525.Az

Nazir: "Kollec diplomu oxşar ixtisas üzrə qəbula yüz faiz zəmanət vermir"


 

TƏHSİL NAZİRİNDƏN YENİ AÇIQLAMALAR

Nazir: "Kollec diplomu oxşar ixtisas üzrə qəbula yüz faiz zəmanət vermir"<b style="color:red"></b>

Təhsil naziri Ceyhun Bayramov kollec məzunlarının ali məktəblərə müsabiqədənkənar qəbul qərarının universitetlərə süni axınına səbəb olub-olmamasına aydınlıq gətirib.

Mətbuata açıqlamasında nazir mövcud qərarın ali təhsildə əlçatanlığı artırdığını, təhsilin müxtəlif pillələri arasında fasiləsizliyin təmin edildiyini vurğulayıb.

Təhsil naziri qeyd edib ki, kollec məzununun olması avtomatik universitetə qəbul olmasına əsas vermir:

"Subbakalavr üzrə diplomun alınması, ali təhsildə yaxın ixtisas üzrə təhsilin davamı üçün mövcud qərar müsabiqədə iştirakın minimal balını təmin edir. Bilirik ki, müəyyən ixtisaslar üzrə keçid balı müəyyənləşib. Kollec diplomu 200 bal kimi qəbul olunur. Yalnız o ixtisasa müraciət edilə bilər ki, orada həmin ixtisaslar üzrə yüksək rəqabət yoxdur. Şərt ondan ibarətdir ki, uyğun ixtisaslar olmalıdır. Yalnız o halda müraciət ola bilər ki, həmin universitetlərdə həmin yerlər boş olsun. Adətən proqnozlar onu göstərir ki, qəbul prosesi 90 faiz dolur. Təbii, bu, bütün universitetlərə aid deyil. Çünki elə hal olur, bir şəxs 500-dən çox bal toplayaraq ora daxil olur. Təbii ki, kollec məzunları bura qəbul ola bilməz. Sadəcə, ola bilər, hansısa universitetə 200 balla son yerlərə qəbul olanlar var, kollec məzunları sadəcə həmin yerə iddialı ola bilər. Amma bu da onlar üçün qaneedici deyilsə, onda universitetlərə qəbul üçün keçirilən imtahanlarda iştirak etmək olar. Odur ki, bu, kollec məzunlarına verilən şansdır. Kollec diplomunun olması oxşar ixtisas üzrə qəbula yüz faiz zəmanət vermir.  Bu, sadəcə kollec məzunlarına verilən hüquqdur. Gözləntimiz odur ki, builki qəbul zamanı bir sıra ixtisas və universitetlər üzrə bir neçə min kollec məzunu imtiyazdan istifadə edə biləcək".

C.Bayramov tədris ilinin 2 həftə uzadılmasının mahiyyətini də açıqlayıb. Nazir deyib ki, tədris ilinin 2 həftə uzadılmasının istifadə edilməsi ilə bağlı mütəmadi monitorinq keçirilir.

Təhsil nazirinin sözlərinə görə, bəzi məktəblərdə bu müddət üçün nəzərdə tutulan proqram üzrə düzgün tədris təşkil edilir:

"Elə hallar da mövcuddur ki, vəziyyətin müsbətə doğru dəyişməsinə ciddi ehtiyac var və bu, Təhsil Nazirliyini düşündürür. Odur ki, bu istiqamətdə də addımlar atılır. Həmin məsələdə valideyn və müəllim bizə dəstək olmalıdır. Çünki valideyn buna inanmayanda və qarşı çıxanda təbii ki, bu, şagirddə də əks reaksiya doğurur".

C.Bayramov xatırladıb ki, əvvəl Azərbaycanda 32 həftəlik tədris ili mövcud idi:

"Bu müddətin çox və ya az olmasını demək üçün digər inkişaf etmiş ölkələrlə müqayisə etməli idik. Gəldiyimiz nəticə o idi ki, həmin ölkələrdə orta hesabla dərs ili 36-38 həftədir. Azərbaycanda 32 həftə olan təqdirdə, il ərzində şagirdlər 4-6 həftə daha az oxuyurlar. Ümumilikdə isə bizdə və digər ölkələrdə gözlənti və standartlar eynidir. Beş həftəni orta müddət götürsək, bu, 11 il ərzinə 50 həftə edir. Bunu da tədris ilinin müddətinə böləndə təxminən 2 akademik il edir. Dəyişiklik hesabında Təhsil Nazirliyinin məntiqi odur ki, tədris ilini 2 həftə uzatmaqla 11 il ərzində əlavə 22 həftə tədris vaxtı qazanırıq. Proqramın bəlli həcmi və ağırlığı var. Bu proqramı əlavə 22 həftəyə böləndə onu daha yaxşı mənimsəmək, bir günə düşən dərs yükü az olur. 32 həftəlik dərs ili olan zaman yay tətili 3 ay yarım idi. Tədris ilinin sonu və başlanğıcı arasında uzun müddət tədris prosesinə mənfi təsiri var. Tədris ili iki həftə uzadılandan sonra kifayət qədər uzun 3 aylıq yay tətili var. Proqramın 34 həftə üçün nəzərdə tutulması istiqamətində müvafiq tədbirlər görülüb. Yeni yazılan dərsliklər bu müddətə hesablanır. Müddəti keçməyən kitabların yeniləri ilə əvəz edilməsi üçün də müvafiq metodik göstərişlər hazırlanıb və məktəblərə çatdırılıb".

S.QARAYEVA

 





12.07.2019    çap et  çap et