525.Az

Kazak, gördüyün əzab - Yaqub Öməroğlunun hekayəsi


 

Kazak, gördüyün əzab - <b style="color:red">Yaqub Öməroğlunun hekayəsi </b>

Dövri mətbuatdan  “On dollar”, “İki çinar”, “Qayğanaq və bəhməz”, “İki eynifikirli” hekayələriylə tanıdığımız və əsərlərini sevə-sevə oxuduğumuz türk yazıçısı Yaqub Öməroğlunun yeni - “Kazak, gördüyün əzab” hekayəsini oxuculara təqdim edirik.

Hekayə ilk dəfə Azərbaycanda çap olunur.

Qeyd edək ki, tezliklə Yaqub Öməroğlunun hekayələr kitabı da görüşünüzə gələcək.

Təranə Vahid

Kazak, gördüyün əzab  

- Bu hekayəni yazmalıyam, - deyə, yerimdən qalxıb böyük otağın ortasına doğru yeridim.

- Olmaz, - dedi - bundan hekayə olmaz.

- Niyə olmaz? İnsanlar bu yaşanan ağrı-acıları öyrənməsinlərmi? Bu ağrıların unudulması zalıma dəstək deyilmi? - dedim.

Özü də hekayə yazsaydı, “tapdığım mövzunu qısqandımı əcəba?” - deyə düşünərdim.

Oturduğu kreslonun qarşı tərəfinə doğru yaxınlaşaraq başını qaldırdı.

- Yazılmalıdı, əlbəttə, amma elm adamları yazsınlar. Hekayədə, romanda deyilərsə, oxucu hadisənin vahiməsini başa düşməz...

- Niyə başa düşməz ki?

- Deyilənlərin nə qədərinin gerçək, nə qədərinin qurama olduğunu təxmin etməyəcək. Ağıllarında sual işarələri dolaşacaq. Bu mövzuların elm adamları tərəfindən yazılması, oxucuya elmi mətn kimi təqdim edilməsi daha doğru olar.

*** 

Bəlkə də, haqlıydı. Yaşanan ağrılar o qədər böyük, hadisələr o qədər ağlasığmazıydı ki, hekayə kimi yazılanda oxucular bunu onları dərindən təsirləndirmək üçün uydurulmuş, şişirtmə bir əhvalat, hətta naşılıq belə sayacaqdılar. Bəs yaxşı, sənətin, ədəbiyyatın gücünü haraya qoyacaqdıq?

Yerimə oturub arxaya söykəndim. İnsanların yaşadıqları qəlbimi qovurduqca qovururdu. Bildim ki, yazmasam, rahat olmayacam. Başımı qaldırıb baxanda bu böyük ağrının ən azı mənim qədər onun da ürəyini dağladığını gördüm.

- Amma, - dedim, - elm adamları “Qazaxıstanda acından üç milyon insan öldü” - deyə yazanda hadisələrin böyüklüyünü dediklərini zənn edəcəklər. Rəqəm daha böyük olarsa, daha təsirli olacağını güman edəcəklər. Üç milyon insan! Bir insanın, hətta bir canlının aclıqdan ölməsi nə deməkdir? Aclıqdan necə ölürlər? Üç milyon candı bu! Bir də ölməyən var. Ölməyib yaşamağa məhkum olanlar... Yəni yaşayanlar... yaşadılarmı, doğrudan? Nələrin bahasına həyatda qala bildilər? Sonrakı həyatları necə keçdi?

Oturacağın ucunda dik oturmağı və özünü sıxmağı əsəblərinə hakim olmasına yetmədi. Ayağa qalxıb salonun ortasına qədər yeridi, orada dimdik durub Stalinə və onun ətrafındakılara lənət oxumağa başladı. Bir deyil, beş deyil, üç milyon insanın aclıqdan ölməsi nə deməkdir?

Bir an durub, səsini qısaraq soruşdu:

- Hekayə yox, roman yazılsa... Heç yazılmayıb, deyilmi?

Əslində, bu sualın cavabını özü də bilirdi. 

- Roman yazmaq bir yana, ölənlərin arxasıyca yas tutub ağlaya bilmədilər.

Qadağandı! Ancaq Stalin hakimiyyəti çökəndən sonra bu mövzuda yenidən danışmağa başladılar.

Gözlərini pəncərədən naməlum bir nöqtəyə dikib dərindən nəfəs aldı. Ağlından keçənləri bilmək mənim üçün çətin deyildi. Ailənizdən, dostlarınızdan, xalqınızdan üç milyon insan gözlərinizin qarşısında aclıqdan öləcək, ağlasığmaz ağrılar yaşayacaqsınız və ölən yaxınlarınızın arxasıyca ağlamaq belə sizə qadağan ediləcək. Bunları düşündüyü bəlliydi.

Yerimdən qalıxıb yanına getdim. 

- Smaqül Elübəyin aclıqdan bəhs edən “Ərafat meydanı” romanı var. Romandan sonra bir aclıq abidəsi də ucaltdılar, -  dedim.

Üzümə baxdı.

- “Kazak, gördüyün əzab!” - deyirlər, eləmi?

Acı-acı gülümsəyərək “hə” mənasında başımı tərpədim.

Kazak kəlməsini bir ucdan təkrarlayıb dururdu: “Kazak, gördüyün əzab!” Hər deyəndə ağrı, mərhəmət, qəhər, səbir - qarmaqarışıq duyğularla sinəsi enib-qalxırdı.

- Əzab, həm də nə əzab, - dedim. Hansı ana başqa uşaqlarını qurtarmaq üçün bir uşağını qurdların ağzına atar? Atar, bəs sonra necə yaşayar?! Yaşayarmı?! Belə bir əzaba can dayanarmı?!

Bildiyi hadisəni yenidən eşitmək istəyirmiş kimi üzümə baxırdı.

- O qiymətli ədəbiyyatçı professor vardı ha, onun anası eləyib, - dedim.

Xatırladı, amma mən yenə də danışırdım:

- Stalin üsul-idarəsinin xalqın əlindən bütün varlıqlarını aldığı illər... Kazak xalqı heyvandarlıqa keçinir. “Siz varlısınız” - deyə qoyunlarını əllərindən alırlar, yerdə qalanların da yunlarını istəyirlər. Xalq məcbur olub verir. Yunu qırxılmış qoyunlar qışa düşüb tələf olur. Xalqın əlində dişə vurmalı bir çöp də qalmır. Professorun anası da üç uşağıyla birlikdə qohum-əqrəbasının yaşadığı kəndə getməyə çalışır. Ataları ölmüş üç uşaq... ən böyüyü beş yaşında, kiçiyi altı aylıq... neçə gündü dillərinə bir şey dəyməyib. Uşaqlar ağlayır. Ana da acdı, hərdənbir ağlayan körpəsini əmizdirir. Ac ananın südü nə gəzir? Körpə də ac...

Canlarını dişlərinə tutaraq qohumlarının kəndinə çatmağa çalışırlar. Qış mövsümü, çöllü-biyaban qar altında. Buz kimi külək əsir. Çöllərin canavarları da acdı. Ac canavarlar uşaqların ağlaşma səsinimi eşidir, yoxsa qoxularınımı alır, bilinmir, anayla balaların yolunu kəsirlər.

Ana həyatının ən çətin sınağındadır.

Üç uşağıyla çölün ortasında ac canavarlarla üz-üzə qalan ana nə edəcək ki?

Altı aylıq ciyərparasını canavarların qabağına atır. Canavarlar əl boyda çağanı parçalayarkən, o, uşaqlarını bağrına basaraq oradan qaçır.

Hansı sözləri seçirəmsə-seçim, bu ağrını anlatmaq üçün kəlmələrin gücsüz qalacağını bilirəm. Yenə də bu anayla balaların dərdi mütləq deyilməlidir.

Səsimi ehtiram sərhədlərini aşmayacaq qədər yüksəldərək danışdım:

- İndi bu hadisə yayılmasınmı? Yaşanan bu ağrılar elmi mətnlərin “Üç milyon insan aclıqdan öldü!” - ifadəsinin içində əriyib yox olub getsinmi?

Toxunsam, ağlayacaqdı. Mən də eləydim. 

İndi oturduğumuz yerlərdən uzaqlara baxaraq dərindən nəfəs alırdıq. Hirsini, qəhərini, ağrısını səsində əks etdirərək bir kəlməni iki dəfə söylədi:

- Yaz! Yaz!

Doğrudan, mən bu dərdi necə izah edəcəkdim ki?

Kazak, gördüyün əzab!

 





12.07.2019    çap et  çap et