525.Az

Daha bir teatr mövsümü sona çatır


 

Daha bir teatr mövsümü sona çatır<b style="color:red"></b>

Azərbaycan teatrları daha bir mövsümü arxada qoymaq üzrədirlər.

Bu mövsüm teatr sahəsində əsaslı yeniliklər, müxtəlif sənət ocaqlarının səhnəsinə "ayaq açan" təzə tamaşalar, uğurlu beynəlxalq festivallarla yadda qaldı. Bəzi sənət ocaqları artıq mövsümü yekunlaşdırsalar da, bir çoxu son tamaşalarına hazırlaşırlar. Bəs görək, tamaşaçılar sevimli teatrlarının səhnəsində bu mövsümə son olaraq hansı əsərləri izləyə biləcəklər?

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümə iyulun 14-də "Qarabağnamə" tamaşası ilə yekun vuracaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşada rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edəcəklər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da 109-cu mövsümünə həmin gün yekun vuracaq.

Mövsümün son tamaşası kimi milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə dahi Üzeyir Hacıbəylinin ölməz əsəri - "O olmasın, bu olsun" iki hissəli musiqili komediyası nümayiş olunacaq.

Qeyd edək ki, sonuncu quruluşun premyerasından - 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Mədəniyyət Nazirliyinin "Zirvə" mükafatına layiq görülmüş bu tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər - Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar - Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümün son günü - iyulun 14-də üç seansda iki tamaşa ilə balacalarla sağollaşacaq.

Həmin gün balaca teatrsevərlər saat 12:00 və 14:00-da Türk nağılı əsasında hazırlanmış "Kəloğlan", saat 16:00-da isə "Qoğal" (rus dilində) tamaşasına baxacaqlar.

Səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru, Prezident təqaüdçüsü  Qurban Məsimov, quruluşçu rəssamı Əfşan Əsədova olan "Kəloğlan" tamaşasında aktyorlarından Vüsal Hüseynov, Cavid İbrahimov, Aygül Ağayeva, Araz Həsənli və Sona Quliyeva çıxış edirdilər.

"Qoğal" tamaşasının quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarovdur.

Həmin gün daha bir teatr mövsümün son tamaşası ilə səhnəyə çıxacaq. Azərbaycan Dövlət Pantomima teatrı "Kişilər və qadınlar" adlı yeni tamaşa ilə 26-cı mövsümü bağlayır. Tamaşaya quruluşu Xalq artisti Bəxtiyar Xanızadı verib.

Sumqayıt Dövlət Dram Teatrının 50-ci mövsümünün son tamaşası iyulun 19-da nümayiş etdiriləcək. Teatr yubiley mövsümünü yazıçı - dramaturq Əli Əmirlinin "Sevgilim Sumqayıt" pyesinin maraqlı səhnə versiyası ilə bağlayacaq. Xatırladaq ki, "Sevgilim Sumqayıt" tamaşası Sumqayıt Dövlət Dram Teatrı kollektivinin Sumqayıtın şəhər statusu almasının 70 illiyinə hədiyyəsidir. Lirik - psixoloji, eyni zamanda, sosial - ictimai xətləri ilə maraq doğuran səhnə əsərində bədii təxəyyüllə sənədli faktların sintezi maraqlı formada təqdim olunur. Quruluşçu rejissor, Xalq artisti Firudin Məhərrəmovun orijinal baxış bucağı əsərə yeni çalar qatır.

Şahanə MÜŞFİQ

 





13.07.2019    çap et  çap et