525.Az

Həyat üçün mübarizə


 

Həyat üçün mübarizə<b style="color:red"></b>

Hər bir canlı özlüyündə mükəmməldir. Həyat isə böyük bir təcrübə otağıdır. İstər daxili orqanlarda, istərsə də onu əhatə edən ətraf mühitdə, daha doğrusu, təbiətdə hər bir kəs və hər hadisə, saat mexanizmi kimi işləyir. Hər kəsin və hər bir hissənin öz vacib funksiyası var. Onlar dayanmadan günün 24 saatı, tam bir işçi sistemi kimi fəaliyyət göstərir. Məsələn, tor hörən hörümçək, yük daşıyan qarışqa, uçan durna qatarı, at ilxısı, çay boyu axan balıq topası, şikarını dəqiqəbədəqiqə izləyən yırtıcı heyvan və s.

İnsan, onu əhatə edən bu canlı aləmdən ən mükəmməli sayılır. İnsanın dərrakəli fəaliyyətinin əsas aləti beyindir. Bu vacib orqan sözsüz ki, digər canlılarda, məsələn, balıqlarda, quşlarda, heyvanlarda, hətta həşəratlarda da mövcuddur. Lakin bununla onları insandan ağıllı adlandırmaq olmaz! İnsan beynini sehrli meşəyə bənzətmək olar. Beynin neyronlarından çıxan uzun çıxıntıları ağacın budaqları kimi bir-birinə sıx dolaşaraq, hörgü şəklində olur. Bu çıxıntılar sayəsində ayrı-ayrı neyronlar öz aralarında sinir impulsları mübadiləsi edir. Təkcə bircə dənə neyronun bu cür hörgülərinin sayı iyirmi min ola bilər. Heç bir başqa canlının beyin neyronlarının belə mürəkkəb və qəliz quruluşu yoxdur. Bununla da insan beyni başqa canlıların beynindən fərqlənir və daha mükəmməl, ağıllı canlı sayılır.

Məhz ağlı sayəsində insan ətraf mühitə tez alışır, qarşılaşdığı hadisəylə bağlı məqsədəuyğun qərar qəbul edə bilir, yaradır. Bəs görəsən, digər canlılar bunlara qadir deyilmi? Məsələn, qarışqa və ya arını xatırlayaq.

Bir qarışqa koloniyasında yumurtaların baxıldığı otaqlar, yemək anbarları, zibil saxlanılan hissələr, havalandırma sistemi, təcili vəziyyət üçün çıxışlar, körpülər, keçidlər, qovşaqlar var. Saat dəqiqliyilə işləyən bu quruluşlar, insan şəhərindən daha səliqəlidir. Mükəmməl bir işçi qüvvəsi olaraq hər qarışqa öz öhdəçiliyini yaxşı bilir və ona riayət edir. Bundan başqa, qarışqa koloniyaları arasında da müharibə olduqca geniş yayılmış vəziyyətdir. Bir-birinə yaxın yerləşən qarışqa koloniyalarında birinin qarışqaları digərinə basqın edərək, yemək anbarlarını talan edib, kraliçalarını öldürürlər. Zəbt etdikləri koloniyanın üzvlərini də öldürür və sürfələrini mənimsəyirlər. Bu sürfələr inkişaf etdikdə, təzə sahiblərinə bir kölə kimi xidmət edir və lazım olanda hücum zamanı onlardan əsgərlər kimi də istifadə olunur. Bundan başqa, köçəri qarışqa növləri də olur. Onlar öz koloniyaları olmadığı üçün, digər qarışqa koloniyalarına basqın edir və orada həyatlarına davam edirlər.


Arılar isə öz növbələrində sürfələrini yeməklə təmin etmək üçün, yuvalar qazır və zəhərlə iflic etdikləri həşəratları, məsələn, çəyirtkələri ora daşıyır və gətirdiyi şikarını yuvaya qoymazdan əvvəl, elə ağızdaca içərinin təhlükəsiz olub-olmadığını yoxlayır. Çünki özündən əvvəl orada kiminsə olma ehtimalı mümkündür. Hər şeyin qaydasında olduğundan əmin olduqdan sonra çölə çıxır, şikarını yuvaya daşıyır.

İlk baxışda bütün bu hərəkətlər insana məntiqli görünə bilər. Lakin bunların tək bir izahı var ki, o da instinktdir. Əlbəttə, insanda da instinkt var. Məsələn, təzə doğulan körpəyə ac olduğunda necə süd əmməsini heç kəs öyrədə bilməz. Körpə instinktiv olaraq buna əməl edir. Körpənin beynindəki neyronlarının çıxıntılarının və onların birləşməsinin sayı az olduğu üçün o, hələ ki, daha çox öz instinktinə güvənir.

Körpədən fərqli olaraq böyük insan daha çox ağlına, zəkasına uyğun hərəkət etməyə çalışır. Lakin bəzən üstün zəkasına baxmayaraq, yetkin insan, təbiətin faunasından fərqli olaraq, müxtəlif səbəblərdən bu həyat mexanizmini dayandıra bilər. Bəzən bu durğunluq, gərgin həyat şəraitindən, yuxusuzluqdan, yüklənən problemlərdən, uzun müddətli xəstəlikdən sonrakı beyin yorğunluğundan, mənəvi yorğunluqdan, bəzənsə məqsədsiz, primitiv həyat şəraitindən, bəzən də özlüyündə zirvədə olduğunu düşündüyü və bundan sonra təkmilləşməyə ehtiyac duymadığı üçün yarana bilər. Bir anda insan azacıq hərəkətsizliyin heç bir zərəri olmayacağını düşünə bilər. Təsəvvür edin, bir anda qarışqalar öz işini dayandırır və ölmüş həşəratları toplamır, arılar ağacların tozlanmasına səbəb olan uçuşlarını dayandırır, quşlar fəsilə uyğun köç etmədən qalır, ayılar yuxu dövrünü qarışdırır, balıqlar mayalanma üçün bir yerdən başqa yerə axın etmir və s. Sadəcə, bir gün və ya bir saat və təbiətdə inanılmaz bir xaos yarana bilər. Eynilə insan həyatında olduğu kimi. Bəzən insan bu hərəkətsizliyi, orqanizmin, beynin ehtiyac duyduğu istirahətlə qarışdırdığı üçün həyatında çox böyük problemlərin yaramasına yol açır. İnkişafdan qalır və bu, ruhunun, ağlının paslanmasına gətirib çıxarır. Sizcə, çox yorğun bir insan, istər mənən, istərsə də fiziki haldaykən qapalı bir otaqda, heç bir iş görmədən gümrahlaşa bilərmi? Sözsüz ki, yuxusuzluq problemini çıxmaq şərtilə. Məncə, yox! Çünki istər yaradıcı bir insan və ya sadəcə bir insan, hərəkət etmədən özünün və ya ətraf mühitinin həyat mexanizmini, konstruksiyasını pozmuş olar. Məsələn, köpəkbalıqları.

Köpəkbalığı - genetik kodlarına görə insanla çox uyğun olan bir canlıdır. Bu canlılar, ana bətnindən və ya yumurtadan çıxdığı dəqiqədən etibarən həyata çox israrla tutunurlar. Köpəkbalıqları heç vaxt sakit dayanmır, onlar həyatın ilk anından sonuna qədər hərəkət edirlər. Bu, onların digər sümüklü balıq orqanında mövcud olan üzmə balonunun olmamasından irəli gəlir. Köpəkbalığı suda yalnız daima hərəkət edərsə qala bilər. Hətta çox az bir müddətə o, hərəkətini dayandırarsa məhv ola bilər. O, öz əzələli quyruğunu və dalğıclarını dalğavari hərəkət etdirməzsə, digər sümüklü balıqlardan fərqli olaraq hərəkətsiz qaldığı halda qarnı ilə suyun üzünə çıxmaz, əksinə, tədricən bədənin ağırlığı, suyun təzyiq edən sıxlığına tab gətirməyib dibə çökə bilər. Yəqin bu səbəbdəndir ki, köpəkbalıqları heç vaxt yatmırlar və daim hərəkətdədirlər.

Eynilə köpəkbalığı kimi insan da hərəkətsiz qalarsa, tədricən "həyat okeanının" dibinə çökər. Bu isə onun məhvi olar. Əslində isə bütün canlılar kimi biz insanlar da hər zaman hərəkətdə olmaq instinktiylə doğuluruq. Körpəykən tam ayaqlarımız üstdə durana qədər təslim olmuruq. İstədiyimiz əşyanı əldə etmək üçün son ana qədər israrla mübarizə aparırıq. Ən pik vəziyətdə isə köməyə çağırmaqdan çəkinmirik. Ən çətin anımızda belə içdən gülərək yenidən həyata tutunuruq. Bir daha cəhd edirik. Lakin heç bir halda məğlub olmuruq. Nədənsə, böyüdükcə hər nə qədər fizioloji olaraq insan beyni inkişaf etsə də, mükəmməlləşsə də, bu sadə həyat üçün mübarizə prinsiplərini unudur. Halbuki sadəcə təbiətin qapılarını açıb, ayaqyalın, otların nəmini hiss edərək, meşənin havasını udaraq qaçmalıdır. Təbiətə doğru qaçmalıdır. Tükənmiş enerjisini təbiətdən alaraq yenidən canlanmalıdır. Çünki insan nəticədə təbiətin ayrılmaz bir hissəsidir.

 

 





05.07.2019    çap et  çap et