da öz töhvəsini verir. Layihə bu il də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə davam və inkişaf etdirilir".

"Hazırda masaüstü kompyuterləri mobil telefonlar əvəzlədiyi bir dövrdə yaşadığımızı nəzərə alsaq, bu layihənin daha da inkişaf etdirilməsi üçün ölkəmizdə fəaliyyət göstərən mobil operatorları da əməkdaşlığa dəvət edirik", - deyə E.Mərdanlı vurğulayıb.

Tədbirdə çıxış edənlər görmə imkanları məhdud uşaqlar üçün həyata keçirilən bu layihənin, onlar üçün “Danışan kitab” saytının və mobil tətbiqinin hazırlanmasının əhəmiyyətini vurğulayıblar.

 





27.06.2019    çap et  çap et