525.Az

"Məhşər" - böyük yazıçının dünya səviyyəli romanı


 

"Məhşər" - <b style="color:red">böyük yazıçının dünya səviyyəli romanı</b>

İsa Hüseynovun 60-cı illər yaradıcılığında başlanan kamil insan konsepsiyası özünün ən yüksək səviyyəsinə "Məhşər" romanı ilə çatdı.

XIV əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri şair İmadəddin Nəsiminin həyat və yaradıcılığı əsasında qələmə alınan "Məhşər" romanı tarixi-fəlsəfi əsərdir. Romanda o dövr Azərbaycan cəmiyyəti, ölkənin siyasi vəziyyəti, daxili, xarici əlaqələri bədii boyalarla, canlı şəkildə qələmə alınıb.

1979-cu ildə, yəni Sovet hakimiyyətinin ən coşğun dövrlərində İ.Hüseynovun Azərbaycanın qədim keçmişinə müraciət edib "Məhşər" kimi bir romanı yazması böyük cəsarət tələb edən bir iş idi. Belə ki, uzun illər tarixi gizlədilməyə, saxtalaşdırılmağa çalışılan bir xalqın belə bir romanının yazılması həmin dövr üçün böyük bir hadisə hesab edilə bilər.

Romanda iki əks qütb - Teymurləngin timsalında cəhalət, despotizm, Nəsiminin timsalında kamil insan obrazı qarşı-qarşıya qoyulub. Müəllif əqlin, kamilliyin və ədalətin gücə qalib gəlməsini oxucuya çatdırmağa nail olub.

Müəllif bu əsəri qələmə almaq üçün uzun zaman tarixi, arxiv sənədlərini, qədim mənbələri araşdırmış, oxumuş, Nəsiminin özü, həyatı, yaradıcılığı, yaşadığı dövrü, öncüllərindən olduğu təriqət haqqında ətraflı məlumat toplamışdır. Bunu yazıçının öz xatirələrində də oxuyuruq: "Moskvada Ədəbiyyat İnstitutunda oxuyanda Həsən Seyidbəyli ilə bir yerdə qalırdıq. O, həmişə pilləkənləri qalxanda Nəsiminin məşhur "Məndə sığar iki cahan" şeirini bərkdən oxuyardı. Bir dəfə qayıdıb ona dedim ki, sən məgər başqa şeir bilmirsən? Həsən də cavabında bildirdi ki, belə gözəl şeir olan yerdə başqasını oxumaq olar? Bundan sonra Nəsimi haqqında əsər yazmaq qərarına gəldim. Bakıya qayıdanda Əli Fəhmi, Mikayıl Rzaquluzadə və digər adamlarla əlaqə qurub Nəsimi haqqında məlumat toplamağa başladım. O vaxtlar Yəhya Seyidovun həyat yoldaşı Məhbubə xanım Elmlər Akademiyasının kitabxanasında müdir işləyirdi. O, hər gün kitabxananın gizli qapısının açarını bir saatlıq mənə verərdi. Mən orada Nəsimi haqqında daha nələri öyrənmədim. İndi bütün bundan sonra gəl, Nəsimi haqqında yazma".

İ.Hüseynovun "Məhşər" romanında XX əsrdən XIV əsrə nəzər salmasına baxmayaraq, əsərdəki canlı, təbii təsvirlər sayəsində oxucunu həmin dövrə aparmağı bacarır. O, altmışıncı illərdə öz yaradıcılığı ilə ədəbiyyata yeni insan obrazı, yeni mövzu istiqaməti gətirmişdisə, "Məhşər" romanının özlüyündə ədəbiyyatın yeni hadisəsi idi. O zamana qədərki bütün tarixi romanlardan fərqlənirdi. Bu fərq həm müəllifin tarixi hadisələrə yanaşmasında, həm də tarixi faktların əksində özünü göstərirdi. Əsərin əsas məziyyəti burada tarixi gerçəkliklə müəllifin bədii təfəkkürünün çuğlaşması, bütünləşib həzin kompozisiya yaratmasıdır. "Məhşər" romanı ilə İsa Hüseynov nəsri zaman, məkan və məna müstəvisində miqyasını genişləndirir.

Yarandığı dövrdə "Məhşər" romanına yanaşma birmənalı olmayıb. Belə ki, müəllifin əsərdə tarixi gerçəkliyə nə dərəcədə sadiq qalması tarixçilər, tənqidçilər və ədəbiyyatşünaslar arasında müzakirə mövzusuna çevrilmişdi. Bəziləri əsərdəki müəyyən səhnələrin tarixlə əlaqəsi olmadığını irəli sürərək yazıçını "uydurmaçılıqda" iddiham edirdilər. Əsas dəlil isə Nəsimi ilə Teymurləngin görüşməsinin tarixi faktlarda, mənbələrdə öz təsdiqini tapmaması idi. Müəllif isə tarixi sənədlərin Azərbaycan tarixini, ümumiyyətlə, dünya tarixini təhrif etdiyini iddia edir. Əlbəttə, o tənqidçilər haqlı idilər. Həqiqətən də Nəsimi ilə Teymurləngin görüşməsi tarixdə öz əksini tapmır. Lakin ədəbiyyat müəyyən mənada təxəyyülün məhsuludur. Tarixi əsərdə belə müəllifin əlavələrinə, öz baxışına rast gəlirik. Necə ki, dahi Nizami özünün "İsgəndərnamə" əsərində heç zaman Azərbaycanda olmamış fateh Makedoniyalı İsgəndəri Bərdəyə gətirib Bərdə hakimi Nüşabə ilə görüşdürmüşdü, eləcə də İsa Hüseynov Nəsimi ilə Əmir Teymuru görüşdürmək zərurəti duymuşdu. Bu, hadisələrin tarixi gedişində, obrazların həyat axışında bir rol oynamasa da, müəllifin çatdırmaq istədiyi ideyaya, fikrə bilavasitə təsir göstərirdi.

Digər qism tənqidçilər isə müəllifdən məhz tarixə fərqli yanaşmağı, "ixtiraçılıq etməyi" tələb edirdilər.

Romanın əsasında hürufi təriqətinin ideya istiqamətləri, fəaliyyəti, Nəimi, Nəsimi kimi hürufilərin öz fəlsəfi düşüncələri uğrunda mübarizələri durur. Tarixdə XIII-XIV əsrlərdə Azərbaycanda geniş yayılmış hürufilik haqqında yetəri qədər məlumat vardır. Allahın təcəssümünü insanda görən, kamil insanı ilahiləşdirən, "haqq mənəm, haqq məndədir" şüarı ilə insanları pis əməllərdən, nəfsin, ehtirasın çirkabından çəkindirməyə çalışan hürufilər uzun zaman "allahsız", "dinsiz", "kafir" adlandırılaraq təqib edilmiş, işgəncələrə, edamlara məruz qalmışdır. Əlbəttə, İsa Hüseynov bu əsəri qələmə alarkən müəllif təxəyyülündən kifayət qədər yararlanmış və hürufilik elmindən öz düşüncələri, məqsədləri üçün istifadə edib. Buna görədir ki, romandakı hürufilik elmi tarixdəkindən fərqli təsvir edilib.

Müəllif burada hürufiliyin məqsədlərini, insana verdiyi dəyəri, haqq, ədalət axtarışlarını gerçəkdən daha artıq göstərir. Bütün dinləri boş səfsəfə, təhrif adlandıran, insanın qüdrətinə, kamillik səviyyəsinə çatmış fərdin ilahiliyinə inanan İ.Hüseynov öz ideyalarını hürufiliyin məna xüsusiyyətləri ilə çuğlaşdırmağı bacarır. İnsana bu cür yüksək dəyər verən hürufilik Təbriz, Urmiya, bütün Azərbaycan kimi geniş ərazilərdə özünə tərəfdarlar tapır və getdikcə genişlənir. O dövrdə Azərbaycanda hakim olan Miranşah, Əmir Teymur hürufilərlə nə qədər mübarizə aparsalar da, təriqətin yayılmasının qarşısını ala bilmirdilər. Çünki hürufilik insana əsrlərcə həsrət qaldığı ehtiyacı olan dəyəri verir.

Romanda irəli sürülən humanizm də müəllif cəsarətinin bir təcəssümüdür. Belə ki, həmin dövrdə insana münasibətin, humanizmin prinsipləri, sərhədləri heç kimə sirr deyil. Üzdə fəhlə, kəndli, kolxozçu əməyinin təsviri humanizm kimi qəbul edilirdi. Bu mənada "Məhşər" romanı ədəbiyyatı daha fərqli bir yönə apardı. Əlbəttə, bununla müəllif zamanında çox təzyiqlərə məruz qaldı, maneələrlə qarşılaşdı. Ancaq yazdığının sona qədər arxasında dayandı, haqqını tələb etməkdən dönmədi. Zaman keçdikcə öz həqiqətini qəbul etdirməyi də bacardı.

Əsər özünün zəngin və bitkin obrazlar aləmi ilə xüsusi diqqət çəkir. Mərkəzi obraz Nəsimi olsa da, burada Fəzlullah Nəimi, İbrahim şah, Əzəm, Fatma, Yusif və digər dolğun, bitkin, tam mənası ilə xarakter səviyyəsinə qalxa bilən obrazlar yaradılıb. İstər müsbət, istərsə də mənfi sürətlər yüksək bədiiliklə təsvir edilib. Hər bir obraz xarakterindəki özünəxas xüsusiyyətləri ilə əsl insan təsiri bağışlayır. Belə ki, müsbət obrazlar belə öz səhvləri, peşmanlıqları, çılğınlıqları ilə xarakterikdirlər. Nəsimi kamil, həqiqətsevər, ağıllı, uzaqgörən lmasına baxmayaraq, bəzən səbrsizlik göstərə, hətta ustadı Nəimiyə də qarşı çıxa bilir. Eləcə də əvvəldən müsbət keyfiyyətləri ilə təsvir olunan Yusif bir zamandan sonra nəfsinə, ehtirasına yenik düşən insana çevrilir.

Bu obrazları belə dolğun və təbii edən bir səbəb də hər bir obrazın öz missiyasının, daxili aləminin, dünyaya baxış bucağının, öz istəkləri və həqiqətlərinin olmasıdır. Əmir Teymur böyük ordusu ilə birgə yola çıxır, məmləkətlər zəbt edir, döyüşlər keçirir, minlərlə insanın qılıncdan keçirilməsinə səbəb olur. Lakin o, bu əməllərinə haqq qazandıracaq həqiqətlərə sahibdir - Allahın buyruğunu, İslamı, Məhəmməd peyğəmbərin şəriətini yayır və dünya üzərində öz hakimiyyətini qurmaq istəyir. Digər tərəfdə isə Nəsimi kimi insansevər, humanist bir obraz dayanıb ki, o, heç bir dini, Allahı insandan üstün hesab etmir. Onun düşüncəsinə görə, insanları qıran bir din heç zaman onlara ədalət bəxş edə bilməz, humanizmdən danışa bilməz. Bu isə Nəsiminin həqiqətləridir. Qəribədir ki, müəllif onların həqiqətlərini, onları haqlı göstərən arqumentləri elə peşəkarlıqla sadalayır ki, oxucu bəzən kimə haqq verəcəyini qarışdırır, kimi haqlı görəcəyini bilmir. Çünki hər ikisinin həqiqətlərinə inanır.

Nəsimi şair, filosof olmaqdan əlavə, bu romanda həm də İ.Hüseynovun öz düşüncələrinin daşıyıcısıdır. İslamın təhrif qanunlarına, tələblərinə qarşı çıxan müəllif bəzən öz demək istədiklərini onun dilindən ifadə edir. O zaman Nəsimi hürufi ideyalarının deyil, müəllif düşüncələrinin carçısına çevrilir.

"Məhşər" romanı süjetin peşəkar qurulması ilə səciyyəvidir. Müəllif hadisələri sanki sözlə bir-birinə toxuyur, hörür. Bir hadisə, bir epizod romandan çıxarılarsa, boş yeri həmin an oxucunun zehnini məşğul edəcək, bütün süjet bir muncuq kimi sökülüb dağılacaq. Yazıçı tarixin ən qarışıq, dolaşıq bir əsrini 330 səhifəlik romanda təsvir edir. Burada bütün hadisələr oxucunun gözü qarşısında baş verir. O, gah hadisələrin burulğanında qeyb olur, gah romantik xəyallara dalır, gah qəzəblənir, gah nə baş verdiyini anlamır, baş verən hadisələr qarşısında çaşıb qalır, bəzən kimə inanacağını bilmir, əsərin əvvəlində rəğbət bəslədiyi bir obraza əsərin sonlarına doğru nifrət edə bilir (və ya əksinə), beləcə cəmi 330 səhifədə bütün hissləri yaşayır. Bu da əlbəttə sujetin dolğunluğundan, bitkinliyindən xəbər verir.

"Məhşər" romanının əsas məziyyətlərindən biri də bədii dilidir. İsa Hüseynovun nəsr dili çox sadədir, başa düşüləndir, oxunaqlıdır. Bu, sözügedən romanda da özünü göstərir. Lakin "Məhşər"in dili, əlbəttə, hekayə və povestlərin dilindən fərqlənir. Yazıçı XIV əsr insanının, Nəimi kimi elm adamının, Nəsimi kimi şairin, Miranşah kimi əhlikef bir hakimin, Teymur kimi əzazil cahangirin dilini ustalıqla əks etdirir. İstər müəllif, istərsə də obrazların dili quru deyil, hər kəs canlı xalq dilində danışır. Bu dil, həmçinin, romandakı hadisələrin cərəyan etdiyi tarixi dövrü də özündə əks etdirir.

Onun yaradıcılığında ləqəb, təxəllüs, ayama, "laylağı" kimi "ikinci adlara" rast gəlirik. Azərbaycan ədəbiyyatında Qılınc Qurban kimi tanınan obrazdan sonra Kollu Koxa, Cında qarı, Dəli Səməd, Çax-çux Xalıq kimi obrazlar da yarandı. Əlbəttə, təxəllüs məsələsi "Məhşər"dən də yan ötə bilməzdi. Lakin buradakı təxəllüslər fərqli idi. Əsasən, təxəllüsdən hürufilər öz aralarında danışarkən tanımamaq və ya tanıtmamaq üçün istifadə edirdilər. Elə təkcə Fəzlullah Nəimi ilə İmadəddin Nəsiminin onlarla təxəllüsü var idi. Bundan başqa, onlar öz aralarında Teymur "Div", İbrahim şahı "Adıyüksək" adlandırırdılar. "Yarı pünhan", "Karvanımızın sarvanı", "Əmin Məhrəm", "Pərvanə", "Bir adam", "Əbədiyyət atlısı", "Dərviş" kimi gizli adlar hürufilər arasında bir kodlara çevrilmişdi. Bundakı əsas məqsəd isə daim təqibdə, göz önündə olan hürufilərin öz sirlərini mühafizə etmələri idi. Məsələn, əsərin əvvəlində Nəimi öz müridlərinə bir məktub yazır. Məktubu oxuyan adi bir şəxs heç bir şey anlamaz, daha doğrusu, məktubun alt qatındakı mənanı ancaq bir hürufi başa düşə bilər. Müəllif özü isə məktuba belə aydınlıq gətirir: "...Məktubdakı rəmzlər də hamıya məlum idi: "Allah" Fəzlə, uca minbər - şah təxtinə, "Adıyüksək" - şahın özünə, "Bir adam" - Şeyx Əzəmə, "Ordu" - teymurilərə işarə idi. "Namaz qılmaq" isə gizlin danışıq demək idi".

Əvvəldə də qeyd etdiyimiz kimi, romanda yazıçı hürufilik təriqəti adı altında insan, bəşəriyyət, din, Allah haqqında öz düşüncələrini qələmə alıb. "Məhşər"dən az sonra yazılan "İdeal" əsərində qoyulmuş problemlərin rüşeymlərini biz məhz bu romanda tapırıq. Əbəs yerə demədik ki, Nəsimi çox yerdə müəllif düşüncələrinin carçısına çevrilir. Bəli, yazıçı özü də etiraf edir ki, o, Nəsiminin şəxsiyyətini araşdırarkən onda məhz özünü tapmışdı. Nəsimi insan fəlsəfəsi, bəşəri ideyaları, insanın yaradılışındakı möcüzə və ilahilik axtarışında məhz İsa Hüseynovun özü idi.

 





13.07.2019    çap et  çap et